Nеylərəm mən bunda durub, çünki dildar andadır

Vikimənbə saytından
Neylərəm mən bunda durub, çünki dildar andadır
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lidеr nəşriyyat", 2004. səh.202.

Neylərəm mən bunda durub, çünki dildar andadır,
Sanma kim, anda dedigim Bursa ya Larandadır.

Neylərəm gülzara baxmaq, çün bu yanmış könlümün,
Şol boyu sərvi-xuraman, üzü gülzar andadır.

Firqətin dərdi məni torpaq edərsə, ey səba,
Yarı qıl, torpağım, ilət anda kim, yar andadır.

Can yanağın həsrətindən dəgməniz, olmaz cüda,
Qanda kim görsə güli-tər, bülbüli-zar andadır.

Şol moğolçin gözlərinlə çünki qapdın könlümü,
Çün bilirsən kim, nə gizli dürlü əsrar andadır.

Dərdimi artırma, lütf et, şərbətinlə, ey həkim,
Çün məni sayru qılan şol çeşmi-bimar andadır.

Dişlərin əksi Nəsiminin gözünə düşəli,
Bəhri-bəhreyn olduvü lö’löi-şəhvar andadır.