Səyavuş/Dördüncü pərdə

Vikimənbə saytından
Üçüncü pərdə Səyavuş. Dördüncü pərdə
Müəllif: Hüseyn Cavid
Beşinci pərdə
I SƏHNƏ


Çin hüdudunda türk və çin zevqi ilə süslənmiş vali qonağı…

V a l i
(qalın bığlarını eşər. Barmaqlarını gur saqalı içinə daldırıb düşünür.
İçəri girən qurt baqışlı müşavirə)
Nə var, nə yoq?

M ü ş a v i r
Vali sağ olsun, bütün
Ölkədə bir sevinc izi var bu gün.

V a l i
Afərin, səndəki zəka bəllidir,
Yoqdur sənin kibi qurnaz müşavir.

M ü ş a v i r
Xayır, sanma bizə uymuş cəmaət,
Hər kəs Səyavüşə edər itaət.
Qaçaq Altay belə fürsət bulub da
Xain asilərə edər komanda.
Bütün qaçaqları taqmış ardına,
Atar bizim mə’murları zindana.

V a l i
Bilməm bu haqqı kim vermişdir ona?

M ü ş a v i r
Bəlli, arqalanmış xaqan oğluna,
Onu Səyavüşmü şımartdı, yoqsa
Bu cür’ətlə atılmazdı ortaya.
İsyan yatırmağa gələn bu sərsəm,
Meydan oqur bizə, nədənsə bilməm!

V a l i
Gəlsin, onu tatlı dilə basmalı,
Bir səbəb bulub da həmən asmalı!..

M ü ş a v i r
Xayır, asmaq doğru deyil, bir gecə
Yataqda məhv etməlidir gizlicə.

Bu sırada silahlı zəbtiyyə mə’murları, üstü, başı yırtıq isyançı köylüləri gətirirlər. İçlərində iki qadın da bulunur. Yalnız önlərincə gələn və kinli baqışla bir tərəfdə duran gənc Yalçın təmiz geyinmişdir.

M ə’ m u r
Gəlin, haydi!
(Yalçının yaqasından tutub çəkər.)
Sən də!..

Y a l ç ı n
(qızğın)
Bıraq!..

Z ə b t i y y ə m ə’ m u r u
Azğınlar!

İ s y a n ç ı l a r
Azğın biz deyilik.

M ə’ m u r
Ya kimdir?

İ s y a n ç ı l a r
(mə’murları göstərir)
Onlar!

V a l i
(qadınlara işarətlə)
Bunlardamı isyançıdır?

Y a l ç ı n
Şibhəsiz,
Taun, vəba qarşısında həp biriz.

V a l i
Taunmu?

Y a l ç ı n
Siz taundan da uğursuz,
Ölümdən də zalım və qorquncsunuz.

V a l i
Bu kim?

M ə’ m u r
Yalçın! Tazə gəlinin əri!..

V a l i
Zəncirsiz dururmu böylə sərsəri!

Y a l ç ı n
Deyil bana, zəncir yaraşır sana!

V a l i
Söylətməyin, haydi, atın zindana!

Y a l ç ı n
Vicdansız canavar!

V a l i
Susdurun!

M ə’ m u r
Sonra?

V a l i
Həpsi birər-birər çəkilsin dara.

Y a l ç ı n
Alçaq!
(Valiyə)
Yarın sən də izlərsin bizi.

Z ə b t i y y ə m ə’ m u r u
(qırbacla vurur)
Haydi!
(Onları aparır)
Öncə onun silinsin izi!
(Müşavirə)
Nə var? Gözlərinə bir qayğı doldu,
Yalçının gəlini əcəb nə oldu?

M ü ş a v i r
(yana baqaraq)
İştə… Baqışları olduqca kəskin!

V a l i
(ona yaqlaşır)
Nədir gözlərində bu hiddət, bu kin?
Düşün, təslim olmadıqca sən bana,
Həsrət qalacaqdır nişanlın sana.

G ə l i n
Bənim duvağımı sən deyil, ancaq
Yalçın açmalıdır.

