Məzmuna keç

Sehirli şəkil

Vikimənbə saytından
Sehirli şəkil
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bu əhvalat lap qədimlərdə, yer üzünü hansı imperatorun idarə etdiyi məlum olmayan vaxtda olub. O qədim vaxtlarda Çju-tszı adlı bir oğlan vardı. Atasından ona bir balaca parça tarla qalmışdı. Bu tarla o qədər kiçik idi ki, Çju-tszı nə qədər çalışıb əlləşirdi, yenə də anası və özü güc-bəla ilə dolanırdılar.

Onlar çox kasıb idilər. Ancaq hər halda təzə il axşamı anası yığıb dala atdığı on gümüş manatı çıxardıb oğluna verdi:

– Başqalarınkı kimi, qoy bizim də evimizdə bayram olsun. Get bazara, bir az un və meyvə al, mən düşbərə bişirim.

Çju-tszı bazara getdi. O, bazarda meyvə satılan yerə gedib çatmamışdı ki, qabağına şəkilsatan bir qoca çıxdı. Çju-tszı keçib getmək istədi, ancaq gözəl qız şəklini görüb dayandı. Çju-tszı şəkilə baxdıqca qız ona daha çox xoş gəlirdi. O, tərəddüd etmədən on manatın hamısını verdi, şəkli alıb evə qayıtdı.

Anası gördü ki, oğlu un və meyvə əvəzinə şəkil alıb gətirib, dərindən bir ah çəkdi – demək dadlı düşbərə yemək bu gün də onlara qismət olmayacaqdır. Ancaq oğluna bir kəlmə də söz demədi. Çju-tszı şəkli öz otağından asdı, özü də gedib bir işdən-zaddan axtardı ki, bəlkə bayrama bir neçə mis pul qazansın. Ancaq heç yerdə iş tapmadı, eləcə də əli boş evə qayıtdı.

Anası dedi:

– Yoxsullar ac olanda uzanıb yatsalar yaxşı olar.

O, öz yerini salmağa başladı, oğlan da öz otağına keçdi. Çju-tszı çırağı yandırdı, titrək işıq divara düşəndə Çju-tszı gördü ki, şəkildəki qız əlini tərpətdi, başını ona tərəf döndərdi. Oğlan gözlərini yumub düşündü: “Yəqin ki, məni qara basıb, çırağın da işığı elə pisdir ki!”

Ancaq bu anda nəsə bir şey yavaşdan xışıldadı. “Xua-la-la, xua-la-la...” Oğlan gözlərini açdı – bu xışıldayan qızın ipək paltarı idi. Budur onun yelpini açıldı, başında qiymətli sancaq parıldadı. Bir an da keçdi, üstü tikməli ayaqqabılar gil döşəmədə yüngülcə səsləndi.

– Təzə iliniz mübarək, Çju-tszı! – deyə qız mehriban-mehriban gülümsəyərək onun yanında əyləşdi.

Çju-tszı o qədər sevindi ki, hətta heyrətlənmədi də. O da qıza səmimi cavab verdi, söhbətə başladılar. Təzə il gecəsi heç hiss edilmədən keçdi. Xoruzun birinci banında gözəl qız yenə də şəkil oldu.

Çju-tszı bütün günü səbirsizliklə axşam olmasını gözləyirdi. Hava qaralanda: “Birdən o, ildə bir dəfə, Təzə il axşamı canlanar – onda heç nə!” – fikrindən ürəyi tıp-tıp edə-edə öz otağına girdi. Ancaq o nahaq yerə qorxurdu. Yenə də ipək “xua-la-la, xuala- la” xışıldadı, qız şəkildən yerə düşdü. Bu gecə o, Çju-tszıya başına gələn əhvalatı danışdı.

