Dəyişir

Vikimənbə saytından
Dəyişir (31.12.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Dəyişir dünya, onun xatirinə il dəyişir,

Bəmə doğru azalarkən deyəsən zil dəyişir.


Dəyişən təkcə il olsa, deyərəm dərd yarıdır,

Siçan olmaq daha rahatdı deyə, fil dəyişir...


İndi fillər daha ölmür kiçicik daşlar ilə;

Dronun qüdrətini görsə, əbabil dəyişir.


Əzraildən qaçaraq konspirativ fəndlər ilə,

Yazıq insan bu umudla neçə mənzil dəyişir.


Qoca Şərqin başı üstündə görüb təhlükəni,

Qorxusundan göyərir rəngi, Bəyaz Nil dəyişir.


Doğru çatdırmaq üçün insana Haqqın səsini,

Quranın düzlüyünü rəbt edib İncil dəyişir.


Köhnə söz kimsəni tərpətməsə, Teymur, yeri get,

Sözünü sən də dəyiş, söz dəyişir, dil dəyişir...