Yerindədir

Vikimənbə saytından
Yerindədir
Müəllif: Aşıq Qəhrəman
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.43; ISBN 978-9952-571-42-4

Dost məzəmmətindən incimək olmaz,
Əgər onda namus,ar yerindədir.
Gözlədiyin karvan çoxdan keçibdir,
Sanma ki, vəfasız yar yerindədir.

Xəstənin təbibdir, dağdır çarəsi,
Gözələ şöhrətdir onun vəfası.
O nə dostdur, səndən vardır yarası,
Eyləyir əl-aman, zar yerindədir?!

Qəhrəman dost üçün sərdən keçibdir,
Gahı şərbət, gahı zəhər içibdir.
Sən deyən bülbüllər çoxdan uçubdur,
Ötüşür budaqda, sar yerindədir.