Ola (qoşma, Koroğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ola
Müəllif: Koroğlu
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Bizdən salam olsun Ərəb paşaya,
Səndən istədiyim bir zənan ola.
Ortalığa heç salmaya acılıq,
Dili şirin, özü mehriban ola.

Ər məhəbbətində ola mötəbər,
Kərgədan bədənli, ağmaya dilbər.
Mərd meydanda bir igidə bərabər,
Doğduğu hünərli bir oğlan ola.

Qaşı cəllad ola, kirpiyi almas,
Hərdəm arsız-arsız danışıb gülməz.
Ərə yalan deyib gap-gilay bilməz,
Qonumla, qonşuyla doğru, tən ola.

Koroğluyam, namərd keçməz yanımdan,
Mərd kimsəni çox istərəm canımdan.
Ondan igid törər, qaçmaz qənimdən,
İstər qırğın düşə, yüz min qan ola!