Məzmuna keç

Ləlin meyi-ələst idi cam olmadan hənuz

Vikimənbə saytından
(Lə’lin meyi-ələst idi cam olmadan hənuz səhifəsindən istiqamətləndirilmişdir)
Ləlin meyi-ələst idi cam olmadan hənuz
Müəllif: İmadəddin Nəsimi


Ləlin meyi-ələst idi cam olmadan hənuz,
Xas idi söhbətim dəxi amm olmadan hənuz.

Vermiş idim ana dilü dinü əqlü canımı,
Zülfün kəməndi boynuma dam olmadan hənuz.

Eşqin odu bişirmiş idi dürlü aşlarım,
Sevdası könlümün dəxi xam olmadan hənuz.

Didarını təcəllidə görmüşdü gözlərim,
Musa ilə arada kəlam olmadan hənuz.

Üzün qatında səcdəyi-nisbət qılır idim,
Andan irəli xəlqə imam olmadan hənuz.

Hüsni-rüxün kitabını xətm eyləmiş idim,
Göydən rümuzi-vəhy tamam olmadan hənuz.

Şol tifl kimi canıma vəslin qida idi,
Fitrət günündə vəchi-izam olmadan hənuz.

Rizvan idim əzəl günü ol rövzəyi görüb,
Hurü behiştü dari-səlam olmadan hənuz.

Mən mərifət kəlamini nəzm eyləmiş idim,
Əşarü nəzmü nəsr nizam olmadan hənuz.

İrmiş idi Nəsimiyə Fəzlin inayəti,
Kövnü məkanü sübh ilə şam olmadan hənuz.