Vikimənbə:Günün mətni/sentyabr 12

Vikimənbə saytından

Oxutmuram, əl çəkin!
Mirzə Ələkbər Sabir

Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
          Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kamal etməyə səyi dəxi vardır,
Məncə bu işlər bütün şiveyi-küffardır,
          Dinə zərərdir, zərər, oxutmuram, əl çəkin!
          Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır,
Sair uşaq kimi hər sözə aldanmayır,
          Eyləyir ömrün hədər, oxutmuram əl çəkin!
          Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!

Eyləmərəm rəhm onun gözdən axan yaşına,
Baxsın özündən böyük öz qoçu qardaşına,
Ölsə də verməm rıza şapqa qoya başına,
          Kafir ola bir nəfər, oxutmuram əl çəkin!
          Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!