Qız ata-anasının təkcə bir qızı idi. O, öz günlərini dərd-qəm bilmədən keçirərək bağda çiçək əkər, ya da ipək parçalarda aləlvan naxışlı tikmələr tikərdi. Bir dəfə onların cənub əyalətindəki kiçik şəhərinə bir tacir gəlib onun ata-anası ilə tanış olur və tez-tez onların evinə gəlib-getməyə başlayır. O öz böyük evindən, özünün var-dövlətindən, tacirlikdə əli yaxşı gətirməyindən danışa-danışa atasının ürəyini elə ələ alır ki, ata, heç fikirləşmədən qızını ona ərə verməyə razı olur. Qız bir gün bağda gəzirdi, birdən eşidir ki, darvazanı kimsə açıb içəri girdi. Qız kolluqda gizlənir – axı yad adama üzünü göstərmək olmaz. O, gələn adamı görmədi, – ancaq çox qəribədir ki, onların balaca bağlarını xoşlayan bütün quşlar qışqıra-qışqıra budaqlardan uçub getdilər. Qız sonra anasından soruşdu:

– Bizə kim gəlmişdi? Yəqin ki, o xeyirxah adam deyil.

– Gic-gic danışma, – deyə anası ona cavab verdi. – O adam sənin gələcək ərin idi. O, dövlətlidir, qəşəngdir, hələ qocalmayıb, sən onunla xoşbəxt ömür sürəcəksən.

Ancaq qız bu gündən dərdə-qüssəyə batdı. Qız bütün axşamı öz otağında oturub, divarın o tərəfində gedən söhbətə qulaq asırdı. Qonağın dalınca qapı örtülən kimi, qız ayaqlarının ucunda bağa çıxdı, adaxlısının dalınca baxdı – nə görsə yaxşıdır: yol ilə yekə bir tülkü qaçırdı, tacir isə heç yerdə görünmürdü. Yazıq qız, adaxlısının ovsunçu olduğunu bu cür öyrəndi.

O, bunu atasına danışmaq istədi, atası ona heç qulaq asmaq da istəmədi. O dedi ki, bütün bunlar qızların uydurmalarıdır, yəqin ki, qoca dayəsindən sehrli əhvalatlar eşidib, odur ki, onları yuxuda görür.

Qız heç olmasa toy gününün vaxtını uzatmağa çalışdı, o, ataanasına dedi:

– Ərim məni götürüb uzaqlara aparacaq, siz də tək qalıb mənim üçün darıxacaqsınız. Deyirlər ki, Pekində yaxşı bir rəssam olur. Onun dalınca adam göndərin – qoy gəlib mənim şəklimi ipək parçanın üstünə çəksin ki, mən sizin yanınızda olmayanda şəklimə baxa biləsiz.

Ata-anası razı oldu, atası sadiq nökərini paytaxta göndərdi. Nökər bir aydan sonra qayıdıb gəldi. Rəssam da onunla gəlmişdi. Rəssam çox qoca idi: onun saqqalı və saçı tamam ağarmışdı. Atası onu çoxlu pul verib geniş otağa apardı. Bu otaqda əyninə qəşəng paltar geymiş, saçları gözəl yığılmış bir qız oturmuşdu. Rəssam, fırçasını və rəngini hazırlayıb qıza tərəf döndü. Birdən o gördü ki, qız acı-acı ağlayır. Rəssam başını bulayıb dedi:

– Qızlar ağlayırlar, bir dəqiqədən sonra da gülürlər. Əgər mən səni kədərli çəksəm, onda sən şəkildə həmişə də elə qalarsan. Yaxşısı budur gülümsün.

Qız dedi:

– Müəllim, mənim ürəyimdə dərd ola-ola mən gülümsünə bilərəmmi?

Qız dərdini qocaya danışdı.

– Mən sənə kömək edə bilərdim, – deyə rəssam dilləndi, – ancaq bilmirəm ki, sən razı olarsan ya yox? Mənim fırçamda elə qüdrət var ki, mən ona əmr eləsəm səni şəklə döndərər. Sən gecələr oradan çıxa bilərsən, gündüz isə şəkil olub hərəkətsiz qalmalısan. Sən ancaq sevdiyin oğlana ərə getmək istəyəndə canlı qıza çevrilərsən.

– Tez çək! – deyə qız sevindi. – Mən indi, sənin fırçan şəklimi çəkib qurtaranadək gülümsəyəcəyəm.

