O olmasın, bu olsun/Dördüncü məclis

Vikimənbə saytından
Üçüncü məclis O olmasın, bu olsun. Dördüncü məclis
Müəllif: Üzeyir Hacıbəyov


M ә ş ә d i İ b a d ı n evində vaqe olur. Toy məclisidir. Q o ç u Ә s g ә r "Padşah" olub, yuxarı başda əyləşibdir. Səhnədə olanlar: H ә s ә n q u l u b ә y, R z a b ә y, Ә s g ә r və qonaqlar. Pərdə qalxır. Oyunçu qız ləzginka oynayır. Bәəd çıxıb gedir.

Ә s g ә r. Mən tar çalana əmr edirəm ki, bir "Roza" havası çalsın, Həsənqulu bəy durub oynasın!
H ә s ә n q u l u b ә y. (ayağa durur). Padşah sağ olsun, vallah, mən oyun bilmirəm, məni bağışla!
Ә s g ә r. Çəkin onu ortaya, bir-iki qırmanc vurun! (Nökərlər Həsənqulu bəyi çəkib oynadırlar. Bәədə haman qərar ilə Rza bəy oynayır). Çəkin buraya Məşədi İbadı! Bəy gərək toyunda oynasın ki, ucuzluq olsun.

O biri otaqdan M ә ş ә d i İ b a d ı gətirirlər. Məşədi İbad "Mirzəyi" havasını oynayır.

H ә s ә n q u l u b ә y. Balam, dəxi vaxtdır, gedək gəlini gətirməyə.
H a m ı. Bəli, vaxtdır. (Ayağa durub hamı gedir).
M ә ş ә d i İ b a d (daxil olur). Türkdə bir məsəl var: deyərlər ki, hər gözəlin bir eybi olar. Qonaqlar bu evdə olanda mən o biri otaqda səhərdən bəri fikirdə idim ki, ayə, mənim eybim nədir? İndi bilmişəm ki, mənim bir eybim varsa, o da eybsizliyimdir. Hərçənd bu çox nazik mətləbdir, amma həqiqətdə də belədir ki, var. Hərgah mənim bir danə eybim olsaydı, xalq deyərdi ki, zərər yoxdur, hər gözəlin bir eybi olar. Amma indi mənim heç bir eybim yoxdur, ona görə də heç kəs mənə gözəl demir. Bütün məsələ bundadır. Vəssəlam…. Hər halda qız nə qədər gözəl olsa da bir o qədər mənə baha oturdu: beş min manat Rüstəm bəy və toy xərci, beş yüz manat Həsənqulu bəyə rüşvət, yüz manat Rza bəyə rüşvət, əlli manat Həsən bəyə rüşvət, bir abbası hambala müzd, dörd yüz manat…. Əşi, hesab eləməsəm yaxşıdır! Daha ürəyim xarab olur. Amma pis geyinməmişəm, ha!… (Ətrafına baxır və dalını görmək üçün fırlanır və sonra bir yerdə əyləşir). Bəli, qız gəlsin görək nə olacaqdır. (Zümzümə eylzyir):

Şəb əsl şəhido şəmo şərabo şirini,
Ğənmət əst ke, şəbi ruyi dustan bini!

Qız gəlsin, amma mən bir şeydən qorxuram ki, evdə oturmağa hövsələsi gəlməsin, çünki o cürə evdə böyümüş qız bir az kəmhövsələ olar. (Acıqla). Ağzı nədir! Vallahi, bax bu gündən bir yekə qıfıl alacağam. Səhər durub dükana gedəndə qapını qıfıllayıb, açarını aparacağam ta axşam qayıdana qədər, qoy qalsın evdə, evə öyrəşsin; pəncərələri də daldan taxta ilə vurduracağam. Çox da o yan-bu yan eyləsə, döyəcәyəm, çünki arvad ki, döyülmədi, xarab olar; arvad ərindən nə qədər kötək yesə bir o qədər ərin çox istəyər. Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm. Rəhmətlik Sonaya bir kərrə bir yumruq nə tori saldımsa, iki saat nəfəsini ala bilmədi; o idi ki, məni görən kmi üzümə gülərdi. Rəhmətlik Pərzada günlərin bir günü bir sillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kərrə olsun üzümə durmadı. Tək bircə mürtəd oğlunun qızı Gülxanıma bir ağac ilə elə çəkdim ki, o qaçan oldu ki, qaçdı! Bu da o yan-bu yan eyləsə budur, onun canıdır. (Yumruq göstərir. Bu əsnada daldan: "allah", "allah" səsi gəlir, zurna çalınır). Paho, gəlin gəldi, mən qaçım!

