Məzmuna keç

Ma Lyan və sehirli fırça

Vikimənbə saytından
Ma Lyan və sehirli fırça
Müəllif: Şifahi xalq ədəbiyyatı


Nağıl edirlər ki, lap qədimlərdə Ma-lyan adlı bir oğlan vardı. Onun atası və anası çoxdan ölmüşdülər. O, çırpı yığar, ot dərər, bunlarla da dolanardı. Oğlan, uşaqlardan şəkil çəkməyi öyrənmək istəyirdi, ancaq elə kasıbdı ki, özünə bircə dənə fırça almağa da pulu yox idi.

Bir dəfə Ma-lyan məktəbin qapısı qabağından keçəndə gördü ki, müəllim nəsə maraqlı bir şey çəkir. Uşaq içəri girib müəllimə dedi:

– Mən şəkil çəkməyi öyrənmək istəyirəm. Siz mənə fırça verə bilərsinizmi?

Müəllim hiddətlə bağırdı:

– Sən, səfil, şəkil çəkməyi öyrənmək istəyirsən? Heç o fikrə düşmə!

Onu qovub qapıdan bayıra çıxartdı.

“Nə üçün belədir? – deyə Ma-lyan ürəyində öz-özünə dedi. – Yoxsul oğlanın hətta şəkil çəkməyi öyrənməyə də ixtiyarı yoxdur?” Ma-lyan isə inadcıl idi. O, hər gün dağlarda çırpı yığaraq, çöplə qumun üstündə uçan quş şəkli çəkirdi. Ot dərdiyi çayın qı- rağında barmağını suya batırıb qayanın üstündə, üzən balıq şəkli çəkər, yaşadığı mağaraya qayıdanda isə mağaranın divarında ev şeyləri və qab-qacaq şəkli çəkərdi – mağaranın dörd divarının dördü də şəkillə dolu idi.

Ma-lyan ilbəil, bircə gün də arada ötürməyərək, şəkil çəkmək öyrənirdi və bu sahədə böyük müvəffəqiyyət qazanmaqda idi; belə ki, onun çəkdiyi quş şəkilləri elə bil canlı idi, bu saat oxuyacaqdılar, balıqlar elə bil indicə üzəcəkdilər... Bir dəfə axşam Ma-lyan yerinə girib o saat yuxuya getdi. Bütün günü işləyib bərk yorulmuşdu. Birdən ağsaqqal bir kişi onun qabağında zahir oldu, ona bir fırça verib dedi:

– Bu sehrli fırçadır, şəkli bununla çək.

Ma-lyan fırçaya baxdı – o qızıl kimi par-par parıldayırdı. Oğlan sevindi: “Nə yaxşı fırçadır!” Yerindən qalxıb dedi:

– Sağ ol, babacan!..

O, sözünü deyib qurtarmamışdı ki, ağsaqqal qoca yox oldu. Ma-lyan elə təəccübləndi ki, hətta yuxudan da oyandı. Bəli, bu yuxu imiş. Ancaq bir o qədər də yuxu deyilmiş, onun əlində sehrli fırça vardı!

Ma-lyan bu fırça ilə quş şəkli çəkdi. – Quş o saat qanadlarını çalıb göyə qalxdı və nəğmə oxumağa başladı. Balıq şəkli çəkdi – balıq quyruğunu tərpədib suya baş vurdu və şappıldamağa, oynamağa başladı. Oğlan bir sevinirdi ki!

Bu gündən Ma-lyan hər gün yoxsullar üçün şəkil çəkməyə başladı; kimin kotanı yox idi, onun üçün kotan şəkli çəkirdi; kimin xışı yox idi, onun üçün xış çəkirdi, kimin çırağı yox idi – onun üçün çıraq çəkirdi. Kimin vedrəsi yox idi, onun üçün vedrə çəkirdi.

Elə bir hasar yoxdur ki, oranı külək döyməmiş olsun, – Malyanın sehrli fırçası haqqındakı xəbər də yerli varlı ağanın qulağına çatdı. O, öz nökərlərinə tapşırdı ki, oğlanı tutub onun yanına gətirsinlər.

