Lələ (Aşıq Hüseyn Bozalqanlı)

Vikimənbə saytından
(Lalə (Aşıq Hüseyn Bozalqanlı) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Lələ
Müəllif: Aşıq Hüseyn Bozalqanlı

Xəstə cismim bir cananın ucundan,
Yanıb atəşlərə əriyir, Lələ,
Hicranın ləşkəri, qəmin sultanı,
Səf çəkib, üstümə yeriyir, Lələ.

İstəyirəm qədəm qoyum elimə,
Qaşlarıyla qıfıl vurur dilimə,
Zülfün kəməndini salıb belimə,
Hüsnün sütununa sarıyır, Lələ.

Leyli kimi hərdən çıxır eyvana,
Məcnun tək Hüseyni edir divanə,
Əlinə götürüb şirmayı şana,
Şahmar zülflərini darayır, Lələ.