Qaçır o biri otağa. G ә l i n i gətirirlər. S ә n ә m dəxi gəlin ilə içəri girir.

B i r i s i. Aha, de gəlin bəri çıxın! Sənəm, sən də bu biri otağa gəl.

Hamı çıxır, tək gəlin qalır.

M u s i q i

M ә ş ә d i İ b a d (daxil olur).

Mən nə qədər, nə qədər qoca olsam da,
Dəyərəm min cavana…. (və i.a. oxuyur).

X a n ı m, ay xanım, zəhmət çək, başından çarşabı qoy yerə, sənə canım qurban!

Çarşabın içindən gəlin əvəzinə S ә r v ә r çıxıb, əlindəki siğarı tapança kimi uzadır M ә ş ә d i İ b a d a tərəf.

M ә ş ә d i İ b a d. Vay!… (deyib çökür).
S ә r v ә r. Səsin çıxdımı, başına bir güllə vuracağam! Tez ol, bir kağız-qələm götür!
M ә ş ә d i İ b a d (qorxu ilə). De qoy tap?m da!… (Stolun üstündən kağız-qəldm götürür). Bəs indi nə qayırım?
S ә r v ә r. Otur, bu saat mən deyəni yaz, tez ol, yoxsa vurdum gülləni!
M ә ş ә d i İ b a d. Yazım da, vallah, bu saat yazım!
S ә r v ә r Yaz! (Bərkdən deyir). Mən, Məşədi İbad Kərbəlayı Xocaverdi xan oğlu….
M ә ş ә d iİ b ad. Vaxsey!… Atamın adını da bilir!
S ә r v ә r. Danışma, yaz, yoxsa odlaram səni!
M ә ş ә d i b a d. Vallah, danışmıram, yazıram, sonra?
S ә r v ә r. Rüstəm bəyin qızı Gülnaz xanımı almaq istəmirəm.
M ә ş ә d iİ b a d. İstəyirəm….
S ә r v ә r (acıqlı). İstəmirəm!…
M ә ş ә d iİ b a d. Yaxşı, istəmirəm, istəmirəm!…
S ә r v ә r. Və təvəqqə edirəm ki, onun kəbini geri oxunsun.
M ә ş ә d i İ b a d. Bunu kim təvəqqə edir?
S ә r v ә r. Yaz mən deyəni, yoxsa beynini toz eylərəm!
M ә ş ә d i İ b a d. Yazıram, yazıram, sonra?
S ә r v ә r. Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı?
M ә ş ә d i İ b a d. Yazdım….
S ә r v ә r. De qol qoy!
M ә ş ә d i İ b a d. Vaxsey!… Bəs mənim pullarım….
S ә r v ә r. Qol qoy, yoxsa partladaram səni. (Qol qoydurur). İndi tərpənmə!
M ә ş ә d i İ b a d. Tərpənmirəm.
S ә r v ә r. Danışma!
M ә ş ә d i İ b a d. Danışmıram.

S ә r v ә r dal-dalı gedib S ә n ә m i gətirir.

S ә r v ә r. Bax bu sənin arvadındır. (Dal-dalı gedir). İndi tərpənmə!
M ә ş ә d i İ b a d. Tərpənmirəm.
S ә r v ә r. Danışma!
M ә ş ә d i İ b a d. Danışmıram.

