Nə vaxta kimi

Vikimənbə saytından
Nə vaxta kimi
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Dərdin karvanıyam, qəmin suvarı,
Üzüm gülməyəcək nə vaxta kimi?!
Gecəli-gündüzlü işığa həsrət,
Yanıb-sönməyəcək nə vaxta kimi?!

Fərraş hüzurunda qolubağlıyam,
Müxənnət kəndxuda-sinədağlıyam,
Haqq-ədalət hanı, dərdim ağlıyam,
Dərdim dönməyəcək nə vaxta kimi?!

Sərdar Hüseyn kimi sitəmkar olmaz,
Zülmündən dünyada kimsənə qalmaz,
Ağ Aşıq, dərdini təbib də bilməz,
Məlhəm gözləyəcək nə vaxta kimi?!