Bəlkə də qaytardılar

Vikimənbə saytından
Bəlkə də qaytardılar
Müəllif: Cəlil Məmmədquluzadə
hekayə

Yay fəslini iki dəfə mən Bakıda keçirmişəm. Məlum ki, istidən yayda evdə oturmaq olmur, hamı tökülür bulvara. Mən də qeyri yaranmışlar kimi hər gün bulvara çıxmışam; çünki dəryanın sərin yerindən savayı Bakının istisindən qeyri bir nicat yoxdur.

Və hər gün bir vaxt bulvara gələndə gözüm o üzdə-bu üzdə olub ki, dost-aşnaya rast gəlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilə nə gəzməyə macal və nə əylənməyə yer tapmaq olur. Onun üçün də mən bulvara gündüzlər gələrdim və asudəliklə gəzib-dolanıb axşamlar daha mənzilimə istirahətə qayıdardım. Bir surətdə ki, daha bağ və bağçalarda gecələr qadınlarla ovqat zay eləməyə məndə daha, vallah, hövsələ qalmayıb.

Gündüzlər bulvarda rast gəldiklərim özüm kimi qələm sahiblərindən və teatr xadimlərindən olurdu.

* * * * *

Dörd-beş il bundan qabaq Bakıda, yay fəsli, bulvarda gəzən vaxt tez-tez bir belə hala rast gəlirdim: bulvarın dalda yerində, Naberejni küçəyə tərəf, ağacların dibində dörd nəfər müsəlman görərdim və mən bunların qabağından keçəndə çox vaxt bunların birinin əlində ruznamə görərdim və qalan üç nəfəri bunun ruznamə oxumağına qulaq asan görərdim. Amma mənə bir şey burada qəribə görünərdi. Nəzərimə belə gələrdi ki, bunlar suçlu adam kimi tez-tez o tərəfə-bu tərəfə zənn edirlər; guya bir kəsdən ehtiyatları var və ya bir adam gözləyirlər.

Axırda iş açıldı, mən bunları tanıdım, tanış da oldum və hətta müsahib də oldum. Və bunları tanımağım və dost olmağım bu minvalla əmələ gəldi.

Bir gün, hətta tarixi də yadımdadır ki, min doqquz yüz iyirmi üçüncü ilin iyun ayının 12-sində Türk Tənqid-təbliğ Teatrında xidmətdə olan məşhur Azərbaycan artisti Balaqədəşi bir işdən ötrü axtarırdım. Evə getdim — yoxdur. Çıxdım bulvara ki, bəlkə orada görəm. Cəmiyyət az idi; çünki qulluq vaxtı idi. Dərya kənarı ilə bir baş dolandım və çöndüm indiki tramvay küçəsinə tərəf və uzaqdan gördüm ki, haman dalda yerdə dörd nəfər həmişə gördüyüm adamlar oturublar. Mən istədim qayıdam, bulvardan çıxam; çünki, doğrusu, bunlardan daha bədgüman olmuşdum. Allah rast saldı, Balaqədəş uzaqdan məni görüb gəldi yanıma. Mən hər bir

danışıqdan qabaq Balaqədəşə haman dörd nəfəri nişan verib soruşdum ki, bəlkə o onları tanıdı (Balaqədəş Bakılıdır). Balaqədəş o tərəfə diqqətlə baxandan sonra başladı gülməyə və mənə dedi:

"Aha…. Molla əmi, yaxşı oldu. Səni gərək aparam onların yanına." — Dedim:

"Getmərəm."

Balaqədəş dik baxdı üzümə və genə dedi:

"Sən öləsən, onlarda qiyamət var. Gərək səni onlarla tanış eləyəm."

Əvvəl mən dayandım və getmək istəmədim; amma artist rəfiqim başladı əlimdən çəkməyə. Bir az yavıqlaşdıq. Oturanların biri ayağa durdu və Balaqədəşi səslədi. Yetişdik, salam verdik, hamısı qalxdılar ayağa və bizə öz yerlərini təklif etdilər. Əyləşdik.

Balaqədəş mənim barəmdə onlara belə müərriflik etdi:

"Bu mənim əziz və qədim dostum Molla Nəsrəddin əmidir ki, hətta bunun o məzəli jurnalını neçə dəfələrlə gülə-gülə oxumusunuz və oxuya-oxuya gülmüsünüz."

