Xoş ol ki, meykədə aşiyanəmiz vardı
Xoş ol ki, meykədə aşiyanəmiz vardı Müəllif: Molla Məhəmməd Zövi |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13. |
Xoş ol ki, meykədə aşiyanəmiz vardı,
Müdam qülqüli-meydən təranəmiz vardı.
Edəndə məscidə dəvət bizi müəzzinlər,
Suali-rəddinə yüz min behanəmiz vardı.
Xərabə mülki zürufü füruş əbavü qəba,
Şərabə sərf elədik hər təvanəmiz vardı.
Əgərçi olmuşuq indi əsiri-qeydi-əyal,
Deyildi böylə, bizim də zəmanəmiz vardı.
Əgərçi Zövi kimi indi xanəbərduşəm,
Xoş ol ki, meykədə küncündə xanəmiz vardı.