Vikimənbə:Günün mətni/oktyabr 11

Vikimənbə saytından

Dilbər
Cəfər Cabbarlı

Hər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: "Müəllimə mən deyim, mən deyim", - deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.
- Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?
Dilbər, yuxuda imiş kimi diksindi, başını qaldırdı, ancaq danışmadı, susdu qaldı. Müəllimə onu irəli çağırdı... Hər gün, sözləri qrammofon kimi bir-birinin ardına düzən Dilbər, bu gün qırıq makina kimi baş-ayaq vururdu. Onun fikri nə isə uzaq bir yerdə, tam başqa bir şeylə məşğul idi. Dərsdən sonra müəllimə Dilbəri müəllimlər otağına çağırdı.
- Dilbər, sənə nə olmuşdur? - deyə soruşdu.
Dilbər dalğın gözlərini yerə dikmiş, susurdu. Bu aralıq Dilbərin sinif yoldaşı Məryəm başını əyib:
- Müəllimə Dilbəri ərə verirlər, - dedi.
- Aha, ərə getmək istəyirsən? - deyə müəllimə gülümsəmək istərkən, Dilbərin kiçik bədəni titrədi, gözləri yaşardı və birdən:
- Yox, mən istəmirəm, atam verir, - deyə dizi üstə düşdü. Dərdli başını müəlliməsinin dizi üstə salıb, əsəbi bir hönkürtü ilə ağlamağa başladı.
Dilbər iki dərəcəli məktəbin üçüncü qrupunda idi. Atası Həsən kişi yoxsul bir kəndli idi. Dünya malından qaratikan bir qəlyan, övlad adına da bir qızı vardı. Ancaq savadsızlığın nə qədər böyük bir bəla olduğunu öz təcrübəsindən bilmiş və oğlu olmadığı üçün qızını da olsa, oxutmağı qərara almışdı.