V a l i
(qolundan tutar)
Yaqın gəl!

G ə l i n
(geri çəkilir, nifrətlə)
Bıraq!

M ü ş a v i r
Yavrum, hər gəlin ki, yeni köçərsə,
Bikri ancaq nəsib olur rəisə.
Şərəfdir bu sana, düşünsən bir az,
Valinin diləyi hiçə sayılmaz.

V a l i
Bu bir qanun! Hər kim boyun qaçırsa,
Eli, əqrəbası batar həp yasa.
Qatlandım nazına bütün bir gecə,
Qırma bəni, yaman olur nəticə.

G ə l i n
Bənim könlüm hər qülbəyə,
Nəş’ə sərpən atəş deyil.
Bənim aşqım hər kölgəyə
Gülümsəyən günəş deyil.
Gülünc taleyimdən bana
Bu gün sönük bir ah qaldı,
Qopdu zalım bir fırtına,
Gənc ömrümü həsrət aldı.
(Ağlar.)

V a l i
İstər gül, istər ağla,
Bana ram olmadıqca,
Qurtulamazsın, saqın!
Nə sən, nə də nişanlın.

G ə l i n
(sərt)
Mümkün deyil bu əsla!
Namus deyil paçavra!

V a l i
(bağırır)
Tərbiyəsizlik yetər!
(Müşavirə)
Bu pərdəyi aç, göstər!
Bəlkə bir az uslansın.
Açar. Uzaqda dəniz və yelkən gəmisi, bir tərəfdə dağlar, ən yaqında isə dar ağacında yüzü arqaya ağ kömləkli bir cənazə görülür.

G ə l i n
(onu nişanlısı zənn edərək)
Ah, о Yalçınmı!? Yalçın!
Aman nədir bu dəhşət!?
Sənsiz həyata nifrət!..

(Hıçqırıqlar içində bayılıb düşər.)

M ə’ m u r
Xayır, о Yalçın deyil,
Sənin nişanlın deyil.
О, məhbəsdə inliyor,
Hiçlikləri dinliyor.

V a l i
Zavallı!.. İştə bitdi,
Bir anda söndü, getdi.
Cənazəyin üzərinə bir örtü çəkirlər. Dışarıda qorqunc və gurultulu səslər eşidilir

S ə s l ə r
Hanı xırsızlar bəyi?
Yetər tüğyan etdiyi.
Nerdə, göstərin onu,
Gəlmiş ömrünün sonu.

V a l i
Kimdir onlar?

M ü ş a v i r
Səfillər!
Səndən öc almaq dilər.

V a l i
Bu azğınlıq yararmı?
Yoqsa çıldırdılarmı?!

Türk və çinli qiyafəsində bir yığın isyançı xalq gurultu ilə içəri soqulur. Sadə geyimli Səyavüşlə Bəhram da bir tərəfdə durur. Qarayanız Altay isə qabağa gəlir.

A l t a y
İştə, о xain burda!

İ s y a n ç ı l a r
О düşmandır bu yurda.

A l t a y
Həmən cəza bulmalı!

İ s y a n ç ı l a r
Bir anda məhv olmalı!

V a l i
Azğın! Şaşırdınmı sən!?

M ü ş a v i r
İştə о pək sərsəri!

V a l i
Bu sayğısızlıq nədən!?

M ü ş a v i r
О, bunların rəhbəri.

A l t a y
Artıq yetər, səbrimiz həp tükəndi.

İ s y a n ç ı l a r
Səbrimiz həp tükəndi.

A l t a y
Hüququmuz, namusumuz çignəndi.

İ s y a n ç ı l a r
Namusumuz çignəndi.

V a l i
Bən ayrılmam ədalətdən, qanundan.

İ s y a n ç ı l a r
Yalan!.. Çəkilməz yalan!

A l t a y
(əlilə göstərir)
İştə, ədalətin dar ağacları!
Boğazlatdın acları.
Quraqlıq bir yandan, sən də bir yandan,
Xalqa yutturdunuz qan.
Ölkə vİran oldu, çıraqlar söndü,
Evlər məzarə döndü.
Vergi deyə hər gün bizi soydunuz,
Yaman günə qoydunuz.