Hamısı diqqətlə üzümə baxırdılar və "bəli, bəli" deyirdilər. Bundan sonra Balaqədəş üzünü mənə tərəf tutub onları da bu cür başladı mənə tanıtmağa:

"Molla dadaş, sən bu namərd dünyanın işinə bax ki, bu əyləşən dostlarım bir-iki il bundan qabaq hərəsi bir neçə milyona pul demirdi. Amma indi allahdan gizli deyil, səndən niyə gizli olsun ki, Şura hökuməti indi bu biçarələri papiros puluna möhtac eləyibdi. Ay namərd dünya!" — Və burada Balaqədəş başladı bu "bədbəxtlərin" adını bir-bir sadalamağa. Bunun rəvayətindən məlum oldu ki, bunların biri bakılı Hacı Həsəndir ki, Oktyabr inqilabından qabaq onun Bakıda 14 karvansarası və 137 tikilisi vardı ki, indi hökumət hamısını əlindən alıb və bu qoca kişini indi yomiyyə ruzusuna həsrət qoyub.

"Onun yanında oturan sabunçulu Umudbəyovdur ki, eşitmiş olarsan; çünki onu tanımayan yoxdur. Onun qabaqlarda ildə yarım milyon tək bircə neftdən mədaxili olardı. Bu tərəfdə əyləşən və ruznamə oxuyan cavan məşhur milyonçu və un taciri Tələfxanbəy oğludur ki, bunu da gərək eşitmiş olasan. Rusiyanın hər bir böyük şəhərində bunun atasının böyük-böyük dəyirmənləri vardı və neçə paraxodu. Bax, hələ bu dəryada işlədiyini mən özüm görmüşəm. Bax, mənim bu yanımda oturan da mənim köhnə dostum və Gəncə mülkədarı Hacı Sultandır ki, Nikolay vaxtında nər-nər nərildəyirdi və Martınov qradonaçalnikə küçədə elə bir şallağ vurdu ki, səsi düz Peterburğa getdi çatdı. Genə o vədə Hacı Sultan ağaya bata bilmədilər. Gərək axı eşitmiş olasan."

Balaqədəş bu sözləri deyib qurtardı və sonra oturanlara tərəf əyilib, yavaşca onların birinə belə dedi:

"Hacı Həsən ağa. Heç bir zərrə qədər fikir eləməyin. Siz öləsiniz saxlaya bilməyәcəklər, hamısını qaytaracaqlar."

Mən burada Balaqədəşdən soruşdum ki, o nəyi deyir "saxlaya bilməyәcəklər" və "kim saxlaya bilməyәcək"?

Artist rəfiqim mənə belə cavab verdi:

"Molla əmi, bax, bugun ayın neçəsidir?" Bəli, on ikisi deyilmi? Yadında saxla, bax, söz burada qalsın (səsini bir qədər alçaqlatdı). Dostlarımın işini xarab görürəm. İngilislər bərk yapışıblar Çiçerinin yaxasından və deyirlər: ya borcunu ver, ya çəkil kənara!

Mən burada gördüm ki, təzə tanışlarım Balaqədəşin sözlərinə elə ürəkdən şadlanırlar ki, guya bunlara bir böyük müjdə xəbəri gətiriblər.

Mən bir söz demədim; səbəb bu ki, bu təzə tanış olduğum adamları indi birinci dəfədir ki, görürdüm.

Balaqədəş genə üzünü oturanlara tərəf tutdu və dedi:

"Tələfxanbəyzadə! Deyəsən səndə təzə xəbər var! Mən görürəm ki, qəzetə çox diqqətlə baxırsan. Hər nə sözün var, de və Molla əmidən yana arxayın ol. Oxu görək nə var, nə yox."

Tələfxanbəy oğlu ətrafa baxandan sonra yavaşca məndən soruşdu:

"Molla əmi, — bugunkü xəbəri sən eşitmisən?" — Dedim:

"Hansı xəbəri?" — Dedi:

"Bəs ingilis hökumətinin Moskvaya verdiyi notasından xəbərin yoxdu?" — Dedim:

"Xeyr, xəbərim yoxdu."

Tələfxanbəy oğlu genə ətrafına diqqət edəndən sonra cibindən bir əzik qəzet çıxartdı. Baxdım ki, bu həmin Bakıda çıxan "Raboçi" qəzetidir.

Balaqədəş Tələfxanbəy oğluna tərəf yavıqlaşıb yavaşca dedi:

"Qorxma, adam-zad yoxdu. Oxu görək nə xəbər var?"

