Məzmuna keç

Aşıq Şenliyin Canbaz qızı rəvayəti

Vikimənbə saytından
(Canbaz qızı rəvayəti səhifəsindən istiqamətləndirilmişdir)
Aşıq Şenliyin Canbaz qızı rəvayəti
Müəllif: Aşıq Şenlik

Aşıq Şenlik təzə evlənmişdi. Baharın gözəl vaxtı idi. O sazını götürüb Canbaz yaylasına tərəf üz tutdu. Aşıq Şenlik yaylağa çatanda gördü ki, hər tərəf gül-çiçəyə bələnib, mal-qoyun sürüləri isə Canbaz yaylasının döşünə yaylıb. O nazık cığırla bir alaçıq ev tərəfə irəliləməyə başladı. Gördü ki, alaçıqdan bir qız çıxdı. Elə bil bu zalımın balasının üstündən yel əsməyib.Müxtəsəri görəni həmayıl eylər. Gözləri elə qaynayır, elə qaynayır, daha demə, elə “öldürrəm-öıdürrəm” deyir. Aşıq Şenlik qaldı belə... Ayə bu qız kim ola, kim olmaya...... Canbazın adlı-sanlı ağalarından birinin qızı. Qızın başında araqçın əynində qırmızı don, belində gümüş kəmər var idi. Kəmərindən balaca gümüş qınlı xəncər sallanmışdı. Aşıq Şenlik bu gözəlliyi görüb nə irəli nədə ki, geri gedə bilmirdi.
Qız şirin-şirin gülümsəndi.................. Aşıq nə duruxdun. Görmüşük aşıq gözəl qızlara tərif deyər, tərif söyləyər. Bəs sənin tərifin hanı? Səhv eləmirəmsə Aşıq Şenlik sənsən.
Aşıq Şenlik çox ağır adam idi. Qızın danışığından anladı ki, məsələ başqa cürdü, ölməmiş betər vurulub...
Gəl indi belə gözəlin əlindən qurtar, görüm necə qurtararsan. Qızın gözəlliyi Aşiq Şenliyi yaman tutmuşdu. Qız işi belə görüb üzünü Aşıq Şenliyə tutub görək nə dedi. Biz deyək Allah Sizləri də xoşbəxt eləsin

Nədi nə baxırsan mənə kənardan,
Olmazmı söhbəti-sözü aşığın.
Görüb gözəlliyi, almır hesaba,
Yoxsa kor olubdu gözü aşığın.
 
Nəyə dolanırsan bu dağı-daşı,
Gəl səndə mənimlə dərd yükü daşı.
Sinəmi yandırdı eşqin ataşı,
Yaşı haqlayıbdır yüzü aşığın.
 
Xanımam könlümə dəyə bilməzsən,
Sən məni sındıra, əyə biməzsən,
Sözünü üzümə deyə biməzsən?
Gülməzmi sifəti, üzü aşığın.

Söz tamama yetdi. Aşıq Şenlik gördü ki, qızın gözləri dolub. Ürəyi tab eləmədi. Sazını köynəkdən çıxarıb basdı sinəsinə. İndi görək böyük sənətkar burda nə dedi nə söylədi.

Xırdaca gözəlsən, yaşın çox azdı,
Baxdıqca canımı alma amandı.
Təzə evlənmişəm, xəbərin olsun,
Başımı bəlaya salma, amandı.
 
Aşıq gəzərtidi yolu dağ-dərə,
Nə çox yoxuş-eniş, gədik, bənd-bərə,
Söz ilə arxamı vurma gəl yerə,
Bulud tək tutulub dolma, amandı.
 
Şenliyəm könlünə dəymərəm sənin,
Başını aşağı əymərəm sənin,
Dərd-qəm içində qoymaram səni,
Gül kimi saralıb-solma amandı.
 
Söz tamama yetdi. Qız qara saçlarından üç tel ayirib basdı şamama döşünün üstünə, görək burda nə dedi.

Axır sözün nədi desən mərdana,
Sinəmin başını yandirdin getdin.
Bildim evliliyini qaraldı gözüm,
Gör necə könlümü sındirdin, getdin.
 
Gözüm görən kimi tutdu tez səni,
Niyə yumşaltmadı görən göz səni,
Məftun eyləmədi əsmər üz səni,
Məni ucalardan endirdin, getdin.
 
Xanımam bu canım qurbandı sana,
İnsaf et, könlümü çalxama qana.
Sən bir el aşığı, məndə bir sona,
Yanan çırağımı söndürdün, getdin.
 
Söz tamama yetdi. Aşıq Şenli dinməzcə sazını bağrına basdı, qızın könlünü ələ almaq üçün bu yerdə aldı görək nə dedi.

Çağırarasan əlbət məni,
Xəbərin bilərəm bir gün.
Məclisi quraram sizdə,
Danışıb gülərəm bir gün.
 
Könül verərsən bir mərdə,
Öz-özünü salma dərdə,
Sinəm olub pərdə-pərdə,
Göz yaşın silərəm bir gün.
 
Gözlərimi alıbdı qan,
Səfil Şenlik sənə qurban,
Həm gözəlsən, həm mehriban,
Toyuna gələrəm bir gün.

Söz tamama yetdi. Qız peşman-peşman alaçığa qayıtdı. Aşıq Şenlik bir təhər özünü ələ alıb aldı görək dübarə nə dedi.

Canbaz yaylağında ataşa düşdüm,
Bir alagözlünü gördüm, ayrıldım.
Danışdı, söylədi huş getdi başdan,
Könlümü əlidən verdim, ayrıldım.
 
Başdan dərdimi qova bilmədim,
O küskün qəlbini ova bilmədim,
Ovçu tək çıxmışdım ova, bilmədim
Ceyranı bərədə vurdum, ayrıldım.
 
Şenliyəm kədərdən könlüm qaralı,
Ceyran sinəsindən qaldı yaralı,
Ah çəkdi, inlədi dağlar maralı,
Sevən ürəyini qırdım, ayrıldım.
 
Söz tamama yetdi. Aşıq Şenlik burada məclisini yekunlaşdırıb Suxara köyünə döndü. Amma o vaxtdan bu əhvalat Ağbaba ellərində dillərə düşdü, və əbədi olaraq xatırələrdə yaşadı.