Ma-lyanın çox inadcıl xasiyyəti vardı, həm də o bilirdi ki, varlıların ürəyi çox bərk olur. Dövlətli onu nə ilə qorxutdusa, onu necə dilə tutdusa da, Ma-lyan şəkil çəkməkdən boyun qa- çırtdı. Dövlətli Ma-lyanı tövləyə salıb qapısını bağladı və tapşırdı ki, ona yeməyə bir şey verməsinlər.

Üç gün keçdi. Bərk qar yağıb, yerin üzünü qalın qar örtdü. Dövlətli öz-özünə fikirləşdi ki, əgər Ma-lyan acından ölməyibsə, onda yəqin ki, soyuqdan quruyub ağaca dönüb. Getdi, görsün ki, Ma-lyan nə edir. Tövlənin deşiyindən qırmızı işıq, dadlı xörək iyi gəlirdi. Dövlətli deşikdən baxıb gördü ki, Ma-lyan oturub sobanı qalayır və bişmiş yaymalardan yeyir. Dövlətli heyrət etdi: “Tövlədə soba və yayma haradandır? Yəqin ki, bunları oğlana sehrli fırça verib”, – deyə o düşündü. Bərk qəzəblənmiş halda nökərlərini çağırıb əmr etdi ki, Ma-lyanı öldürsünlər və sehrli fırça bunun əlinə keçsin.

On qudurğan nökər tövləyə soxuldu, oğlan orada yox idi. Onlar üzü gün çıxana olan divarın yanında nərdivan və pilləkənlərə dırmaşan Ma-lyanı gördülər. Varlı da özünü onun dalınca nərdivana atdı, ancaq heç üç addım atmamışdı ki, sürüşüb yerə yıxıldı. Ayağa qalxanda, nərdivanı görmədi.

Oğlan bilirdi ki, kənddə gizlənə bilməyəcək, ancaq nahaq yerə adamları əziyyətə salacaq. O, əlini öz kəndlərinə tərəf yelləyib dərdli-dərdli dedi: “Sağ olun, əziz dostlar!”

Sonra sehrli fırça ilə at şəkli çəkdi, ata minib irəli çapdı. O, atını bir az çapmışdı ki, daldan at ayaqlarının tappıltısını eşitdi. Dönüb çırağın qırmızı işığında cəld qaçan ata minmiş dövlətlini, yanında da on-on iki nəfər nökər gördü. Ma-lyan tələsmədən ox və yay şəkli çəkdi. Oxu kamana qoyan kimi vıyıltı eşidildi – dövlətli atından yıxıldı. Ma-lyan bir neçə dəfə öz atını qamçıladı, atı qanad çalırmış kimi irəli cumdu. Ma-lyan bir nəfəsə atını bir neçə gün çapıb kiçik bir şəhərə gəlib çatdı. Ma-lyan burada qalmaq fikrinə düşdü. Onun başqa əlacı yox idi, o, şəkil çəkib küçələrdə satırdı. Ma-lyan qorxurdu ki, onu tanıyarlar, həm də şəkillər canlanmasın deyə quş şəkillərini ya ağızsız çəkir, ya da onlara əlavə bir ayaq çəkirdi. Bir dəfə kor bir hacıleylək şəkli çəkdi, bilmədən tuşdan bir damcı quşun başına düşdü. Hacıleylək gözlərini açdı, qanadlarını çalıb uçdu. Bu xəbər bütün kəndi bir-birinə vurdu. Paxıl adamlar gedib imperatora bunu xəbər verdilər, imperator məmurlarını göndərdi ki, gedib oğlanı paytaxta gətirsinlər. Ma-lyan getmək istəmirdi, ancaq məmurlar onu birtəhər götürüb apardılar. Ma-lyan imperatorun kasıbları necə aldatdığı haqqında çox əhvalatlar eşitmişdi, bunlar onun ürəyinə dağ çəkmişdi. Məgər belə bir adam üçün də şəkil çəkərlər?

İmperator ona əjdaha şəkli çəkməyi tapşırdı – o, qurbağa çəkdi; imperator xurma ağacı çəkməyi tapşırdı – Ma-lyan tükləri yolunmuş toyuq çəkdi. Qurbağa ilə toyuq elə eybəcər və çirkin çıxmışdılar ki, onlar imperatorun dövrəsində atılaraq ətrafa üfunətli iy yayırdılar. Çox keçmədən sarayda nəfəs almaq olmadı.

