İki qız aldın əlimdən, boyadın qanə, çiçək!
Bu ki bir danədi, rəhm eylə bu oğlanə, çiçək!
Dedim: "Oğlana çiçək döydürək", övrət dedi: "Yox"
Etiqad eyləmədim mən də o dərmanə, çiçək.
Titrərəm bərgi-xəzan tək gecələr ta bəsəhər,
İki qurban kəsərəm gər gedə Dəryanə çiçək.
Xəlq edib xaliqi-can, ey bacı, hər dərdə dəva,
Aqil ilə işi yox, bənd olu nadanə çiçək.
Lövhi-məhfuzə yazılmış: "Gərək ölsün balalar!"
Bu "Gərək" ləfzi gərək od vura İranə, çiçək!
Qəbr qazmaqdan olubdur əl-ayağı şil-küt,
Bizə rəhm eyləməsən, rəhm elə gorkanə çiçək.
Gözəli çirkin edib, eyləmə rüsvayi-cahan,
Qorxuram qızlar əlindən qaça Tehrana, çiçək!
Qızların şikvəsini gər eşidə şahi-cahan,
Bağlar əl-qollaruvi, göndəri zindanə, çiçək.
Bu qızı kim alacaq qoynuna, ey vay bəmən,
Qaşı yox, kirpiyi yox, bənzəmir insana, çiçək.