Mənim (Qul Mahmud)

Vikimənbə saytından
Mənim
Müəllif: Qul Mahmud
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Dost həmdəmim, yetən kimi vətənə,
Gör bir gözləyirmi yolum yar mənim?
Söylə o canana qoy inciməsin,
Yolumu alıbdı boran-qar mənim.

Yetim pünhan, yurdum pünhan, qərib mən,
Didərgin düşmüşəm nə vaxtdır eldən.
Dərdimi yumağa göz yaşım seldən,
Sinəmi dağlayıb yağılar mənim.

Hicran dəryasmda üz, aşıq Mahmud,
Bu da bir dövrandı gəz, aşıq Mahmud.
Fələyin qəhrinə döz, aşıq Mahmud,
Vaxt olar möhnətim dağılar mənim.