V a l i
Gəlirsiz hökumət təməldən bitər.

İ s y a n ç ı l a r
Bitsin yoq olsun, yetər!

B i r n ə f ə r ç i n l i
Yetər, sandınız bu xalqı oyuncaq,
Xalqı xırpalayır hökumət ancaq.

Y a l ç ı n
İştə bən!..

V a l i
Səni kim bıraqdı?

Y a l ç ı n
(İsyançıları göstərir)
Şaşqın!
Səncə əyləncəmi şu yılmaz aqın?

V a l i
Sus, bu, hökumətə qarşı isyandır!

Y a l ç ı n
Sənin azğınlığın bizə əyandır.

A l t a y
(önünə keçər, qızğın)
Yetər çıldırdınız hökumət! – deyə,
Evləri yıqdınız, ədalət! – deyə.
Məzlumlar qanından badə sondunuz,
Qarğa-quzğun kibi leşə qondunuz.
Qanun deyə doğruluqdan caydınız,
Xalqın namusunu hiçə saydınız.
Aldıqları nəfəs – zəhərli ahlar,
Qidasız çocuqlar ot yeyib yaşar.
Söylə, öyündüyün ədalət bumu?
Hökumət dediyin rəzalət bumu?

V a l i
Kimsə böylə təhqir etməmiş bəni,
Sən nəçisin, kimsin? Aşma həddini!

A l t a y
Zülmətləri yaran bir şimşəyim bən,
Doğdum məzlumların diləklərindən.

V a l i
(qafasını sallar, acı gülüşlə)
Bildim ki, Altaysın, bəlli şöhrətin,
Şübhəsiz böyükdür, gücün, qüdrətin.
(Camaatı göstərir.)
Əfsus, güvəndiyin bu sərsəmlərin
Cümləsi isyançı, cümləsi xain.

S ə y a v ü ş
Bu adlar yaraşır ancaq Valiyə.

V a l i
Bən kimlərə isyan etdim?

S ə y a v ü ş
Hər şeyə;
Haqqa, ədalətə, insaniyyətə,
Namusa, vicdana və heysiyyətə.

V a l i
Demək sən də uyub şu xırsızlara,
Qıymaq istiyorsun böyük sərdara.
Türk və moğol dursun, çinlilər belə
Şımardı da əlbir oldu səninlə.
О çinlilər ki, dün bizə əsirdi,
Qarşımızda bu gün dodaq gəmirdi.

A l t a y
Həpsi məzlum, ya türk olsun, ya çinli.

S ə y a v ü ş
(acı gülüşlə)
Tilki baqışların nasıl da kinli!?

V a l i
(sinirli)
Qəhrəmanlıq səni məğrur etməsin,
Qorqunc olur cəzan…

S ə y a v ü ş
Söylənmə, miskin!
(isyançılara)
Bağlayın qolunu, susdurun onu!
İsyançılar Yalçınla arqadaşının yarıbağlı qolunun zəncirini açıb Vali ilə Müşavirin qolunu bağlarlar.

Ç i n l i
İştə haq bağıran haqsızın sonu!

Y a l ç ı n
(Valiyə dar ağacını göstərir)
Çoq alçaldın, şimdi sənindir sıra,
Bir az yüksəlirsin, çəksələr dara.

S ə y a v ü ş
Xayır, saqın! Onu asmış olsalar,
Zəhərlənir leşə qonan qarğalar.
Bəncə layiq ona bir dəmir qəfəs,
İbrət alsın görüb keçdikcə hər kəs.

Ç i n l i
Altay! Sən bu yurda yeni can verdin,
Zülmün qaba heykəlini devirdin.

Y a l ç ı n
Alqış sana, alqış doğduğun soya!
Alqış bəslədiyin böyük duyğuya!

