Aşıq Sona ilə deyişmə

Vikimənbə saytından
Aşıq Sona ilə deyişmə
Müəllif: Müəllif:Aşıq Alı - Aşıq Sona
Deyişmə Aşıq Alının Naxçıvan səfərində yaranıb.
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.369-370 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Aşıq Sona
Mən bir sular sonasıyam,
Meylim göllərə-göllərə.
Tut qolumdan, apar məni
Sizin ellərə-ellərə.

Aşıq Alı
Badi-səba, ərzim budu:
Dəymə tellərə-tellərə.
Seyrəqubu zəlil olub,
Düşsün əllərə-əllərə.

Aşıq Sona
Qıyma nadana tuş olam,
Qanadı sınmış quş olam,
Sığal çəkəsən, xoş olam -
İpək tellərə-tellərə.

Aşıq Alı
Qarşıdakı sarı laçın,
Fələk qoymur qəddim açım.
Gəl, səni götürüm, qaçım
Bizim ellərə-ellərə.

Aşıq Sona
Sona bəhrə-barın olar –
Cavanlıqda yarın olar,
Qocalıqda qarın olar,
Salma çöllərə-çöllərə.

Aşıq Alı
Alı deyər, bir gül əkdim,
Gülün çox cəfasın çəkdim -
İllərinən gözüm dikdim
Sizin yollara-yollara.