Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir Müəllif: Molla Cümə |
Mənbə: Paşa Əfəndiyev (2017). Molla Cümə (həyatı və yaradıcılığı) (az). "Ləman nəşriyyat poliqrafiya". Yoxlanılıb 2018-08-31. |
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir
Qış günləri yaza döndü şirin dil xoş zəban gəlir.
Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istər
Öz-özümə səbir verdim dedim mahi-taban gəlir.
Çıxardıb al libasını geyibdi qara donları
Yəqin bildim eşq ucundan halı çox pərişan gəlir.
Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyə
Ayrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir.
Molla Cümə çıx daldadan səni görsün o sirdaşın
Bəlkə canı qərar tapa eşidib bigüman gəlir.