A l t a y
Siz çox inlədiniz zəncir altında;
(Valiyə işarətlə)
О zevqi tapmalı bizim şaşqın da,
Şu qayğısız ovalara, dağlara
Xəyanət uğramaz bu gündən sonra.
Susdu hər bucağa qonan bayquşlar,
Bir də çignəməz bu yurdu sərxoşlar.
Zülmə qarşı dikbaş və məğrur olun!
Hürriyyət uğrunda pək cəsur olun!
Səadət pərisi gülməz qullara,
Munis olur ancaq dəmir qollara.

Pərdə


II SƏHNƏ

Keçən səhnə… Aqşam üstü… Qarşıdakı pərdələr qalqmış, dar ağacı üzərinə iri fanar qonulmuş, dışarıda gözəl geyinmiş t ü r k , m о ğ о l , ç i n qızları və dəliqanlıları coşğun bir sevinclə rəqs edərlər. F i r ə n g i z nədimələri ilə bərabər iri, açıq pəncərədən onlara tamaşa eylər.

S ə y a v ü ş
(gəlir)
Gözün aydın!

F i r ə n g i z
Nə var?

S ə y a v ü ş
İştə əmcəniz!

F i r ə n g i z
Gərşivəzmi?
(Qapıya doğru ilərilər, içəri girən Gərşivəzə.)
Хoş gəldiniz!

G ə r ş i v ə z
(qucaqlayıb alnından öpər)
Firəngiz!

F i r ə n g i z
Babam niçin bizi anıb gəlmədi?

G ə r ş i v ə z
Bu gün bayram olduğunu bilmədi,
Zərər yoq, о gəlməz, siz gedərsiniz.
(Ətrafı süzər)
Nə хoş mənzərələr, nə parlaq dəniz!?

S ə y a v ü ş
Dənizsiz bir ölkə çıqılmaz qəfəs,
Havasız bir məhbəs, alınmaz nəfəs.

G ə r ş i v ə z
İştə həp erkəklər, yosma gəlinlər
Daşqın sevinc ilə rəqs edib gülər.

S ə y a v ü ş
Əvət, şanlı bir gün, uğurlu bayram.

F i r ə n g i z
Xalq için qurtuluş günü – şu bayram.

B ə h r a m
Bir yıl əvvəl isyan qopardı burda,
Səyavüş tazə ruh verdi bu yurda.

G ə r ş i v ə z
Duydum şöhrətini bütün ellərdə,
Zəfər dastanların gəzər dillərdə.
Mümkünsə, dinləmək istərdim əl’an
Olub keçənləri kəndi ağzından.

S ə y a v ü ş
Bən şu yurda yeni vardığım zaman,
Sarmışdı hər yeri aclıq və isyan.
Xain mə’murlara cəza verildi,
Qarğaşalıq bitdi, köylər dirildi.
Bunu görən qomşu çinlilər belə,
Yığın-yığın əlbir oldu bizimlə.

G ə r ş i v ə z
Aşq olsun, əzizim, böyük məharət!
Var ol, bin yaşa, ən gözəl siyasət!
(Əlini sıqar, şübhəli baqışla.)
Çin xalqına çoq da inanmaq olmaz,
Onlar siyasətdə olduqca qurnaz.

S ə y a v ü ş
Xayır, həpsi Çin xaqanından qaçan,
Yоxsul əkinçilər…

G ə r ş i v ə z
Hiylədir, inan!
Onlar yabançıdır bizə, unutma!
Hər azğını türkə bərabər tutma!

S ə y a v ü ş
(sərt və kəskin)
Bən bu düşüncəyə qarşıyım…

G ə r ş i v ə z
Saqın!
Er-gec qıyar sana о məzlum aqın.

Q ı z l a r yemək və şərab gətirir. Bu sırada dışarıdan gurultulu səslər eşidilir.

Y a l ç ı n
Yetər, verilsin cəza,
О vicdansız xırsıza!

A l t a y
Xain qaçsa hər yana,
Qurtuluş yoqdur ona.

A l t a y və Y a l ç ı n camaatla bərabər yaqaladıqları V a l i və M ü ş a v i r i gətirirlər.

S ə y a v ü ş
Nə olmuş?