Rəssam, qızın şəklini çəkməyə başladı. İpək üstündə çəkilən hər bir xətdə sanki qız əriyirdi, şəkli isə daha da qəşəngləşirdi. Rəssam şəkli çəkib yavaşca evdən çıxıb getdi.

Bir qədərdən sonra qızın ata-anası otağa daxil olub orada heç kəsi görmədilər. İki damcı su kimi bir-birinin eyni olan, öz qızlarına oxşayan şəklindəki qız onlara baxıb gülümsünürdü. Ata ilə ana evi, bağı gəzib qızı heç yerdə tapmadılar. Axşam tacir gəlib qızın ata-anasını yasa batmış gördü. Onlar tacirə dedilər ki, qızları yox olub, ancaq ondan nişanə bircə şəkli qalıb. Tacir şəklə baxıb hiddətlə gülümsündü. O dəqiqə məsələni başa düşdü – axı cadugər idi.

– Sən biclik edib məndən gizlənmisən, – deyə o şəkilə pıçıldadı.

– Ancaq bu sənə kömək etməyəcək. Mən öz vaxtımı gözləyəcəyəm, sən gec-tez şəkildən çıxıb mənim arvadım olacaqsan.

– Sonra üzünü qızın ata-anasına tutub bərkdən dedi: – Siz qızınızı mənə verməyə söz vermişdiniz, – ancaq ondan muğayat ola bilmədiniz. İndi ki, belədir, mən onun şəklini özümlə aparacağam. O, şəkli köhnə əl yazısı kimi dürmələyib, qoltuğuna vurdu, çıxıb getdi.

Zalım cadugər şəkli öz evinə aparmaq qərarına gəlmişdi. O, çox yol getməli idi, ona görə gecələmək üçün karvansaralarda qalmalı oldu. Karvansaraların birində əli iti oğrular şəkli ondan oğurladılar. Şəkil əldən-ələ gəzirdi, axırda qoca şəkilsatanın əlinə düşdü.

– Sonra da onu sən aldın, – deyə qız hekayəsini qurtardı. – Mən səni bir baxışda sevdim, həmişəlik sənin yanında qalmaq istəyirdim. Ancaq cadugər zalım və qüvvətlidir. Mən şəkli tərk etməkdən qorxuram, çünki ikimizin da başına bəla gəlməsini istəmirəm. Səbr et, vaxt gələr ki, xoşbəxtlik bizə də nəsib olar.

O gündən Çju-tszının həyatı – bir-birinə qovuşmayan, yanyana axan çaylar kimi axırdı. Gündüzləri o, həmişəkindən çox işləyirdi, ancaq yoxsulluqdan yaxa qurtara bilmirdi. Bir iş də vardı ki, indi oğlan dərd çəkmirdi, – bilirdi ki, axşam o, şəkildəki qızın mehriban baxışını və səmimi söhbətlərini eşidəcək. Qızın isə gün-gündən dərdi artırdı. Bir dəfə o, Çju-tszıya dedi:

– Səninlə ananın bu cür ehtiyac içində yaşamanızı görəndə ürəyim ağrıyır, mən istəyirəm ki, sizin təzə paltarınız və gen-bol yeməyiniz olsun. – Qız başından qiymətli sancağı açıb oğlana verdi. – Sabah bunu sat, puluna ipək parça və ipək sap al.

Çju-tszı belə də elədi. Axşam o, bazardan aldığı şeyləri qıza verdi, qız dedi:

– Sən uzan yat, mən işləyim. Səhər nə görsən, apar bazarda sat.

Çju-tszı gündüz yorulduğundan yerinə girən kimi bərk yuxuya gedib, bir də səhər oyandı. Evdə sakitlik idi. Şəkil hərəkətsiz divardan asıla qalmışdı. Onun dalında isə ipək belbağı vardı. Bu belbağının üstündə sədəf balıqqulağı kimi rəngdən-rəngə çalan güllər, yarpaqlar tikilmişdi.Çju-tszı belbağını götürüb bazara getdi. Üç dövlətli bu belbağının üstündə çox sözləşdilər ki, kimə çatmalıdır, elə hey qiymətini artırırdılar.

