Tapun kim, canların cananəsidür

Vikimənbə saytından
Tapun kim, canların cananəsidür
Müəllif: Həbibi
Mənbə: Həbibi (2006). Şeirlər (az). "Şərq-Qərb". Orijinal mənbədən 2017-04-27 tarixində arxivləşdirilib. Yoxlanılıb 2017-04-27.

Tapun kim, canların cananəsidür,
Bu aşiq can anun cana nəsidür?

Yüzü bir şəmi-candır, aləm-əfruz,
Kim anun mehrü meh pərvanəsidür.

Rüxün nətində xalün baydaqınun,
Qamu şahi-cəhan fərzanəsidür.

Bu cümlə zülfü canun zülfü xalun,
Birisi damü, biri danəsidür.

Saçın məşşatəsinin dil olubdur,
Necə getsün ki, hər dəm şanəsidür.

Qaşın mehrabi can ikən əcəb bu,
Kim əhli-şirkin ol meyxanəsidür.

Saçı zəncirinün hər dəm Həbibi,
Bu əqlü canü dil divanəsidür.

Zülali-ləlin içün olmayaq xak,
Həvan oduna hər dəm yanəsidür.