Zəmanəmi (Koroğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Zəmanəmi
Müəllif: Koroğlu
Mənbə: Azərbaycan Aşıqlar Birliyi (2020). Ustad nəfəsli saz-söz ərməğanı (az). “Zərdabi Nəşr” MMC nəşriyyatı. Orijinal mənbədən 17 iyun 2023 tarixində arxivləşdirilib. Yoxlanılıb 17 iyun 2023.

Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?

Tutulur məclisdə igidin yası,
Kar görmür qılıncı, polad libası,
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?
 
Belə zaman hara, qoç igid hara,
Mərdləri çəkirlər namərdlər dara,
Tərlanlar, laçınlar baş əyir sara,
Mənmi qocalmışam, ya zəmanəmi?

Axır əcəl gəldi, yetdi hay, haray!
Çəkdiyim qovğalar bitdi hay, haray!
Tüfəng çıxdı, mərdlik getdi hay, haray!
Mənmi qocalmışam, ya zəmanəmi?

Koroğluyam, Qırat üstə gəzərdim,
Müxənnətlər başın vurub əzərdim,
Nərələr çəkərdim, səflər pozardım,
Mənmi qocalmışam, ya zəmanəmi?