Bu vaxt qəşəng və çox da cavan olmayan dördüncü bir tacir gəldi. O, belbağını görən kimi hiddətlə gülümsündü, içində qızıl pul olan kisəni Çju-tszıya atdı, belbağını onun əlindən qapıb camaatın içində yox oldu.

Çju-tszı sevindi, ancaq gərək o ağlaya idi – axı belbağı zalım cadugərin əlinə keçmişdi. Oğlan yeməyə yaxşı şeylər, anası üçün pal-paltar aldı, qalan pula da ipək parça və al-əlvan sap aldı. O, gətirib yeməli şeyləri və pal-paltarı anasına verəndə arvad təəccüb elədi, soruşdu ki bunları o haradan alıb.

– Mən şəkildən çıxan qızın tikdiyi belbağını satmışam, – deyə oğlan cavab verdi.

Anası daha da çox təəccübləndi:

– Şəkildəki qız necə tikə bilər ki, o canlı deyil.

– O canlıdır, – deyə Çju-tszı ona cavab verdi. – Ancaq bu barədə sən heç kimə bir söz demə, yoxsa bizi bədbəxt edərsən. Vaxt gələr, qız şəkli tamam tərk edib mənim arvadım olar.

Anası həm sevindi, həm də qorxdu, əlbəttə şəkildəki qız qəşəngdir, həm də görünür əlindən gözəl işlər gəlir. Ancaq yaxşı olardı ki, gəlin onunla danışıb gülə bilən, ağlaya bilən, səhv bir iş görəndə üstünə qışqırmaq mümkün olan sadə bir qız olsun. Ancaq belə bir qızı gözaltı eləməmişdi, sehrli gözəlin qazandığı pula isə oğlu düyü, un, təzə paltar almışdı. Buna görə də anası dinmədi. Səhər Çju-tszı tarlaya işləməyə çıxıb gedəndən sonra kimsə qapını döydü. Anası qapını açdı. Qapı ağzında yaxşı geyinmiş qəşəng, hələ qocalmamış bir tacir dayanmışdı. Tacir ona baxdı, tez əllərilə üzünü örtüb dedi:

– Vay, vay, vay! Sənin sifətində cadu kədərinin izləri var.

Şəkildəki qız barəsində oğlunun söhbəti ananın yadına düşdü, qorxudan əlləri əsdi.

Tacir isə deyirdi:

– Sən elə bilirsən ki, şəkil sənin evinə səadət gətirib. Sən korsan, – bəla sənin başının üstünü alıb, tezliklə xəstəlik və ölüm gətirəcək. Mən səni xilas edə bilərəm. Şəkli ver mənə, sənin evindəki bədbəxtlik də onunla çıxıb getsin.

Qorxmuş arvad tez oğlunun otağına cumub şəkli divardan götürdü. Birdən o zərif bir səs eşitdi:

– Çju-tszıya deyərsən: əgər məni sevirsə, qoy məni qara çayın o tayındakı evdə axtarsın. Mən onu gözləyəcəyəm.

Anası dayanıb fikirləşdi. Lakin tacir otağa girib şəkli arvadın əlindən dartıb aldı. Arvad bir kəlmə söz deməyə vaxt tapmamış tacir yox oldu.

Axşam Çju-tszı tarladan qayıdıb gəldi, o saat gördü ki, şəkil yoxdur. Anası tacirin gəlişini və onun dediyi sözləri oğluna danışdı. Qızın sözlərini isə demədi – yaxşı olar ki, oğlu o sehrli gözəli həmişəlik yaddan çıxarsın.

Çju-tszı gedib taciri axtardı, ancaq onun axtarışları nahaq idi. O, bir də ancaq səhər evə qayıdıb yerinə uzandı, daha qalxa bilmədi – o bərk xəstələnmişdi.

Günbəgün oğlanın halı pisləşirdi. Anası gördü ki, ölüm oğlunu az qalıb yaxalasın, o, oğlunun yanında oturub ağladı:

– Çju-tszı, Çju-tszı, mənim bircəciyim, mən həmişə sənin ürəyin istəyəni istəmişəm. Öz naxoşluğunu mənə ver; qoy ölüm səni yox, məni aparsın.

