Məzmuna keç

Səndən şeir yazan olmaz

Vikimənbə saytından
Səndən şeir yazan olmaz (03.05.2024)
Müəllif: Araz Yaquboğlu


Min yabını daşlığa çap,
Səndən şeir yazan olmaz.
Get özünə ayrı iş tap,
Səndən şeir yazan olmaz.

Hirsini boğ, hikkəni boğ,
Gücənsən də, ilhamın yox!
Zora salma özünü çox,
Səndən şeir yazan olmaz.

Qırt toyuqsan, misrandı lax,
Qafiyən də alax-ulax.
Yaşına bax, başına bax,
Səndən şeir yazan olmaz.

İçin zülmət, qəlbin qara,
Sən hara, şairlik hara?
Başını qoşma başlara,
Səndən şeir yazan olmaz.

Şeir sevmir kin-küdurət,
Allaha bax, tanı bir hədd.
Sənin işin - giley, qiybət,
Səndən şeir yazan olmaz.

Şeir gözdən düşür belə,
Söz düşəndə naşı ələ.
Şairlərdən ayıb elə,
Səndən şeir yazan olmaz.

Kimsə almır işindən həzz,
Başqa yerdə özünü gəz.
Mən deyirəm, kimsə deməz,
Səndən şeir yazan olmaz.

Hapın-gopun çeşit-ceşit,
Özün kimi sözün də şit.
Arazam, deyirəm - eşit:
Səndən şeir yazan olmaz.
03.05.2024