Olsun (Aşıq Ələsgər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Olsun (Aşıq Ələsgər)
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

"Çəkildi" deməkdə sözün qələtdi,
Kalamın özünə aşikar olsun.
İnşallah, heç yerdə qalmaz avara,
Bir qula ki, Şahi-Mərdan yar olsun.

Xoş xətt ilə xub yazıbsan yazını,
Haqq desən, eylərəm qəbul sözünü.
Bəd danışsan, ağladaram gözünü,
Sübhü şəm, dəmbədəm əşki-bar olsun.

Axund gərək əyri yola getməsin,
Haqqın kalamına yalan qatmasın,
Heyvana dolaşıb, övrət tutmasın,
Alimdə də gərək etibar olsun.

Mövladan dərs alan heç düşməz ləngə,
Pünhan tutma məni topa, tüfəngə.
Mənlə bəhs eyləyən gəlməsə cəngə,
"Şairəm" deməyi ona ar olsun.

Bir qaynata ədəbini bilməsə,
Haqqı tanımasa, namaz qılmasa,
Ruhan məclisində adam olmasa,
El yanında gərək şərmsar olsun.

Dərs almışam o Əliyyül-əladan,
Xof etmərəm Xeybər kimi qaladan.
Bizə qismət olub qalu bəladan,
Deyək, gülək, aləm murğuzar olsun.

Sidqini bağlayan Şahi-Heydara,
İnşallah, heç yerdə qalmaz avara.
Hər kəs bel bağlasa qəni Səttara,
Hər elmdən gərək xəbərdar olsun.

Şirin ləhcə, xub yazıbsan kalamı,
İnsaf məqamında "bəyənər" hamı.
Nizami, Füzuli, Firdovsi, Camı…
Nə həddi var, sana barabar olsun.

Ələsgərəm, ismim deyim aşikar,
Qədir bilən dosta başü can nisar.
Təvəlla, təbərra şəriətdə var,
İstəyən şad olsun, düşman kor olsun".