Məzmuna keç

Can Şuşam!

Vikimənbə saytından
Can Şuşam! (08.02.2022)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Uğrunda neçə canlarımız verdi can, Şuşam!

Qazi Şuşam, döyüşçü Şuşam, qəhrəman Şuşam!


Yar eylədin camalına vurğun könülləri,

Öz xalqımın şirin dilinin oldun əzbəri.

Cəzb eylədi öz qoynuna cənnət şəhidləri,

Qoynunda oldu qazilər cənnətməkan, Şuşam,

Qazi Şuşam, döyüşçü Şuşam, qəhrəman Şuşam!


Ey güllərin gülü, neçə bülbüllərin bağı,

Fəxr etdi səninlə Qarabağ yurdu, torpağı.

Sancanda sənin sinənə üçrəngli bayrağı,

Mat qaldı sənin qeyrətinə asiman, Şuşam,

Qazi Şuşam, döyüşçü Şuşam, qəhrəman Şuşam!


Duydun səsini övladının, pərvaz eylədin,

Qoynundakı o son payızı sən yaz eylədin,

“Oğlum gəlir!” deyə anatək pişvaz eylədin,

Övladını sən bağrına basdın haman, Şuşam,

Qazi Şuşam, döyüşçü Şuşam, qəhrəman Şuşam!


Qalib gələcək haqq, bilirəm, vardır er-geci,

Murdar qafanı kəsməlidir haqqın ülgücü.

Saf torpğına çatmadı “İskəndər”in gücü,

Saflıq, halallıq oldu payın hər zaman, Şuşam,

Qazi Şuşam, döyüşçü Şuşam, qəhrəman Şuşam!


Rəhbər bəyaz sinəndədir indi, Cıdır düzü!

Yasdan çıxaraq tazə geyindi Cıdır düzü.

Hər addımına sanki sevindi Cıdır düzü,

Hər daşı ilə son zəfəri qutlayan Şuşam!

Qazi Şuşam, döyüşçü Şuşam, qəhrəman Şuşam!