– Mən heç olmasa bircə dəfə də tacirin apardığı şəklə baxa bilsəydim, bəlkə də sağ qalardım, – deyə oğlan qəmli-qəmli cavab verdi.

– Ay Çju-tszı, indi mən özüm görürəm ki, öz əlimlə başıma nə oyun açmışam. Ancaq oğlum, qulaq as, mən sənə əvvəl demədiyim bir sözü deyim. Mən şəkli divardan götürəndə qız mənə pıçıldadı: “Əgər o məni sevirsə, qoy məni qara çayın o tayındakı evdə axtarsın”.

Çju-tszın gözləri o saat sağlam adamın gözləri kimi parıldadı və uzun xəstəliyi günlərində birinci dəfə olaraq yerindən qalxdı. Bir həftədən sonra isə oğlan yola çıxmağa hazırlaşdı. Ana oğlu üçün kətan torba tikib qəpik-qəpik yığdığı pulu onun içinə qoydu. Çju-tszı qatıra minib getdi. Çox getdi, az getdi, bunu heç kəs bilmir. Anasının torbaya qoyduğu gümüş və mis pulları yeməyə və gecələməyə xərclədi. Ancaq Çju-tszı qara çayı kimdən soruşurdu, xəbər verən olmurdu, heç kəs belə bir çayın olduğunu eşitməmişdi. Oğlan sonra qatırı satıb yoluna davam etdi. Bu pul da qurtarandan sonra kəndlərdə şey daşımaqla dolandı. Ancaq get-gedə kəndlər azalırdı və tez-tez elə olurdu ki, Çju-tszının üç günlərlə ağzına bircə dənə də düyü dəyməmiş olurdu.

Bir dəfə o, qızmar günəş altında boş səhrada yol gedirdi. Susuzluqdan boğazı qurumuşdu, yorğunluqdan ayaqları əsirdi. Birdən onun gözünə yaxınlıqda bir çökək sataşdı. Çju-tszı tez ora qaçdı ki, bəlkə orada bir bulaq ya kiçik çay oldu! Buradakı çay çoxdan qurumuşdu, ancaq böyük çuxurun lap dibində azca su qalmışdı. Çju-tszı çömbəlib oturdu ki, sudan içsin, suyun qırağında gözünə balaca qara bir balıq dəydi. O dedi:

– Ay balıq, ay balıq! Əgər mən bu bir damcı suyu içsəm, sən, heç bir saat da diri qalmazsan, əgər içməsəm, özüm susuzluqdan yanaram. Ancaq sən elə onsuz da ölərsən, çünki nohurdakı su tezliklə quruyacaq.

Oğlan dayanıb çox fikirləşdi ki, nə eləsin. Axırda cibindən kətan torbasını çıxarıb suda islatdı, balığı götürüb ona bükdü. Yerdə qalan suyu da özü içdi – cana gəldi, balığı qoltuğuna qoyub yoluna davam etdi.

O çox yol getdi. Gün batmağa başlayırdı ki, gəlib böyük bir çayın qırağına çatdı. Çju-tszı çayın qırağına gəlib, balığı suya buraxdı.

Oğlan dedi:

– Allah bilir mənim başıma nə gələcək, ay balıq, sən get özün üçün üz, keyf elə!

Balıq quyruğunu tərpətdi, ətrafa su səpələndi, Çju-tszı gördü ki, çayın suyu qaradır. Çay elə enli idi ki, o biri sahil ensiz bir sahə kimi görünürdü. Elə də dərin idi ki, dibi görünmürdü.

– Görəsən bu mən axtardığım çaydır? – deyə Çju-tszı özözündən soruşdu. – Axı mən yazıq bu çayı necə keçib o biri sahilə çıxım?

O əvvəl sağa baxdı, sonra dönüb sola baxdı – elə bil ki, çay lap göyə çatırdı – ucu-bucağı görünmürdü.

