Leyli qəfəsdəki o gözəl deyil,
Tikilən qələlər xanımıdır, bil.
Məcnundan gəldikcə acı xəbərlər,
Yeyirdi qəlbini min qəm, min kədər.
O da aşiqi tək olmuşdu diltəng,
Məhbəsdə qalmışdı can çəkişərək.
Düyünlü bir sapın halqasında qız
Zəncirsiz dustağa düşmüşdü yalqız.
Onun dörd yanında gözətçi vardı,
Dürrün ətəyini almaz qırardı.
Taki o bir gecə qaçmasın yenə
Bütpərəst əhlinin büt məbədinə.
Əri canfişanlıq edib Leyliyə,
Xoş üz göstərərdi, şad olsun deyə.
Leylinin qəlbisə tutqun, pərişan,
Soyuq qarşılardı onu hər zaman.
Süfrədə yox idi milçəkdən bir iz,
Gecə qararmışdı, ev gözətçisiz.
Leyli aşiqini anıb ürəkdən,
Qapıdan eşiyə sıçradı birdən.
Düşmənlər yolundan bir ağac kənar
Bir yol üzərində oturdu ağlar.