Rəhməti gəldi irişdi fəzli-rəhmanın yеnə

Vikimənbə saytından
Rəhməti gəldi irişdi fəzli-rəhmanın yenə
Müəllif: İmadəddin Nəsimi

Rəhməti gəldi irişdi fəzli-rəhmanın yenə,
Çiçəgi açıldı, güldü şol gülüstanın yenə.

Gül götürdü pərdə üzündən, açıldı növbahar,
Rövnəqi gəldi, dirildi bağü bostanın yenə.

Könlümün əhvalını, gəldi, gözümdən sordu yar,
Övni irdi dərdə yanan canə dərmanın yenə.

Gəldi ruhəfza ləbindən susamış canə səlam,
Xızra ən’amı irişdi abi-heyvanın yenə.

Firqətin dövranı keçdi, gəldi əyyami-vüsal,
Müddəti-dövrü tükəndi acı hicranın yenə.

Zülmətindən leylətül-hicrin mana ayruq nə qəm!
Nuri çün düşdü mana şol mahi-tabanın yenə.

Dilbərin buyi-vəfası zülfünün çinindədir,
Ənbəri yayıldı şol zülfi-pərişanın yenə.

Başıma qutlu ayağın gəldi basdı ol nigar,
Kölgəsi düşdü mana sərvi-xüramanın yenə.

Əhdü peymanından, ey yar, istədi can əl yumaq,
Qoymadı mehrin vəfası, əhdü peymanın yenə.

Ey qəmər, eynin bəla yetməzmidi aləmdə kim,
Fitnə oldu xəlqə zülfi-ənbərəfşanın yenə.

Çün Nəsiminin susamış qanına yarın ləbi,
Noldu, ey münkir, sana kim, qaynadı qanın yenə.