Məzmuna keç

Bəlli bil!

Vikimənbə saytından
Bəlli Bil (05.08.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


“Bir kərə yüksəlsə bayraq, bir də enməz”, bəlli bil!

Millətin qeyrət kanı bitməz, tükənməz, bəlli bil!


Gəlsə oxlar məşuqundan, səbr edər, etməz giley,

Al qana qərq olsa da, aşiq deyinməz, bəlli bil!


Gülməsə millət, dodaq gülməz, ürək qan ağlayar,

Almasa eldən enerji, qəlb döyünməz, bəlli bil!


Göylərin çatmaz gücü insanlığı söndürməyə;

Sönməyincə kainat, insan da sönməz, bəlli bil!


İnsanı gildən yaratdı Tanrı, atəşdən deyil;

İnsan iblis olmasa, atəş geyinməz, bəlli bil!


El, Vətən, millət sözün namərd eşitmək istəməz,

Mərd ölər millət yolunda, amma dönməz, bəlli bil!


Kimsə var-dövlətlə, kimsə ad-sanıyla fəxr edər;

Öyməsə öz xalqını, Teymur öyünməz, bəlli bil!