A l t a y
Bu alçaq həriflər dəmin
Qaçmaq istiyormuş…

Y a l ç ı n
(Valiyi üstdən aşağı süzərək)
Zavallı miskin!

S ə y a v ü ş
Durun!

A l t a y
Bu xainlər asılsın gərək!

C a m a a t
Asılsın, asılsın!

A l t a y
(Valiyə)
Oh, quduz köpək!

V a l i
(Səyavüşün ayaqlarına qapanır)
Bir yıl cəza kafi deyilmi?

S ə y a v ü ş
Asla!

G ə r ş i v ə z
Səyavüş! Onları bana bağışla.

S ə y a v ü ş
Zalim bağışlansa daha çoq azar,
Məzlum için qazar ən dərin məzar.

G ə r ş i v ə z
(Səyavüşə)
Onun cəzasını bıraq bizlərə!

F i r ə n g i z
Əmcəmin sözünü salmayın yerə!

S ə y a v ü ş
Düşün, yaralanmış kinli bir yılan
Sağ qalırsa…

Y a l ç ı n
Xayır, buna yoq imkan.

A l t a y
(Yalçına)
Bağlayın qolunu şu azğınların!

G ə r ş i v ə z
Xaqan hüzuruna gedərlər yarın,
Qanun qarşısında rəzil olurlar,
Umulmaz, amansız cəza bulurlar.

A l t a y
Xayır, inanmayın!

F i r ə n g i z
(Səyavüşə)
Susdur Altayı!

S ə y a v ü ş
Haydi!

Y a l ç ı n
Gəl, xaqan da bunların tayı.

A l t a y
Səyavüş də şah nəsli, xaqan nəsli,
Onun hər kəslə var başqa bir dili.

Gedirlər.

G ə r ş i v ə z
(Səyavüşün əlini sıqaraq)
Var ol, xalq içində qırmadın bəni,
Sağ bıraqmam inan öylə xaini.
Nədimələr qədəhləri doldurur.

F i r ə n g i z
(kəndisi doldurduğu böyük qədəhi Gərşivəzə verir)
Yorğunsunuz, gözəl şərabdan için!

S ə y a v ü ş
(nədiməyə)
Çin elçisi nerdə, çağır da gəlsin.

B i r i n c i n ə d i m ə
(qapıya doğru baqır.)

Gəldilər.

S ə y a v ü ş
Buyurun!

Eyicə geyinmiş K ö s ə, B ə h r a m l a bərabər gəlir, otururlar.

F i r ə n g i z
(Gərşivəzi Kösəyə tanıtaraq)
İştə əmcəmiz.

K ö s ə
(Gərşivəzə)
Məmnun etdi bizi böylə gəlməniz.

S ə y a v ü ş
(qədəhi qaldırır)
Var olsun Gərşivəz!..

B ə h r a m
(içərək)
Yaşa, bin yaşa!

G ə r ş i v ə z
Çoq təşəkkür!..

R ə q q a s ə girər.
О kim?

F i r ə n g i z
(gülümsəyərək)
Canlı bir əda!

K ö s ə
О, Çin sarayında eşsiz bir inci,
Həm oynamaqda, həm səsdə birinci!

G ə r ş i v ə z
(Firəngizə baqaraq)
Nəş’əmizə yeni bir nəş’ə qatsın.

F i r ə n g i z
(rəqqasəyə)
Şaqraq səsin duyğuları oynatsın.
Gərşivəz bir də içər.

R ə q q a s ə
(həm şarqı söylər, həm də rəqs eylər)
Doğurdu annəm bəni matəmli bir dügündə,
İblis ilə tanrının öpüşdüyü bir gündə.
Gözlərimdə о gündən məstanə cilvələr var,
Ağlasam yüzüm gülər, gülərsəm ruhum ağlar.
Bən istərim hər könül bənim aşqımla dolsun,
Kimsə bana yar deyil, ancaq əsirim olsun.
Rəqqasə çəkilir, Gərşivəz dərin ah çəkər.

S ə y a v ü ş
"Ah" niçindir?

