Soylu sənətin soylu davamçısı

Vikimənbə saytından
Soylu sənətin soylu davamçısı (2011)
Müəllif: Araz Yaquboğlu
Mənbə: "Yeni nəsil Azərbaycan aşıqları-II". Bakı, "Turan evi", 2011. səh.96-98.

Ötən əsrlərdə olduğu kimi çağdaş zəmanəmizdə də aşıqlar yetişməkdə və tanınmaqdadırlar. Belə aşıqlardan biri də Göyçə aşıq məktəbinin davamçısı Aşıq Firudindir.
İsgəndərov Firudin Abid oğlu 22 yanvar 1967-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. Doğulduğu ailədə onun qulaqları ana laylası ilə bərabər, həm də sazın həzin səsini eşitmiş, о səsi dinləməkdən usanmamışdır. Sonralar onun anası Röyzə xatırlayırmış ki, — "О mənim laylamdan tez sazın səsinə yuxuya gedərdi". Onu da xatırladaq ki, Röyzənin atası Hidayət kişi də sazın-sözün yaxşı anlamda "dəlisi" olub. Onun telli sazının səsi onu dinləyənlərin qulaqlarından hələ də getməyib. Bu ailədə aşıqların çox olmasının əsas səbəbi də ana babalarından gəlmə fitri istedad olmuşdur. Firudinin atası Abid Əmrəli oğlu (1930–1984) da gözəl saz çalıb оxuyarmış. Firudinin ilk ustadı atası olsa da, aşıq sənətini özündən böyük qardaşları Aşıq Nuriddin və Viləddindən öyrənmişdir.
Aşıq Firudinin böyük qardaşı Aşıq Nuriddin Azərbaycanın tanınmış aşıqlarındandır. О uzun müddət Aşıq Hacı Göyçəli (1931–2011) ilə ağır el məclisləri keçirmiş, ona şəyirdlik etmişdir. Onunla bərabər ifa etdikləri "Aşıq Alının Türkiyə səfəri" dastanı hələ 1980-ci illərdən bu yana saz-söz sevənlərin yaddaşlarından silinməyib və bu günə kimi Dövlət Televiziyasının qızıl fondunda ölməz sənət əsəri kimi qorunub saxlanılır.
Aşıq Firudin 1984-cü ildə doğma Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Saxalin və Kuril adalarında əsgəri xidmətdə (1985–1987) olmuşdur. О, 1987-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Sənaye Tеxnikumuna qəbul olmuş, 1990-cı ildə həmin texnikumu müvəffəqiyyətlə bitirmişdir.
Aşıq Firudin 1988-ci ildə baş verən məlum hadisələrlə əlaqədar doğma yurdu Göyçə mahalına qayıda bilməmiş və Bakı şəhərində məskunlaşmışdır. 1991-ci ildən "Aşıq Ələsgər" adına mədəniyyət evində saz-solo ifaçılıq sənətini gənclərə öyrətməyə başlayıb. 1995-ci ildən isə ustad aşıq kimi fəaliyyət göstərir. Neçə-neçə şəyirdlərinə saz havaları öyrədir, aşıq sənətini gənclərə sevdirməyi bacarır. Qardaşı Viləddinin oğlu Şöhrəddin də solo saz ifaçılığını Aşıq Firudindən öyrənmişdir. Aşıq Firudin elə gün olmaz ki, əlinə saz alıb çalıb оxumasın. О, 60-a qədər saz havası, bir neçə dastan və onlarla dastanların müəyyən hissələrini çalır və оxuyur.
Ustad aşıq öz səmimiliyi və sədaqəti ilə də seçilir. Hələ uşaqlıqdan yoldaşlıq və dostluq etdiyi, 1991-ci ildən isə bir yerdə çalıb-oxuduğu tərəf müqabili Aşıq Arzumanı (1966–2010) itirən Aşıq Firudin bu gün onun ən çox sevdiyi "Nəcəfi", "Məmmədhüseyni" havalarını təkrar-təkrar oxumaqla onu yad edir və heç zaman onu unutmur.
Aşıq Firudin İsgəndərov hal-hazırda Bakı şəhərində yaşayır və aşıqlığını davam etdirir, el şənliklərində müntəzəm çıxışlar edir.
Ailəlidir, iki övladı var.