Məni (Xəstə Qasım)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məni (Xəstə Qasım)
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı (2011). Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi (az). Azərnəşr. Yoxlanılıb 2018-08-06.

Qəriblikdə qəmxarımsan, əzizim,
Yetirəsən bir də dosta naməni.
İkidilli yardan həzər eylərəm,
Salar dildən-dilə, dastana məni.

Qarşı durdum, Leyli dağı göründü,
Boyun tək sürahi sağı göründü;
Qoynunda şamama tağı göründü,
Bəs niyə qoymursan, bostana məni?

Ağzını oxşatdım zənbura, şana,
Naşı bülbül uçub qonar gülşana.
Yar, oxuna sinəm tutdum nişana,
Bəs niyə vurmursan, qəsdən, a məni?

Mən Qasımam, uzaq atdın daşımı,
Didəmdən axıtdın qanlı yaşımı.
Dost yolunda mən qoyaram başımı,
Doğru qəbul etsə astana məni.