G ə r ş i v ə z
Bunu о cəllada sor!
(Əlini şiddətlə masaya vurub qalqır.)
Xayır, bu hiç vicdanıma sığmıyor.

S ə y a v ü ş
Nə oldu?

G ə r ş i v ə z
Hiç!..

S ə y a v ü ş
Kimə qarşıdır bu kin?

F i r ə n g i z
Vali içinmidir?

G ə r ş i v ə z
Sormayın!

S ə y a v ü ş
Niçin?

G ə r ş i v ə z
Çünki Vali onun yanında bir hiç!

S ə y a v ü ş
О kim? Daha qorqunc insanmı?

G ə r ş i v ə z
Vaz keç!
Alav dalğaları yaqar beynimi,
Hiç bir qüvvət susduramaz kinimi.

S ə y a v ü ş
Yorğunsunuz, bir az yatın, dinlənin.
(Yan odaya götürür.)

G ə r ş i v ə z
(qolunu Səyavüşün boynuna keçirir)
Bilinmədi əfsus qiymətin sənin.

F i r ə n g i z
(Bəhrama)
Daim onda böylə gülünc hallar var,
Bir qədəh içdimi, qiyamət qopar.

B ə h r a m
Xayır, bu coşğunluq səbəbsiz deyil.

Həpsi çıqar. Kösə ilə rəqqasə qalır.

K ö s ə
(təlaş ilə qıza yaqlaşır.)
Tam fürsətdir! Hanı о zəhri-qatil?

R ə q q a s ə
Yolda düşürmüşüm…

K ö s ə
Yalan söyləmə!

R ə q q a s ə
(ciblərini göstərir)
Yoqdur, inan!

K ö s ə
Çıqar, həzyan eyləmə!
(Ciblərini arar və boğazını yaqalar, bu sırada Firəngiz qapı arasından görünür, dinlər.)

R ə q q a s ə
(bükülü bir kağız çıqarır)
Buyur! Südabənin bu hiyləsində
Sən də məhv olursun, inan ki, bən də.

K ö s ə
(kağızı açar, gülərək)
Bu bir zəhir ki, ilk öncə güldürür,
Güldürür, güldürür, sonra öldürür.
Səyavüşə məxsus qədəh iştə bu!
Bizdən ona tatlı, sürəkli uyğu!..

R ə q q a s ə
(həyəcanlı)
Həp о, həp Südabə!..

K ö s ə
(dalıb gedən rəqqasənin qolundan tutar, odadan çıqarmaq istər.)
Gəl, yetər sükut!

R ə q q a s ə
(zəhərli qədəhi alıb yerə çırpar)
Parçalanmalıdır bu qanlı tabut…

K ö s ə
(kinli)
Səyavüşə sən dəmi aşiq oldun?

R ə q q a s ə
Sən nəsin? İştə bir duyğusuz odun!

K ö s ə
(cibindən küçük bir xəncər çıqarır)
Baq, bu xəncər daha zəhirli, kəskin!

R ə q q a s ə
(əlindən xəncəri qapar)
Sən canavar südiyləmi bəsləndin!?

K ö s ə
Xəncəri ver bana!..

R ə q q a s ə
(ətrafa)
Zavallı şaşqın!
Öylə qəhrəmana qıyılmaz, saqın!

K ö s ə
Ver diyorum…
(Xəncəri almaq istər.)

R ə q q a s ə
Xayır!
(Xəncəri arqaya atar.)

K ö s ə
(qızı yaqalar, boğar)
Ver!

R ə q q a s ə
(acı fəryad ilə)
Bıraq, bıraq!

K ö s ə
Xəncəri ver, yoqsa…

F i r ə n g i z
(Xəncəri yerdən alıb Kösənin böyrünə saplar)
Al, iştə, alçaq!

K ö s ə
(yıqılaraq)
Ah, bən… ölsəm belə… sizə… aman yoq…

F i r ə n g i z
Sus!

S ə y a v ü ş
(içəridəkilərlə bərabər gəlir)
Nə olmuş?

