Azərbaycan ədəbiyyatı (F.Köçərli, II cild)/Dərbənd şairləri

Vikimənbə saytından
Bahar Şirvani - Mirzə Nəsrullah İbn mərhum Hacı Əbülqasım Şəmaxi "Bahar" Azərbaycan ədəbiyyatı. II cild. Dərbənd şairləri
Müəllif: Firudin bəy Köçərli
Fatimə xanım "Kəminə"


Məlum ola ki, Dərbənd şəhəri qədim binalardan birisi olub, Xəzər dənizinin kənarında təmir olunmuşdur. Dərbəndin binasını, bəzi rəvayətə görə--əzan cümlə "Dərbəndnamə"də yazıldığına binaən, İran padşahı Keyqubad qoyubdur. Keyqubad şahın əsrində Dağıstanın şimal səmti, Dərbənd həvalisi, Krım, Qazan və Rusiyanın şərqi-cənub səmti xəzərlərin padşahı Xaqana tabe idi.

Şah Keyqubad Xaqanın qızını hiylə ilə təzvic edib, onunla qohumluq binasını qoydu və sonradan dərya kənarında İskəndər Zülqərneyn təmir etdirdiyi hasarın ayağını: dəryaya kimi çəkməklə hər iki dövlətin arasında bir sərhəd binasını möhkəmləşdirməyə izn aldı.

Xaqan dostluq və qərabəti mənzur edib mane olmadı və Keyqubad şah indiki Dərbənd olan məhələ külli memar və bənna və fəhlələr göndərib, dəryanın kənarında iki tərəfli xeyli mətin və möhkəm hasarlar çəkdirdi və onun içində bir şəhər bina etdirdi.

Təmirat tamam olandan sonra sərəskər və bir memarbaşı şaha xəbər verdilər ki, haqq-taalanın övni-mərhəməti ilə təmirat hasilə gəlibdir. Haman şəhərin adını "Babül-əbvab" qoyub, şahın hökmü ilə üç min ev İrandan oraya nəql olunmuşdu və bundan əlavə şəhəri mühafizət etmək üçün üç min atlı qoşun dəxi oraya göndərilmişdi.

"Dərbəndnamə" sahibi rəvayət edir, zəmani ki, şəhər uca və zorba hasarlar və dəmir qapılar ilə möhkəmləşir və şah bilmərrə xatircəm olub, Xaqanın qızını gətirdiyi halət üzrə, yəni ona müqaribət et[mə]miş atasının üstə göndərib, öz xəyanətini və fasid niyyətini büruz edib və bu əhvaldan sonra xəzərlər ilə iranlıların arasında böyük cəngü davalar vüqua gəlib, amma nüsrət yenə Keyqubad tərəfdə olur və bir müddət İranın nüfuzu haman yerlərdə artır. Belə ki, Keyqubad şahın oğlu Nuşirəvani-adil haman ətrafda və Dağıstanın çox yerlərində şəhər və qəryələr bina etdirir. Nuşirəvanın vəfatından sonra xəzərlər yenə külli qoşun ilə Dərbənd səmtinə hücum edib, oralara malik olurlar və hətta İraqi-əcəmin və Azərbaycanın çox yerlərini zəbt qılırlar.

Vəqti ki, Cəzirətül-Ərəbdə dini-mübini-Məhəmmədi zühur etdi, onun nuru ətrafü əknafa dağılıb da bir ləməsi Qafqaziya dağlarını və ətəklərini münəvvər elədi və Dərbənd qalası ərəblərin yədi-təsərrüfünə keçdi. Xəzərlər ilə ərəblərin arasında dəfəat ilə böyük davalar vüqua gəlibsə də, xəzərlər həmə vaxt məğlub və münhəzəm olublar. Ən böyük davanın birisinə qırx nəfər ərəb bahadırlar Səlman ilə Rəbiətül-Xeylin sərkərdəliyi ilə özlərini qəlbi-ləşkərə vurub, xeyli cəsarət və rəşadətdən sonra özləri dəxi şərbəti-şəhadət nuş ediblər. Onların qəbri şəhərin şimal tərəfində vaqe olan məzarıstanlıqda ümumi bir hasarın içindədir. Böyük, uzun qəbirlər yan-yana düşüblər və "Qırxlar" adı ilə məşhur ziyarətgahdır.

Dərbənd hasarları bu halda dəxi hər kəsin diqqətini cəlb edəsi bir əlamətdir ki, keçmiş bənna və memarların fünuni-təmiratda nə dərəcədə mahir və qabil olmaqlarına böyük şəhadət edir. Bu hasarın cənub tərəfinə beş darvaza və şimal tərəfinə üç darvaza qoyulub və bu darvazaların bəzisinin üstünə kufə xətti ilə "la ilahə illəllah Məhəmmədün rəsulüllah" yazılıbdır. Şəhərin yuxarı tərəfində qədim və vəsi bir məscid bina olunubdur. Onun asari-qədimədən olduğuna həmin bu kifayət edir ki, onun təmiri 130 ildən ziyadədir. Onu Əbumüslüm bina etdiribdir. Demək olar ki, Qafqaz məmləkətində onun misli yoxdur. Sonralardan Şah Abbas Səfəviyi-mərhum əsrində onun əmri ilə yeddi yerdə məhəllə məscidi bina olunubdur və neçə yerlərdə mütəəddid çeşmələr gətirdib və yeddi ab-anbar bina etdiribdir. Məzkur binalar bu halda da mövcuddur.

Rus dövləti Dərbəndi iki dəfə təsxir edibdir. Əvvəlinci dəfə 1722-ci sənədə Pyotri-kəbirin qoşunu ilə, ikinci dəfə 1796-cı sənədə İmperator Pavelin əsrində. Dərbəndin Rusiyaya mülhəq olması 1806-cı sənədə vaqe olubdur. Bu şəhərin əhalisi qədimdən islam dinində olduğuna görə, həmişə şüari-islamı müraat edib, dindarlıqda və dinpərvərlikdə şöhrət bulublar. Ramazanül-mübarək və məhərrəmülhəram aylarını kəmali-sədaqət və ehtiram ilə zöhdü ibadətdə və təziyədarlıqda keçirməyi müqəddəs vəzifələrindən hesab edirlər. Xüsusən Şühədayi-Kərbəla üçün əla mərtəbədə təziyə tutub, rövzəxanlığa və şəbihkərdanlığa artıq meylü rəğbət göstərirlər. Şəbih binası yüz ildən ziyadədir ki, Dərbənd şəhərində qoyulubdur. Hər əsrdə bu şəbih ümuratına mübaşir olan şairlər olubdur. Amma bu dəstgaha cümlədən artıq rövnəq verən şüəra üç nəfərdir: Mirzə Kərim Şüai, Mirzə Cəbrayıl Süpehri və Mirzə Məhəmmədtağı Qumri.