S ә r v ә r birdən dönüb cəld qaçır.

M ә ş ә d i İ b a d (çığırır). Ədə tutun, ədə qoymayın. Ay, tez olun, qaçdı! Ədə, bu nə iş idi mənim başıma gəldi, ay tutun, ay qoymayın!…

C a m a a t hamısı dolur içəri, səs-küy düşür.

H ә s ә n q u l u b ә y. Ədə, bir dayan görək nə olubdur. Məşdi İbad, nə olub, nəql eylə görək!
M ә ş ә d i İ b a d. Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır?
H a m ı. Bu nə əcəb sözdür?! Həlbəttə, gəlin arvad olar!
M ә ş ә d i İ b a d. Amma bu gəlin kişi çıxdı. Rüstəm bəy mənim evimi yıxdı, qızın əvəzinə mənə kişi göndərdi. O da qaçdı getdi.
H a m ı. Paho!… Bu nə işdir ki, o görübdür, belə də adam aldatmaq olarmı?
B i r i s I. Bəs nə tövr olsun, neyləməli?
H ә s ә n q u l u b ә y. Məşədi, bir əlli manat ver, gedim bu saat qubernatoru buraya gətirim? Razısan?
M ә ş ә d i İ b a d (azarlı kimi). Yox….
R z a b ә y. Məşədi, iyirmi manat ver, bu saat qəzetdə Rüstəm bəyi biabır eyləyim, razısan.
M ә ş ә d i İ b a d. Yox….
Ә s g ә r. Məşədi, bir otuz manat ver, gedim Rüstəm bəyin beyninə bir patron çaxım, razısan?
M ә ş ә d i İ b a d. Yox….
H a m ı. Bəs nə eyləməli?
M ә ş ә d i İ b a d. Gedin qazıya deyin ki, bu arvadın kəbinini mənim üçün kəssin!
H a m ı. Ha!… Bu başqa məsələdir. Nə eləmək: o olmasın, bu olsun, heç pis deyildir.

M u s i q i

H a m ı.

Gedin, gedin, qazıya deyin,
Qoy kəbini kəssin. (2 dəfə)
(Sənəmə) Məşədiyə arvad edək,
Razısan?

S ә n ә m. Hә! … hə!…
H a m ı (Məşədi İbada). Razısan?
M ә ş ә d i İ b a d. Hә! … hə!…
H a m ı Razısız?
M ә ş ә d i İ b a d və S ә n ә m Hә! … hə!…
H a m ı. Bəs gedək biz?

M ә ş ә d i İ b a d.

Gedin, gedin, qazıya deyin,
Qoy kəbini kəssin.(2 dəfə)
(Sənəmə) Səni mənə arvad edə, razısan?

S ә n ә m. Hә!… Hә!…
M ә ş ә d i İ b a d (xora). Razısız?
X o r Hə Hә!… Razıyıq!… Hə, Hә!… Bəs gedək biz?

Bu əsnada səhnənin dal pərdəsi qalxır, S ә r v ә r ilə G ü l n a z hündürdə dayanıb görünürlər. Tar çalınır.

S ә r v ә r (bayatı-qacar oxuyur).

Yetdim vusalına yarın, çəkdim əzabını,
Aşiqsə vəsl yolunda verər, əlbəttə, canını.

G ü l n a z.

Çün qalxdı pərdə, əyan oldu hər kəsə,
Məşuqə aşiqə vasil edər əlbəttə canini.

H a m ı (Məşədi İbada).

Sən qoca, qız cavan,
Səndə yoxdur eşq odu.
Sərvərindir eşqi,
Sənə olmaz heç meyli. (2 dəfə).

M ә ş ә d i İ b a d.

Yanıma gəl, arvad, yanıma gəl,
Yanıma gəl, et məni şad!… (2dəfə)

H a m ı.

Pulunu verdin sən, Məşədi İbad,
Əlinə düşdü dul arvad,
Qəm yemə hərçi badəbad,
Olmasa o, bu olsun!…

P ә r d ә