Məzmuna keç

Gizlənər

Vikimənbə saytından
(Dağa səhifəsindən istiqamətləndirilmişdir)
Gizlənər
Müəllif: Xəstə Qasım
Mənbə: "Xəstə Qasım (1684-1760)" (az.). shahbulaq.az. 12.09.2014. İstifadə tarixi: 2015-04-20.

 
O necə quş idi yaz gələr bağa,
Sinəmi çəkiblər düyünə, dağa.
Bir şana, bir bafta, bir də bir cığa,
Bu üçü bir olsa, teldə gizlənər.

O necə quş idi qayada səkər,
Qaynağı neştərdi, qanımı tökər.
Bir noğul, bir nabat, bir də bir şəkər,
Bu üçü bir olsa, dildə gizlənər.

O necə quş idi, anasın əmər,
Havada dövr edər şəms ilə qəmər.
Bir qılınc, bir xəncər, bir də bir kəmər,
Bu üçü bir olsa, beldə gizlənər.

Aladı gözləri, şəhlayi nərgiz,
Sənin tək bir gözəl bulunmaz hərgiz,
Bir bulaq, bir hovuz, bir də bir kəhriz,
Bu üçü bir olsa, kolda gizlənər.

Xəstə Qasım deyər, ləbi ballı qız,
Bir şirin gövtarlı, üzü xallı qız,
Bir qələm, bir tavat, bir də bir kağız,
Bu üçü bir olsa, əldə gizlənər.