Tələfxanbəy oğlu başladı qəzetin bir yerindən oxumağa. Orada belə yazılmışdı: İngilis parlamanında Lord Kerzondan əmələlər nümayəndəsi Matruş sual edir ki, aya, hal-hazırda İngilis və Şura münasibəti nə surətdədir? Və Lord Kerzon Matruşa belə cavab verib: "Bir surətdə ki, Şuralar hökuməti çar hökumətinin borcu barəsində müəyyən bir vəziyyətdə bulunmağa yavıqlaşmır, ingilis və Şura münasibətinin də aydınlaşmaq ümidvarlığı hələ çox uzaq görünür".

Əyləşənlərin bir-ikisi sevincək dedi:

"Gördün? A kişi, vallah, çox çəkməyәcək!"

Balaqədəş, — neçə ki, həmişə teatr səhnəsində camaatın qabağında mükalimədə olubdur, burada da oturanlara üzünü tutub, — şairanə bir halətdə deyirdi:

"Bax, mən vaxt qoymuşam: payızın orta ayına kimidir. Ondan artıq çəkməz."

Hamı yavaşcadan bir səslə dedi:

"Insallah, insallah!…."

Bir yarım saata qədər burada əyləşdik və axırı bu növ söhbətlərdən sonra bir-birimizə "inşallah" deyə-deyə ayrıldıq.

Bu minvalla həmin dörd əks-inqilabçılarla mən müsahib oldum. Çün bunlar bilirdilər ki, mənim əyalımın 4.000 desyatin sulu yerini hökumət alıbdır, bu səbəbdən məni özlərinə həmdərd qərar verib, heç bir sirri və heç bir təzə xəbəri məndən gizləmirdilər. Və hərdən bir, bulvarda mənə rast gələndə məni çox iltifatla saxlardılar, öz yanlarında əyləşdirərdilər və söhbətə tutardılar.

Mən bunu deyə bilmərəm ki, bu dörd nəfər müsahibin məclisi məndən ötrü o qədər də şirin idi, amma onlarda olan qəribə-qəribə xəbərlərdən də keçə bilmirdim; məsələn: Polşa hökumətinin qoşunu Şuralar torpağını keçib, bir neçə şəhərini alıbdır. İngilis gəmiləri gəlib dayanıb Arxangelski şəhərinə. Antanta hökumətləri müttəfiqən Şuraları əhatə ediblər. Moskvanın özündə çox böyük və pünhan daxili qarışıqlıqlar var….

Bir gün genə dostlarım bulvarda məni görüb öz yanlarına dəvət elədilər:

"Hə, Molla əmi, bəlkə səndə bir təzə xəbərdən zaddan ola?…."

Mən dedim ki, qəzetlərdə yazılandan savayı bir şey bilmirəm.

Umudbəyov istədi ki, bir söz desin, amma o tərəfə-bu tərəfə baxıb dayandı. Üç-dörd şkol uşağı oynaşa-oynaşa keçirdilər. Umudbəyov genə ətrafa baxandan sonra məndən soruşdu:

"Bəs, Molla əmi, sən bu qəzetləri ki, oxuyursan, bəs o yazılardan heç bir işarə çıxartmırsan?" — Dedim:

"Bilmirəm, nəyi deyirsən?"

Umudbəyov genə cibindən bir əzik qəzet çıxartdı. Haman "Raboçi" qəzeti idi və başladı bir yerindən oxumağa:

""Azərneft müdiri Serebrovski gedir Amerikaya, oradan təzə ixtira olunmuş buruğ maşınları alıb gətirsin"."

Mən dedim ki, bundan mən bir işarə anlamıram. Umudbəyov bir az gülə-gülə məni belə başa saldı:

"Molla əmi, Serebrovski Amerikaya buruğdan ötrü getmir; gedir Bakı neft mədənlərini satsın Amerika milyonçusu Rokfellerə."

Qalan üç nəfər müsahib də bunu təsdiq elədilər və məndən də soruşdular: "Ağlın nə kəsir?" — Dedim:

"Ağlım bir şey kəsmir."

* * * * *

Bəxtlərindən şikayətçi dörd nəfər müsahiblərimlə axırıncı görüşməyimiz yadımdan çıxmır. Bir gün gəzə-gəzə mən də bulvara və artist rəfiqim Balaqədəş də bulvara çıxdıq. Biz orta xiyabanda görüşüb, bir baş gəzdik və istədik əyləşək burada. Uzaqdan gördük ki, politkaşünas həriflər haman dalda yerdə genə əyləşib söhbətdədirlər. Balaqədəş qah-qahla gülə-gülə məni genə onlara tərəf çəkməyə başladı və mən həvəslə tabe oldum və getdik. Həmişəki kimi xoş-beş…. Əyləşdik.

