Qaraca çobanın sonu

Vikimənbə saytından
Rəvayətlər. Qaraca çobanın sonu
Müəllif: Şifahi xalq ədəbiyyatı


Qədimlərdə bir Qaraca çoban varmış. Çox güclü imiş. Onun sapandının qorxusundan heç kim ona yaxın düşə bilməzmiş. Bir gün düşmənnər hiyləyə əl atırlar. Onların bir dəstəsi üz-gözlərini dəyişib çobanın yanına gəlir. Salaməleykümdən sonra ondan soruşurlar:

– Qaraca çoban, sən ki belə güclüsən, de görək, əllərini kəndirlə sarısaq qıra bilərsənmi?

Qaraca çoban deyir:

– Qıraram, inanmırsınız bağlayın.

Çobanın əl-qolunu kəndirlə bağlayırlar. O, bircə dəfə güc verən kimi kəndir parça-parça olub yerə tökülür. Düşmənlər Qaraca çobanın əl-qolunu nə ilə bağlayırlarsa da, çobanın gücünə tab gətirmir. Ondan soruşurlar:

– Ay Qaraca çoban, bəs nə ilə sarısaq qıra bilməzsən?

Çoban deyir:

– Qara keçimin qılı ilə hörülmüş kəndirlə sarısanız, gücüm çatmaz, qıra bilmərəm.

Düşmənə də elə bu lazım idi. Tez qara keçinin qılı ilə hörülmüş kəndir gətirirlər, çobanın əl-qolunu möhkəm-möhkəm sarıyırlar. Qaraca çoban nə qədər güc verirsə də, qara keçinin qılından hörülmüş kəndiri qıra bilmir. Yağılar bundan ürəklənib hər tərəfdən tökülüb hücum edirlər. Yazıq Qaraca çobanı qılıncla doğrayıb qanına qəltan edirlər.

Çobanın bir sevgilisi varmış. Adı Bəsti imiş. Özü də sürüsünü otardığı ağanın qızı imiş. Çoban onu istəyirmiş, o da çobanı. Qaraca çoban düşmənin hiyləsini başa düşür, görür ki, day iş işdən keçib, ölüm vaxtıdı. Tez tütəyini çıxarıb çalmağa başlayır. İstəyir ki, son nəfəsdə sevgilisi Bəsti tütəyin səsini eşitsin, başa düşsün ki, yağılar gəlir. Deyirlər onun tütəyinin səsi çox-çox uzaqlara gedirmiş. Çoban tütəyi çalan kimi, səs Bəstiyə çatır. Qız, qulaq asıb görür ki, Qaraca çoban tütəklə deyir:

Ağamın qızı Bəsti hey... Bəsti hey...
Keçi qılı qollarımı kəsdi hey... kəsdi hey...
Yağı torpağımıza ayaq basdı hey... basdı hey...

Bəsti tez atasına xəbər verir. Hamı atlanıb dağa axışır. Gəlib Qaraca çobanı parçalanmış tapırlar. Çobanı elə oradaca dəfn edirlər. O vaxtdan da həmin dağa “Qaraca çoban”, “Qaraçuq” dağı deyilmişdir.

Mənbə[redaktə]