Nə etmişəm fələkə, boylə qıldı zar məni

Vikimənbə saytından
Nə etmişəm fələkə, boylə qıldı zar məni
Müəllif: Fatma xanım Kəminə
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Nə etmişəm fələkə, boylə qıldı zar məni?
Diyari-hicr-ara zarü dilfikar məni.

Həvayi-sərvqədinlə kəman olub qəddim,
Bu çərxi-pir eləyib indi əşkbar məni.

Bəsani-surəti-bican bu künci-pünhanda,
Salubdu həlqeyi-zəncirə zülfi-yar məni.

Düşübdü kuhü biyabanə Qeysi-bipərva,
Qoyubdu həsrəti-nəzzarə aşikar məni.

Bu əşki-çeşmilə söndürrəm atəşi-hicri,
Sipəndvəş eləyib çünki biqərar məni.

Təməllüq əhli degildim, nə var idi bakim,
Kəməndi-zülfilə etmiş yarım şikar məni.

Kəminə şükr ilə hər ləhzə, hər zaman söylər:
Edibdi dərdü qəmə laşərik yar məni.