Yaxanı düymələmə

Vikimənbə saytından
Yaxanı düymələmə
Müəllif: Miskin Əli
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

 
Gözəlliyin mən deyərəm,
Gəl yaxanı düymələmə.
Qaşlarına baş əyərəm,
Gəl yaxanı düymələmə.

Bağçanızda bitən güldür,
Saçların süsən sünbüldur,
Açıxlıx yasax deyildir,
Gəl yaxanı düymələmə.

Tərifin vardır hər yanda,
Söylənir, dildə, dahanda,
Nə saxlayırsan pünhanda,
Gəl yaxanı düymələmə.

Araqçının yama qoyma,
Bağrımın başını oyma,
Nə lazımdır tikmə düymə,
Gəl yaxanı düymələmə.

Sənsən gözəllərin xası,
Geyinibsən tər libası,
Şair edir iltiması
Gəl yaxanı düymələmə.

«Kərəm sənə nələr demiş,
O dil dodağını yemiş»,
Yaxa bəndi neylər gümüş,
Gəl yaxanı düymələmə.

Gözəllər bağçaya gedir,
Məşuqunun bağrın didir
Miskin Əli xahiş edir,
Gəl yaxanı düymələmə.