İmperator qeyzləndi, gözətçilərinə əmr elədi ki, sehrli fırçanı Ma-lyanın əlindən alsınlar, özünü isə tutub zindana salsınlar. İmperator sehrli fırçanı ələ keçirib, özü şəkil çəkməyə başladı. Ən əvvəl qızıl dağ şəkli çəkdi. Dağın birini çəkəndən sonra, acgöz imperator, çoxlu qızıl dağ şəkli çəkməyə başladı. Məgər bunlar qızıl dağlar idi? Bunlar sadəcə olaraq daş qalaqları idi. Bu daşlardan biri lap yuxarıdan sürüşüb düz imperatorun ayağına düşdü. İmperator çox acgöz idi. “İndi ki, qızıl dağ alınmır, onda qızıl kərpic şəkli çəkəcəyəm!” Balaca bir kərpic şəkli çəkdi, sonra böyüyünü çəkdi, axırda lap uzun kərpic çəkdi. Bu kərpic birdən uzun bir əjdahaya çevrilib ağzını açaraq imperatorun üstünə atıldı. Əgər imperator Ma-lyanı zindandan çıxarmasaydı və sehrli fırçasını ona qaytarmasa idi, əjdaha imperatoru udardı. “Vəhşi heyvanlar yuvası olan dağ şəkli çəkməkdənsə su, şəkli çəkmək yaxşıdır”, – deyə imperator qət edib Ma-lyana əmr elədi ki, bir dəniz çəksin.

Ma-lyan gülümsünüb həvəslə işə başladı. O, fırçasını yellədi, qarşısında göz yaşı kimi dupduru suyu olan dəniz oldu! Mavi rəngli su güzgü kimi parıldayırdı. İmperator soruşdu:

– Dənizdə nə üçün balıq yoxdur?

Ma-lyan sehrli fırçası ilə bir neçə nöqtə qoydu, dənizdə çoxlu balıq əmələ gəldi. Onlar quyruqlarını bulaya-bulaya, oynayaoynaya üzüb, dənizin dərinliklərinə getdilər.

İmperator bərk sevindi və tələsik Ma-lyandan soruşdu:

– Tez bir gəmi şəkli çək! Mən dənizdə gəzmək istəyirəm.

Ma-lyan böyük bir taxta gəmi şəkli çəkdi. İmperator, arvadı, oğlanları, qızları və çoxlu məmurları ilə gəmiyə mindilər. Malyan fırçasının bir neçə hərəkətilə külək çəkdi, dənizdə dalğalar əmələ gəldi, taxta gəmi üzdü.

İmperator gəminin burnunda dayanmışdı, gördü ki, gəmi yavaş üzür, qışqırdı: “Küləyi çox elə, çox külək ver!” Ma-lyan fırçası ilə bir neçə sərt hərəkətlər etdi. – Külək qopdu, dəniz təlatümə gəldi, gəminin yelkənləri qabarıb, gəmini açıq dənizə apardı. Ma-lyan fırçasını bir neçə dəfə də yellədi – külək daha da şiddətləndi, dəniz coşdu, dalğalar çırpıb gəmini yanı üstə əydi.

– Bəsdir külək, bəsdir külək! – deyə imperator var gücü ilə qışqırdı.

Ma-lyan ona qulaq asmayıb küləyi bir az da şiddətləndirdi – dalğalar gəminin içinə tökülməyə başladı. İmperatoru başdanayağa islatdı. İmperator dor ağacından yapışdı, Ma-lyan üçün qışqırır, əllərini yelləyirdi.

Ma-lyan özünü eşitməməzliyə vurub hələ də külək çəkməkdə idi. Külək daha da şiddətləndi, buludlar əmələ gəlib göyün və yerin üzünü tutdu; dalğalar kükrəyib coşurdu; onlar divar boyda qalxıb gəminin içinə töküldü, gəmi çevrildi və parça-parça oldu; imperator və bütün məmurlar dənizin dibinə getdilər. İmperator dənizdə batandan bəri Ma-lyanın sehrli fırçası haqqındakı xəbər ağızdan-ağıza keçdi. Bu əhvalatdan sonra Malyanın özünün necə olduğunu xəbər verən yoxdur.

Bəziləri deyirlər ki, o öz kəndlərinə qayıdıb, kəndlilərlə birlikdə yaşayır.