Surətin nəqşində hər kim görmədi nəqqaşını

Vikimənbə saytından
Surətin nəqşində hər kim görmədi nəqqaşını
Müəllif: İmadəddin Nəsimi


Surətin nəqşində hər kim görmədi nəqqaşını,
Vahibi-surət anın gözsüz yaratmış başını.

Qabü-qövseynin rümuzun sanma kim, fəhm eyləyə
Kim ki, zahir görmədi şol mahi-bədrin qaşını.

Ləbləri şirin nigarın firqətü hicranıdır,
Axıdar yanınca şəmin gözlərindən yaşını.

Düşmədi batil xəyala, olmadı sevdası xam,
Hər kimin kim, eşq oduyla həq bişirdi aşını.

Gərçi fərraşi-məlikdir ənbərəfşan sünbülün,
Çünki mən sultanı buldum, neylərəm fərraşını?

Həqqə vasil rindü həqdən ayrıdır zahid, görün
Xanəgahın şeyxini, meyxanənin övbaşını.

Dəmbədəm sufi məlamət daşın atar aşiqə,
Daşı qiymətsizdir anın, içini gör, daşını.

Hasilin məscid bucağında gör axır kim, nədir,
Ey məlamət eyləyən meyxanənin qəllaşını.

Yaşını yandırdı eşqin, həm qurusun könlümün,
Kim ki, eşqə düşdü, yandırdı quruvü yaşını.

Könlümün şəhrində eşqin bir imarət yapdı kim,
Ta əbəd qoparmaz andan nöh fələk bir daşını.

Canımı eşqin əzəldə yoldaş etmiş özünə,
Qoymaya yoldaşlığın həqqin bilən yoldaşını.

Ey Nəsimi, halını gər kimsə bilməz, qəm degil,
Həq bilir xəlqi-cahanın sirrini, həm faşını.