Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/110-cu xütbə

Vikimənbə saytından
109-cu xütbə Nəhcül-bəlağə. 110-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
111-ci xütbə


İmam Əli əleyhis-salamın (dünyanı məzəmmət etdiyi və ondan uzaqlaşmaq barədə) xütbələrindəndir. Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, sizləri dünyadan (ona ürək bağlamaqdan) çəkindirirəm. Çünki dünya (dünyapərəstlərin ağzında) şirin və (onların nəzərində) yam-yaşıldır. Şəhvətlərə və əbəs istəklərə bürünmüşdür. Tez ötüb-keçən mal-dövləti ilə (istəyənlərinə) dostluq izhar edər, azacıq zivərləri ilə (camaatı) heyrətə salaraq şad edər. (Yersiz və güvənilməyən) Arzular və (nadanları) aldatmaq üçün özünü bəzəmişdir (öz istəyənlərinin din və dünya sərmayələrini oğurlamaq üçün özünü fahişə kimi bəzər). Onun şadlığı sabit deyil, dərd və kədərindən rahatlıq yoxdur, çox aldadıcı və ziyankardır. Halları dəyişəndir. Fani, məhv və puç olacaq. (Hamını) həlak edən qarınquludur (yerin qarnı heç vaxt insandan doymaz və ruzigarın gərdişi insanları məhv etməkdən usanmaz). Ondan razı olan dünyapərəstlərin arzusu başa çatan zaman dünya olduğundan qabağa getməyəcək. Necə ki, Allah-təala (Qur’ani-Kərimin Kəhf surəsinin 45-ci ayəsində) buyurub: كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ وَكَانَ اللَّهُ عَلَى كُلِّ شَيْءٍ مُّقْتَدِرًا yəni: Dünya göydən yağdırdığımız yağmura qarışıb (onunla yetişən), sonra sübh çağı (səhəri gün) dönüb küləyin sovurduğu quru çör-çöp olan yerdəki bitkiyə bənzəyir. Allah hər şeyə (hər bir işə) qadirdir. (Dünyanın rahatlığı və xoşgüzəranlığı qısa zaman ərzində quruyub varlığı fanilik küləyilə sovrulan yam-yaşıl bitkiyə bənzəyir.) Kimsə dünya malından boğaz qurudan göz yaşlarından (qəm və kədərdən) başqa sevinc və şadlıq görmədi. Pisliklərinin vurduğu ziyandan başqa bir kimsəyə xoş üz göstərmədi. (Dünyaya arxa çevirərək nemətini ondan almasından başqa heç kəs öz istəyi ilə dünyadan öz qarnını doydurmadı və öz arzusuna çatmadı.) Bu dünyada bəla buludu üstünə dalbadal yağış yağdırmaqdan savayı dolu yağışlar onu xoşbəxt eləmədi. (Dünyanın işi belə olduğuna görə) layiqdir ki, (dünya) səhərin erkən çağlarında insanın dostu, yarı olub ona yoldaşlıq etsin və gecə dəyişərək düşməninə çevrilsin. Onun bir tərəfi şirin və şəffaf olsa da başqa bir tərəfi acı və (öldürücü xəstəlik olan) vəbalıdır. Heç kəs müsibət və kədərlərinin ağrı-acısını dadmaqdan savayı onun xoşluğundan muradına yetməz, səhərini xof və qorxu qanadlarında açmadan bir gecəni belə rahatlıq və asayiş qanadında başa vurmaz. Çox aldadıcıdır. Onda nə varsa, hamısını aldadar. Fani olasıdır, ondakıların hamısı fani olar. Təqva və pərhizkarlıqdan başqa onun azuqələrinin heç birində xeyir və yaxşılıq yoxdur. Hər kim dünya malından azacıq qazansa, onu (qiyamətdə hesab-kitabın ağırlığından) çox qoruyacaq bir şey əldə etmişdir. Hər kim çox qazansa, (hesab-kitab vaxtı) onu həlak edəcək, (dünyada da) tezliklə zay olacaq bir şeyə sahib olmuşdur. Nə çoxdur dünyaya etimad edib ona ürək bağlayan, dünyanın isə dərdə saldığı insanlar. Nə çoxdur dünyadan əmin olan və dünyanın isə yerə sərdiyi insanlar. Nə çoxdur böyük məqam sahibi olan və dünyanın isə kiçildərək alçaltdığı kimsələr. Nə çoxdur fəxr edən və özündən razı olan, dünyanın isə zəlil, xar etdiyi kimsələr. Dünyanın səltənəti və rəhbərliyi dövredicidir (gah ona, gah buna) və onun xoş güzəranı (küdurətlə) bulanıqdır. Onun (dünyapərəstlər üçün təmiz olan) saf suyu (aqil və gözüaçıq insanlar üçün) şor və çirklidir. Onun şirinliyi ağacın şirəsi kimi çox acıdır. Onun təamı ölümcül zəhərlər, vasitələri (ona ürək bağlanan şeyləri) çürümüş və tikə-tikə olmuş kəndirlər kimidir. Onun dirisi ölümə, sağlamı isə xəstəliyə doğru hərəkət edir. Onun hakimiyyəti əldən çıxmış, dəyərlisi əlaltı olmuş, varlısı müsibətə düşmüş, qonşusunun (dünyada yaşayanın) malı qarət edilmişdir. Sizdən əvvəlkilərin olduğu yerlərdə deyilsinizmi? Hələ onların ömürləri daha uzun, izləri daha qalımlı, arzuları daha çox, insanları daha hazır və qoşunları daha sıx idi. Dünyaya necə vardısa, elə də pərəstiş edib seçdilər. Sonra dünyadan özləri ilə yola götürəcək azuqəsiz, yol getmək üçün miniksiz köçdülər (öldülər). Sizlər (ata-babalarınızın öldüyü vaxt) dünyanın özünü (və ya kimsəni ölməmələri üçün) fidyə verdiyini və ya onlara yoldaşlıq etdiyini, yaxşılığa görə onlara kömək etdiyini eşitmisinizmi? (Xeyr!!!) Əksinə, ömürlərinin dirəklərini çətinliklər və dərdli müsibətlərlə laxladaraq tərpədib və üzlərini, alınlarını torpağa sürtüb, mehtərlərinin əl-ayaqlarını təpiklə döyəcləyib. Köməkliyi bu olub ki, ruzigarın ağır hadisələrini başlarına gətirib. Belə isə, dünyanın ona yaxınlaşıb onu seçənlərə və etimad edənlərə dəyişdiyini və tanımsızlığını (düşmənçiliyini) gördünüzmü? Hətta ondan həmişəlik ayrılaraq köçdülər (bir daha onlar üçün qayıdış yoxdur). Onlara aclıqdan başqa bir azuqə, darısqallıqdan (gor) başqa bir yer, qaranlıqdan (qəbir) başqa bir işıq verdimi? Onların dalınca çətinliklərə görə peşmançılıqdan başqa bir şey tədarük gördümü? Belə bir (vəfasız) dünyanı seçir, ona ürək bağlayır, onu əldə etməyə tamahlanıb çalışırsınız? Ona bədgümanlıq etməyib orada yaşayanda təhlükəsindən qorxu-hürküsü olmayan üçün pis bir saraydır. Özünüz bilsəniz də agah olun ki, (əvvəl-axır) dünyanı tərk edib ondan köçəcəksiniz. «Güc və qüdrətdə bizdən üstün olan varmı?» deyənlərdən ibrət alın. (Hamısı öldülər və) taxta miniklərə mindirilib gorlarına tərəf aparıldılar. Onlara süvari demirlər (çünki süvari miniyinin ixtiyarı əlində olana deyilir). Gorlarına qoysalar da onlara qonaq demirlər. (Çünki qonaq öz ayağı ilə bir yerə gedər və ona qulluq edərlər.) Onlar üçün yerin dibindən qəbirlər, torpaqdan kəfənlər, çürümüş və sınıq sümüklərdən qonşular müəyyən olundu. Onlar elə qonşudurlar ki, çağırana cavab verməz, (özlərinə edilən) zülm və sitəmin qabağını almaz, növhəyə etina etməzlər. Üstlərinə yağış yağsa, şadlanmaz, yoxsulluq üz versə, ümidsiz olmazlar. (Dünyanın qəm, kədər və çətinliyindən azad, özlərinə qapalıdırlar.) Hamılıqla bir yerdədirlər və tənhadırlar, qonşudurlar və bir-birindən uzaqdırlar. (Çünki bir-birlərinin vəziyyətindən xəbərləri yoxdur.) Bir-birləri ilə yaxındırlar və görüşmürlər, qohumdurlar və qohumluqlarını bildirmirlər. Səbrlidirlər və ürəklərində kin yoxdur, nadandırlar (heç nəyi dərk edib anlamırlar) və kinləri aradan getmişdir. Onların qəm və kədərindən kimsə qorxmur, onların köməyinə, yoldaşlıqlarına ümid də yoxdur. Yerin üstünü altına, (dünyanın) genişliyini darlığa (qəbrə), öz əhli və dostları ilə olmağı qəribçilik və tənhalığa, işıqlığı qaranlığa çevirmişlər. Torpaqdan lüt-üryan ayrıldıqları (yarandıqları) kimi yerin təkinə gəldilər (qayıtdılar). Öz əməl və işləri ilə dünyadan həmişəlik həyata və əbədi saraya köçdülər. (Orada yenidən diriləcək və bir daha ölməyəcəklər, istər yaxşı, istərsə də pis əməl sahibi olsunlar.) Allah-təala (Qur’ani-Kərimin Ənbiya surəsinin 104-cü ayəsində) buyurur: كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُّعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ «İnsanları ilk dəfə yaratdığımız kimi dirildib əvvəlki halına salarıq. Bizim bu vədimiz mütləqdir, onu yerinə yetirəcəyik».