Qibləgahımdır Əli

Vikimənbə saytından
Qibləgahımdır Əli
Müəllif: Nəsimi


Mən qulami xanədanam, padişahımdır Əli,
Ehtiyacım var ona, püşdü-pənahımdır Əli,
Könlümü qıldı münəvvər, merhimanımdır Əli,
Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli.

Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləriylə bu cahan mülkinə pərvaz etdilər,
Həmdülillah biz gədanı məhrəmi raz etdilər,
Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli.

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli.

Canu dildən bəndəye Baqir qulami Cəfərəm,
Museyi-Kazım, İmam Rzaya kəmtərəm,
Şah Təqi, Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli.

Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır bu gün layiqdir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli.

Cümləmiz arzu edənlər Əskəriyə əsgəriz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdülillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Muhamməd, səcdəgahımdır Əli.