Məzmuna keç

Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında

Vikimənbə saytından
Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında (2011)
Müəllif: Araz Yaquboğlu
Yarpızlı Aşıq İslam haqqında
Mənbə: "Filologiya məsələləri" elmi toplusu, №2, 2011-ci il, səh.350-354.

Azərbaycan aşıq yaradıcılığı o qədər zəngindir ki, bu yaradıcılığı öz ədəbi irsi ilə zənginləşdirən el sənətkarları nə qədər öyrənilsə də, nə qədər araşdırılsa da yenə də ayrı-ayrı aşığın, el şairinin tədqiqata ciddi ehtiyacı olduğu bəlli olur. Azərbaycanda aşıq yaradıcılığı demək olar ki, ayrı-ayrı regional aşıq mühitləri kontekstində öyrənilib tədqiq olunmuşdur. Aşıq mühitləri içərisində Göyçə aşıq mühiti xüsusilə fərqlənir. Bu mühit daim tədqiq olunmuş və araşdırılmışdır. Mühitin ayrı-ayrı sənətkarları haqqında elmi məqalələr, monoqrafiyalar, kitablar yazılmış və yazılmaqdadır.
Göyçə aşıq mühitinin araşdırıcılarından tədqiqatçı alim Ziyəddin Məhərrəmov bu haqda fikrini belə bildirmişdir: "Göyçə aşıq poeziyasının toplanması, nəşri və öyrənilməsi istiqamətində görkəmli folklorçu alimlərimizin gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Lakin bu problemin dərindən öyrənilməsi daha ciddi axtarışlara, tədqiqata zərurət yaradır" [1,s.9]
Həyat və yaradıcılığı haqqında araşdırma apardığımız Aşıq İslam Göyçə aşıq mühitinin tanınmış nümayəndələrindəndir. O, Göyçə mahalında yaradıcı və ifaçı aşıq kimi tanınmışdır.
Əmirzadayev İslam Məhəmmədəli oğlu (Aşıq İslam) 1910-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində anadan olub. Anası Qaratel mahalın Daşkənd kəndində yaşamış Dərzilər nəslindən Məsimin qızı olmuşdur. 1943-cü ildə Aşıq İslam Böyük Vətən Müharibəsinə səfərbər olunmuş, İrana göndərilən hərbi hissənin tərkibində İrana getmiş və bir daha geri qayıtmamışdır.
 Daşkəndli el şairi Muxayıl Göyçəli (1918-1944) Aşıq İslamın dayısı Budağın oğludur. Qeyd olunan qohumluq əlaqələrinə görə Aşıq İslam Daşkəndlə sıx təmasda olmuş, həftələrlə kənddə qalmış və toy məclisləri, el şənlikləri keçirmişdir. Elə bu səbəbdən də ustad aşıqlardan biri olan Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913-2007) və Aşıq Abbasəli Nəzərovun (1919-1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır. Aşıq İslam Muxayıl Göyçəliyə də saz havalarını və ifaçılığı öyrətsə də, o aşıq kimi yox, el şairi kimi tanınmışdır.
Yazılı mənbələrdə Aşıq İslam haqqında demək olar ki, heç bir məlumata rast gəlmədik. Sadəcə onun bir neçə yazılarda adı çəkilir.
Tədqiqatçı alim İslam Ələsgərin topladığı Göyçə aşıqlarının el-oba arasında tanınmış məlum nümayəndələrinin siyahısında Yarpızlı kəndindən olan aşıqlardan Aşıq İslamın da adı çəkilir[2,s.14]. Göyçə mahalının Basarkeçər rayonunun kəndləri haqqında ümumiləşmiş məlumat kitabında da "Yarpızlı kəndinin aşıq və balabançıları" siyahısında Aşıq İslamın adına rast gəlinir [3,s.428]. Lakin hər iki mənbədə aşığın haqqında əlavə heç bir məlumat verilməmişdir. Tədqiqatçı alim Ziyəddin Məhərrəmov Göyçə mahalının ayrı-ayrı kəndlərində yazıb-yaradan aşıqlar və el şairləri barədə yazarkən Yarpızlı kəndindən olan məlumatda göstərir ki, "Aşıq İslam - BVM-də həlak olub" [1,s.133]. Buradan da göründüyü kimi, Aşıq İslam Yarpızlı haqqında məlumatlar çox az və bəsitdir.
Sənətşünaslıq namizədi Azad Ozan Kərimli "Göyçə aşıq məktəbi" adlı məqalələr silsiləsində yazır: "Şair Məmmədhüseyn, Aşıq Nəcəf və Aşıq İslamdan sonra Göyçə mahalında Daşkənd kəndinin yetirdiyi ən sayımlı sənətkar 1931-ci ildə dünyaya göz açmış Aşıq Hacıdır. ...Aşıq Abbasəlinin (Nəzərov 1905-1910-cu illər arası dünyaya gəlib), söylədiyinə görə, şagirdlik etdiyi yarpızlı Aşıq İslam çox yaxşı söz deyərmiş, - sinədəftər imiş. İslamın isə ustadı Aşıq Əsədin şagirdi və yeznəsi, II Dünya savaşından qayıtmayan Aşıq Ziyad (o da Daşkəndlidi! - A.O.K.) imiş"[4]. Müəllif ifadələrində yanlışlığa yol vermişdir. Belə ki, əvvəla Aşıq İslam Daşkənddən yox, Yarpızlı kəndindəndir, sadəcə İslamın anası Daşkənddəndir. İkincisi, Aşıq Abbasəli Nəzərov müəllifin yazdığı kimi 1905-1910-cu illər arasında yox, 1919-cu ildə anadan olub. Üçüncüsü isə Aşıq İslamın ustadının Aşıq Ziyad olması həqiqətə o qədər də uyğun deyil. Çünki Aşıq Ziyad 1917-ci ildə anadan olub[5,s.85]. Belə çıxır ki, ustad şəyirddən 7-8 yaş kiçikdir. Bu da o qədər də inandırıcı deyil. Adətən ustad şəyirddən böyük olur. Zənnimizcə bizim gəldiyimiz qənaət daha doğrudur. Yeri gəlmişkən onu da qeyd edək ki, tam dəqiqləşdirilməmiş şəxsi araşdırmalarımıza görə Aşıq İslamın ustadı öz həmkəndlisi Yarpızlı Aşıq İman olmuşdur.
Aşıq İslamın yaradıcılığı haqqında araşdırmalarımız zamanı Şair Məmmədhüseynin "Yatıb oyanmaz, oyanmaz..." adlı kitabına yazılmış ön sözdə bir bənd şeirinə təsadüf etdik. "Göyçə mahalında ad-san qazanmış Yarpızlı Aşıq İslam rəhmətlik şair (Şair Məmmədhüseyn - A.Y.) haqqında fikirlərini belə ifadə etmişdir. (Nəticəsi İsrail Mikayıl oğlu Şairovun əlyazmalarından)