F i r ə n g i z
Bunda asla vicdan yoq;
Hərif Çindən gələn elçi deyilmiş.

R ə q q a s ə
Südabə göndərmiş, səninçin gəlmiş.

S ə y a v ü ş
Hiç şübhə yoq ki, var gizli bir səbəb.

R ə q q a s ə
(göstərir)
Qədəh də, xəncər də zəhərlidir həp.

F i r ə n g i z
Pozmaq istiyorkən şən həyatını,
Firəngizdən aldı mükafatını.

S ə y a v ü ş
(rəqqasəyi süzərək)
Bu qız da şübhəsiz yoldaşdır ona.

R ə q q a s ə
Fəqət yoldaşlığım varmadı sona,
Biz səni öldürməkçin gəlmişkən,
Nədənsə həp fikrim dəyişdi birdən.

S ə y a v ü ş
Söylə, niçin dəyişdi?

R ə q q a s ə
Hiç sormayın!
Çırpınan qəlbimə yara vurmayın!
Bən çocuqkən saraylara satıldım,
Rüzgar kibi eldən-elə atıldım.
Öc izlərkən, birdən sana tuş oldum,
Fəqət məzlumlara yardımçı buldum.
(Cənazəyə baqar, kinli)
Qıymaq istiyorkən bu miskin sana.
Mane oldum iştə!..

B ə h r a m
Afərin sana!

F i r ə n g i z
Qız məhv olmuşdu bən yetişməsəydim.
(Rəqqasəyi qucaqlar, öpər.)
İnan, səni bütün ruhumla sevdim.
(Nədimələrə.)
Alın, rahatlansın, о pək üzüldü,
Sisli taleyimiz onunla güldü.

Rəqqasəyi yan odaya aparırlar.

S ə y a v ü ş
(yanındakılara)
Alın cənazəyi!..
Qaldırırlar.
Nə dəhşət!? Əgər
Cihandakı bütün kinlər, fitnələr,
Bütün ihtiraslar olsa həp gəbə,
Bir afət doğardı, о da Südabə!

G ə r ş i v ə z
(dərin ah çəkər)
Doğrusu, pək uğursuzmuş taleyin,
Bilməm nə gündə sən cihana gəldin?
Zülmətlə nur qarışdığı andamı?
Xeyr ilə şər barışdığı andamı?
Sanma bir Südabə azmışdır yolu,
Əfrasiyab ondan daha qorqulu!

S ə y a v ü ş
Bən nə yapdım ona? Tühaf müəmma!?

G ə r ş i v ə z
Diyor ki, göz tikmiş taxtü tacıma.

F i r ə n g i z
Səyavüşmü?

G ə r ş i v ə z
Əvət!

S ə y a v ü ş
Çirkin iftira!

G ə r ş i v ə z
Diyor: "Qarşı durur о, qanunlara"!

S ə y a v ü ş
Hanki qanunlara?

G ə r ş i v ə z
Kim bilir!?

F i r ə n g i z
Asla!..
Sapdığımız yoqdur qanunsuz yola.

G ə r ş i v ə z
Xayır, bu şübhələr sıqmasın sizi,
Yoqdur Səyavüşdə xəyanət izi.
(Digər odaya keçər.)

S ə y a v ü ş
Gedib görmədikcə Əfrasiyabı,
Qalqmaz ortadan bu fitnə dolabı.

F i r ə n g i z
Saqın, getmə, ona bir şübhə gəlsə,
Yalnız sana deyil, qıyar hər kəsə.

S ə y a v ü ş
Yoq, dayanılmaz bu çirkin böhtana,
Ən küçük bir ləkə ölümdür bana.
(Sinirli və coşqun.)
Kimə inanmalı!?
İştə hər diyar
Bana qarşı kin və intiqam duyar.
İran xəyanət və hiylə ocağı,
Turan iftira və dəhşət qucağı!..
Çinə getsəm, onlar daha amansız!
Saray böcəkləri yaşarmı qansız?
Lə’nət olsun, uymam bu gündən sonra
Elmasla parlayan qanlı taclara!

Pərdə