Balıq isə bu vaxt dalğalar arasında özü üçün oynayırdı, sonra başını sudan çıxarıb dedi:

– Çju-tszı, hər ikimizin vəziyyəti pis olanda, sən məni ölümdən xilas etdin. İndi mənim üçün lap yaxşıdır, ancaq sən əvvəlki kimi dərdlisən. De görək, sənin ürəyini sıxan nədir, – bəlkə mən sənə kömək edə bildim.

– Mən o biri sahilə çıxmalıyam, ancaq bilmirəm necə gedib çıxım.

– Bundan asan nə var ki? – deyə balıq ona cavab verdi. – Min mənim dalıma, mən səni ora aparıb çıxararam.

Çju-tszı soruşdu:

– Mən sənin dalına necə minim? Sən ki, balacasan?

– O qədər də balaca deyiləm, – deyə balıq təkəbbürlə cavab verdi.

O, ağzını açıb hava uddu. Şişib elə bil bir az böyüdü. Bir də hava uddu, yenə də bir az şişdi. Axırda Çju-tszın qabağında qara pulları par-par parıldayan yekə bir balıq oldu. Çju-tszı balığın dalına mindi, balıq onu o biri sahilə aparıb çıxartdı. Çju-tszı dedi:

– Çox sağ ol, ay balıq!

– Sağ ol, sözünü çox tez deyirsən, – deyə balıq cavab verdi. – O yol, gedər-gəlməzdir. Geri qayıdanda mən yenə də sənə lazım olacağam.

Qara balıq bunu dedi, qara suya baş vurub getdi.

Çju-tszı ətrafına göz gəzdirdi. O, yaxınlıqda, güllü-çiçəkli bir bağ gördü. Bağın içində ev vardı. Oğlan da birbaş ora getdi. Ev ona böyük gəlirdi, ancaq içəri girəndə kiçik boş bir otağa daxil odlu. Bu otağın onun açıb içəri girdiyi qapısından başqa bircə dənə də ayrı qapısı yox idi.

“Gör mən neçə gün yol gəlmişəm. Deyəsən nahaq yerə zəhmət çəkmişəm. Qara çayın o tayındakı ev boşdur”, – düşünüb Çju-tszı geri qayıtmaq istədi.

Birdən gözünə divarda nazik ipək sap sataşdı. Şəkildən çıxan qız bu rəng sapla qızıl gülün ləçəklərini tikirdi. Oğlanın ürəyi sevinclə çırpındı. İndi o bilirdi ki, qız haradasa buralardadır. Çjutszı ipək sapı dartdı – gizli qapı səssizcə açıldı. O biri otaq da boş idi, onun da qapısı yox idi. Ancaq Çju-tszı heç də ürəyini sıxmadı. O diqqətlə divarlara baxmağa başladı, çox keçmədən şəkildən çıxan qızın şanagüllə çiçəyini tikdiyi sarı ipək sapı tapdı.

O yenə də sapı dartıb üçüncü otağa keçdi. Burada yaşıl ipək sap yolu ona göstərdi. Çju-tszının yaxşı yadında idi ki, qızın bu sapla tikdiyi naxışlı yarpaqlar necə qəşəng idi. Oğlan çox otaqlar keçdi. Axırıncı otağa çatanda onun kəmərindən bir çəngə rəngbərəng uzun ipək sap asılmışdı. Bu otağın divarında onun bu qədər uzun müddət axtardığı qızın otağının qapısını açan qızıl sapı gördü.

Çju-tszı sevinclə qışqırıb özünü şəklin üstünə atdı.

– Mənə yaxın gəlmə! – deyə qız qışqırdı. – Cadugərin sehrli qılıncı mənim keşiyimi çəkir!

Elə doğrudan da həmin anda Çju-tszının gözləri qabağında vıyıltı ilə havanı yaran qılınc parıldadı.

– Çalış dəstəyi tut! – deyə qız yenə də dilləndi.

