Məzmuna keç

Bir dəxi görmək camalın könlüm, ey can, arzular

Vikimənbə saytından
(Bir dəхi görmək camalın könlüm, еy can, arzular səhifəsindən istiqamətləndirilmişdir)
Bir dəxi görmək camalın könlüm, ey can, arzular
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.200.

Bir dəxi görmək camalın könlüm, ey can, arzular,
Xəsteyi-dərdi-fəraqın dərdə dərman arzular.

Ey üzün cənnət, boyun tuba, sözün abi-həyat,
Qulluq etməklik tapunda hurü qılman arzular.

Gər səni arzularam, ey canü cananım, nola,
Təşneyi-vəslin, nigara, abi-heyvan arzular.

Ta gülüstani-Irəm rüxsarını gördü gözüm,
Bülbüli-şeyda kimi hər dəm gülüstan arzular.

Gördü tupi-qəbqəbi-simin, çövkan zülfünü,
Tifli-ruhum neyləsin, ol tupü çövkan arzular.

Könlümüz arzuladı gər vəsli-cananı, nola
Kim, yəqindir arzular dərviş, sultan arzular.

Bax axır xəstə Nəsiminin xəyali-xamına,
Xatiri dərbəndi-zindan, hurü qılman arzular.