Bu gunkü təzə xəbər də bu idi ki, əvvəla, Lord Kerzon Çiçerinə genə təzə bir "ultimatum" verib və ikinci xəbər də bu idi ki, ingilis hərbi gəmiləri Batumun qabağında üzməkdədir və güman aparmaq olar ki, Batumu bugun-sabah topa tutalar və əhali də qaçır osmanlı torpağına.

Bir qədər də bu növ danışıqlardan sonra mən durdum ayağa, Balaqədəş də mənə baxdı və hər ikimiz qalanlarla xudahafiz elədik və burada Hacı Həsən ağa mənim əlimi sıxanda belə dedi:

"Eh, allah kərimdir, bəlkə də qaytardılar."

Bu bir neçə söz ki, mən onu biçarə Hacı Həsəndən eşitdim, mənim üçün bir yadigar qaldı və bizlə onların mabeynində bir tarix oldu. Və dörd nəfər müsahiblərimizdən ayrılıb, bulvarın orta xiyabanına çönəndən sonra, artist rəfiqim Balaqədəş — necə ki, həmişə səhnədə oxuyub oynamağa adət edibdir, — öz-özünə çıtmığı tutdu və bir neçə yad adamın gözünün qabağında oxuya-oxuya və çıtmıq çala-çala düşdü oynamağa və oynaya-oynaya belə oxuyurdu:

Bəlkə də qaytardılar,
Bəlkə də qaytardılar.

Hər ikimiz gülə-gülə bulvardan çıxdıq və Parapet bağında ayrıldıq.

Balaqədəş daldan məni çağırdı, mən buna çönüb baxanda zalım oğlu burada da bir dəfə dedi: "Bəlkə də qaytardılar". Mən də gülə-gülə getdim mənzilimə.

Axır söz

Daha mənim ümidim kəsilir və mənim kimilər də çoxları daha məyus olub, hərə yavaş-yavaş özünə iş axtarmağa başlayır. Yoxsa, bir vaxt vardı ki, mən də və mənim dörd nəfər həmsöhbətlərim də hər gün və hər saat müntəzir idik və qulağımız səsdə idi ki, bax, bugun-sabah iş bir təhər olacaq ki, mənim əyalımın da 4.000 desyatin sulu torpağını özümə qaytaracaqlar və mənim bu dörd nəfər bulvar müsahiblərimin də milyonlara dəyən əmlakını və neft mədənlərini özlərinə qaytaracaqlar. Gözlədik, gözlədik … axırı bir şey olmadı. Hər gün görüşüb danışırdıq, qəzetləri qurtdalayardıq ki, bəlkə bir işarə tapaq. Avropadan və Türkiyədən gələndərdən xəbər tutardıq ki, bəlkə bir tərəfdən gələlər və işləri qaydaya qoyalar. Yoxsa, vallah, insaf və mürüvvətdən kənardır ki, Ağa bəyin, ya Çahangir xanın on min desyatinindən özünə barı min desyatin də verməyələr; ya Musa Nağıyevin iki yüz otuz yeddi əla tikilisini əlindən alasan və onun varisinə, barı 5–10 ev qaytarıb verməyəsən ki, zəhmətə adətkərdə olmamış o biçarə zəhmət çəkməyə məcbur olmasın və camaat içində xəcalət çəkməsin.

Və müxtəsər həmin müsahiblərimlə tez-tez görüşüb danışardıq, dərdləşərdik, bir-birimizə ürək dirək verərdik və həmişə ayrılanda da ümidvarlıqla ayrılardıq ki, inşallah, muradımıza çatarıq və inşallah, şayəd iş elə gətirdi ki, bəlkə mülk və maaşımızı qaytardılar özümüzə.

"Bəlkə də qaytardılar". — Bu idi gecə-gündüz bizim dilimizdə əzbər olan sözlər.

İndi də ki, Şura hökuməti öz yerində durub və indi daha mən və mənim sabiqdə dövlətmənd dörd nəfər müsahiblərim dəxi hər yandan ümidimizi kəsdik və indi də dörd min desyatin sulu torpağın qədim sahiblərinə qaytarılmağını, 117 tikilinin öz sahibinə qaytarılmağını və 14 paraxodun və neft mədənlərinin köhnə sahiblərinə qaytarılmağını Vahid kimi şairlər nəzmə çəkiblər; musiqi bəstəkarları da haman şerləri notaya düzüb musiqiyə salıblar və hər ziyafət məclisində və hər bir toyda və qonaqlıqda sazəndə və nəvazəndələr çalırlar və xanəndələr də oxuyurlar:

Bəlkə də qaytardılər,
Bəlkə də qaytardılar.

Cavanlar da çıtmıq çırtırlar.