Qaranquş balaları

Vikimənbə saytından
Qaranquş balaları
Müəllif: Abbas Səhhət


Ay quşcuğazlar, nə yaraşıqlısız,
Can kimi bəsləməyə layiqlisiz.
Nədir o istəkli, o heyran baxış,
Nə dadlı cik-cik, nə gözəl çırpınış!
Birdən ucaldı niyə cik-cikləriz,
Pəh-pəh, açılmış sarı dimdikləriz.
A bəxtəvərlər, ananız gəldimi?
Qondu yuva üstünə, dincəldimi?
Görcək onu səslənməyə başladız,
Civiltilərlə əcəb alqışladız.
Yem gətirib yoxsa sizə verməyə,
Ya ki gəlib bir quru dindirməyə?