Məndədi (Aşıq Valeh)
Görünüş
(Bir qız ilə bir gəlinin bəhsi var səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Məndədi Müəllif: Aşıq Valeh |
Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Bir qız ilə bir gəlinin bəhsi var,
Gəlin deyər, bu gün meydan məndədi.
Qız da deyər, açılmamış qönçəyəm,
Fəsli bahar, baği reyhan məndədi.
Gəlin deyər, ördəyim var, qazım var,
Şirin-şirin söhbətim var, sazım var,
Sallananda yüz qız qədər nazım var,
Həya, iman, ədəb, ərkan məndədi.
Qız deyər, mən oxşamışam anama,
Ləlü mərcan düzülübdü tanama,
Əl vursalar tağdan qopar şamama,
Əl dəyməmiş taği bostan məndədi.
Gəlin deyər, gəl, qız, düşmə araya,
Gər mən ölsəm, aləm batar qaraya,
Bəzənərəm, sallam səni bəlaya,
Şövq salan, camalü can məndədi.
Valeh deyər ikinizə mən qurban,
Yolunuzda mən qoymuşam başla can,
Əyləməyin bu qəribi bağrı qan,
Sizdən ötrü çeşmi giryan məndədi.