Məzmuna keç

Üzünü məndən nihan etmək dilərsən, etməgil

Vikimənbə saytından
(Üzünü məndən nihan etmək dilərsən, etməgil! səhifəsindən istiqamətləndirilmişdir)
Üzünü məndən nihan etmək dilərsən, etməgil
Müəllif: İmadəddin Nəsimi

Üzünü məndən nihan etmək dilərsən, etməgil!
Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi nəsrin üzrə mişkin zülfün Sən dağıdıb,
Aşiqi bixaniman etmək dilərsən, etməgil!

Qaşların qövsündə müjganın xədəngin gizləyib,
Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!

Canımı vəslin şərabından ayırdın, ey gözüm,
Eynimi gövhərfəKan etmək dilərsən, etməgil!

Qoymuşam eşqində mən kövnü məkanın varını,
Can nədir kim, qəsdi can etmək dilərsən, etməgil!

Bürqəi üzündən açarsan məgər naməhrəmə,
Gizli əsrarı əyan etmək dilərsən, etməgil!

Yandırırsan könlümü eşqində, məlum oldu ki,
Anı risvayi-cahan etmək dilərsən, etməgil!

Doğruyam eşqində oxtək, kirpigin tanıqdurur,
Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!

Çünki eşqin məskənidir könlümün viranəsi,
Həsrətə anı məkan etmək dilərsən, etməgil!

Çün yəqin bildi Nəsimi ağzının var olduğun,
Ol yəqini sən güman etmək dilərsən, etməgil!