Həsbi-hal (M.Ə.Rəsulzadə)

Vikimənbə saytından
Həsbi-hal[1] (1907)
Müəllif: Məhəmməd Əmin Rəsulzadə
Mənbə: “Füyuzat” jurnalı. №30. 12 oktyabr 1907. Məhəmməd Əmin Rəsulzadə Əsərləri - I cild (az). 1 may 2024 tarixində arxivləşdirilib.


Şəxsimə aid bir bədbəxtliklə qara fikirlər edib, düşündüyüm zaman müğləq[2] və qeyri-müəyyən əhvalımı təsvir üçün bilaixtiyar qələmə aldığım şu bir neçə bəndləri dərci-stuni-«Füyuzat» edərək, bir növ sakitləşmək arzusundayam. Çünki demişlər nəql etdikcə dərd azalar.

Qaranlıqdır bana dünya.
Bütün dünyavü-mafiha[3].
Diyorlar cümləsi guya:
                    Çəkil bir yanə sakitləş!

Daralı qəlb vasekən[4].
Qaraldı şəms[5] lamekən[6],
Eşitmir guş[7] samekən[8]:
                    Çəkil bir yanə sakitləş!

Təhəmmül, səbr mümkünmü?!
Həyatə cəbr[9] mümkünmü?!
Zəvali-qəhr mümkünmü?!
                    Çəkil bir yanə sakitləş!

Çıxıb əldən cilov gəlməz.
Mənə yaru ədu[10] gəlməz.
Bu dərdə çarəcu gəlməz.
                    Çəkil bir yanə sakitləş!

Dolu heyrətlə hər yanım,
Toxunmuş daşa peykanım.
Ədu insarə ixvanım[11].
                    Çəkil bir yanə sakitləş!

Nə vəhşidir bəni adəm!
Mücəssəm zülmdür aləm!
Diyorlar cümləsi[12] yekdəm:
                    Çəkil bir yanə sakitləş!

Çəkildim, ey hərifan, bən
Bu meydani şücaətdən!
Bütün dünya bənə derkən:
                    «Çəkil bir yanə sakitləş!»

Sözlük[redaktə]

  1. həsbi-hal - söhbət, ürəyini boşaltma
  2. müğləq - anlaşılmaz, başa düşülməyən
  3. dünyavü-mafiha - dünya və onun
    içindəkilər
  4. vase - geniş
  5. şəms - günəş
  6. lame - işıqlı, parlaq
  7. guş - qulaq
  8. same - eşidən, dinləyən
  9. cəbr - zülm
  10. ədu - düşmən
  11. ixvan - qardaşlar
  12. cümlə - hamısı