Çju-tszı əlini qılınca atdı və güclə geri çəkə bildi. Qılınc əlindən sürüşüb dərisini cızdı. Onda oğlan əl atıb kəmərindəki bir çəngə rəngbərəng sapı qabağına atdı. Qılınc nazik saplara ilişdi, bircə anlığa onun enməsi yavaşıdı. Zirək oğlan üçün elə bu da kifayət idi. O, bərk-bərk qılıncın dəstəyindən yapışdı, qılınc itaətlə yerə endi.

Qız şəkildən yerə atılıb dedi:

– Gəl, cadugər qayıtmamış tez qaçaq!

Onlar qaçdılar. Çayın qırağına gəlib çatmamış, qız dönüb dala baxdı və Çju-tszıya dedi:

– Göydə qara quzğunu görürsənmi? Bu cadugərdir. Gəl o qalın ağac altında gizlənək.

Ancaq daha gec idi – cadugər qaçqınları görmüşdü. O, qanadlarını yığıb daş kimi aşağı düşdü, yerə dəyən kimi yerdən alov dilləri qalxdı. Alov dilləri irəli uzanır, elə bil ki, əjdahanın pəncələridir. Bax, lap indicə alov onlara çatıb yandıracaq. Birdən çaydakı bir dalğa qalxıb Çju-tszın və qızın başı üstündən keçib alovun üzərinə töküldü. Alov qeyzlə cızıldayıb çırtıldadı, ancaq heç nə edə bilmədi. Sönməli oldu. Dalğalar yatdı, bulanıq suda qara balıq göründü. Balıq onlara dedi:

– Nə qədər ki, cadugər özünə gəlməyib, tez olun minin dalıma!

Qız ilə oğlan təzəcə sahildən aralanmışdılar ki, çayın üzərində düz onların başı üstündə yaşıl-başlı əjdaha uçdu. Caynaqlı pəncəsini aralayıb birbaş qaçqınların üstünə cumdu. Çju-tszı qılıncını qaldırıb birinci zərbədə əjdahanın sol pəncəsini üzdü. Əjdaha fışıldadı, havada çönüb yenidən Çju-tszın üstünə cumdu. Oğlan ikinci zərbədə əjdahanın quyruğuna dərin yara saldı.

– A-a, – deyə cadugər qışqırdı. – Sən mənim sehrli qılıncımı götürmüsən, ancaq mən onu sənin əlindən alaram.

Əjdaha özünü suya vurdu, bir ayaqlı balaca sarı arıya çevrilib havaya qalxdı. Arı Çju-tszının sağ əlini sancdı. Oğlan qışqırıb qılıncı dalğalara atdı.

Arı sevinclə qışqırdı:

– Dz... dz... dz indi siz mənim əlimdəsiniz!

Cadugər təzədən aşağı cumdu ki, özünü suya vurub başqa cildə düşsün. Ancaq arı suya toxunmağa macal tapmamış balıq ağzını açıb onu uddu. Xain cadugərin aqibəti belə oldu. Çju-tszı və qız gəlib sahilə çatdılar. Sıçrayıb qumun üstünə çıxdılar, balıq dedi:

– Yekə olmaqdan lap zəhləm gedir! Uf-f, – deyə o, havanı buraxıb, yenə də balaca qara balıq oldu.

– Ay balıq, biz sənin xəcalətindən necə çıxaq? – deyə Çjutszı ondan soruşdu. – Axı sən bizim həyatımızı xilas etdin.

– Mənə heç nə lazım deyil, – deyə balıq cavab verdi. – Əgər heyfin gəlmirsə, kəmərindən asılan o qızıl sapı mənə ver!

Çju-tszı baxıb gördü ki, kəmərindən, onu cadugərin axırıncı evinə aparıb çıxaran qızıl sap asılmışdır. O, məmnuniyyətlə sapı balığa verdi. Balıq sapın ucunu ağzına aldı, birdən suda fırfıra kimi fırlandı. Sap ona sarındı, pullar günəşdə parıldadı, qara balıq dönüb qızıl balıq oldu.

Çju-tszı və qız onunla salamatlaşıb uzaq yola düşdülər. Onlar gəlib Çju-tszın doğma kəndinə çatdılar və uzun illər birlikdə yaşayıb xoşbəxt ömür sürdülər.