Oldu (Aşıq Heydər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oldu (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Sevinc dedim, qəm ələndi payıma,
Könül evim alovlandı, kül oldu.
Fələk qəm zəncirin saldı boynuma,
Mənim itirdiyim, ağır el oldu.

Səksən ildə köz közlədim, köz aldım,
Zaman, zaman dərdü - səri tez aldım,
Hər naşıdan tənə, tənə söz aldım,
Tülkü meydan açdı, çaqqal fil oldu.

On beş yaşda baş ağardı, diş düşdü,
Yirmisində gözlərimə yaş düşdü.
Yollarıma dolu yağdı, daş düşdü,
Qarğa bülbül oldu, qanqal gül oldu.

Şura gəldi qıfıl vurdu dilimə,
Zalımın qılıncı dəydi belimə.
Otuzunda qəm iz açdı könlümə,
Dərdü - kədər sinəmdə tel - tel oldu.

Göz önündən o göz dağı getmədi,
Məzarımda dərd göyərdi, bitmədi,
Xəzan oldu, baxçam bara yetmədi,
Axan göz yaşlarım, döndü sel oldu.

Gedən yox, gələn yox, günümüz qara,
Yüz ildi sinəmnən çəkilmir yara.
Ömrü hədər yazdı fələk Heydara,
Getdi şan - şöhrətim, günüm il oldu.