Məmmədhüseyn idi yaxşı, yaman seçə,
Fənanın qonağı üqbaya köçə.
Axırıncı İslamdı sakini Göyçə,
Haqq dərgahından ona elm dolufdu."[6,s.12]

İkinci məlumatı isə Aşıq İslamın xalası oğlu, sazın-sözün vurğunu Daşkəndli Murtuz Bayramquliyevin (1926-2007) əlyazmalarından əldə etdim. Əlyazmada aşığın "Bəyənməz" və "Qurqalanmasın" rədifli qoşmaları, "Yox" rədifli divanisi, "Könül ilə İslamın deyişməsi" və Növrəs İmanla Aşıq İslamın "İbtida" (tərs əlifbey divani) rədifli deyişməsi olmaqla cəmi 5 şeir yazılmışdır. Daşkəndli el şairi Muxayıl Göyçəli ilə Aşıq İslamın 20 yanvar 1941-ci il tarixdə yaranan "Əzizim" rədifli deyişməsi isə ilk dəfə 2008-ci ildə bu sətirlərin müəllifinin "Daşkənd aşıqları və şairləri" adlı kitabında çap olunmuşdur. [5,s.84]
Aşıq İslam haqqında apardığımız araşdırmalar zamanı bizə yaxından köməklik edib, məlumatlandıran İslamın dayısı oğlu, Muxayılın kiçik qardaşı olan Oruc Məsimov (1926) oldu. Onun indiyə qədər qoruyub saxladığı qardaşı Muxayılın 1942-1943-cü illərə aid əlyazmaları köməyimizə çatdı. Demək olar ki, Aşıq İslamın xeyli şeirləri həmin əlyazmalarda toplanmışdır. Biz bu əlyazmaların surətini çıxarmış və 5 cilddə cildləmişik. Əlyazmalarda bir dastan da olmaqla Aşıq İslamın yaradıcılığına məxsus gəraylı, qoşma, təcnis, dodaqdəyməz, divani, müəxəmməs, qıfılbənd, nəzirə və deyişmələri öz əksini tapmışdır. Şeirlərin demək olar ki, hamısında Aşıq İslam təxəllüsünü Cavan İslam kimi möhürbənd etmişdir. Əlyazma cildlərdə təxminən şeirlər bu saydadır: 5-1-ci cilddə 1 dastan, 5-2-ci cilddə 55 bağlama və dodaqdəyməz, 5-3-cü cilddə 60 müxtəlif şeir, 5-5-ci cilddə 105 müxtəlif şeir, nəzirə və deyişmələr vardır (5-4-cü cilddə 57 şeir var, bu şeirlər Muxayılındır). Aşıq İslamın zəngin ədəbi irsi təəssüf ki, bu günə qədər toplanılıb çap olunmamışdır.
Qeyd etdiyimiz kimi, ədəbi irsi vaxtında toplanılıb yazıya alınmadığından, şeirləri işıq üzünə çıxarılmadığından bu tanınmış el sənətkarı tədqiqatdan kənar qalmış, az qala unudulmuşdur. Əlbəttə, bu məqalə bizim Aşıq İslam Yarpızlı haqqında ilk yazımızdır. Biz bu el sənətkarının yaradıcılığı, həyat və fəaliyyəti, onun Göyçə aşıq mühitində yeri barəsində bir neçə silsilə məqalələr yazmaq fikrindəyik. Bundan ötrü əlimizdə kifayət qədər məlumat və əlyazmalar var.

İstifadə edilmiş ədəbiyyat:
1.Ziyəddin Məhərrəmov. "XX əsr Göyçə aşıq mühiti, 1920-1950-ci illər", Bakı, "Azərbaycan Ensiklopediyası" NPB, 1997.
2.İslam Ələsgər. "Sazlı-sözlü Göyçə". Bakı, "Azərnəşr", 1999.
3.Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov, "Başı dumanlı Göyçə", Bakı, "E.L.", 2007.
4.Azad Ozan Kərimli, "Göyçə aşıq məktəbi" (məqalələr silsiləsi), http://musigi-dunya.az
5.Araz Yaquboğlu. "Daşkənd aşıqları və şairləri", Bakı, "Nurlan", 2008.
6.Daşkəndli Şair Məmmədhüseyn, "Yatıb oyanmaz, oyanmaz...", Bakı, "Nurlan", 2005.