Məzmuna keç

Qeybdən gələn təbibin xəstənin üstünə aparılması

Vikimənbə saytından
(Qеybdən gələn təbibin xəstənin üstünə aparılması səhifəsindən istiqamətləndirilmişdir)
Qeybdən gələn təbibin xəstənin üstünə aparılması
Müəllif: Mövlana Cəlaləddin Rumi


Məclis sona yetişdi, süfrəni cəm etdilər,
Təbibin əlin tutub, xəstə üstə getdilər.
Xəstəylə çox danışdı, xəstəlikdən söz açdı,
Xəstəni də‘vət etdi, düz yanında əyləşdi.
Nəbzini yoxlayıb tez, rəngi-ruhuna baxdı,
Onun əlamətlərin, öyrəndi yenə baxdı.
Dedi:Müalicədə, zidd yol ilə gediblər,
Müalicə yerinə, yenə xəstə ediblər.
Onlar xəbərsiz idi, qəlbinin dərdlərindən,
Tanrıdan rəhm istəmək, keçmirdi qəlblərindən.
Xəstəliyi kəşf edib, təbib düşdü üstünə,
Sultana söyləmədi, dərdi gizlətdi yenə.
Əziyyəti, ağrısı, dalaq, öddən deyildi,
Odunun keyfiyyəti, tüstüsündən bəllidi.
Aşiqliyi məlumdur, ürək ağrısı gizlin,
Bədəni çox sağlamdır, ağrılar qırmış belin.
Aşiqin xəstəliyi bütün dərdlərdən fərqli,
Eşqin iztirabları, Tanrıdan gəlir dərdli.
Aşiqlik bir tərəfdən, ya da ayrı tərəfdən,
Bizə rəhbərlik isə, daim Tanrı tərəfdən.
Eşqdən hər nə desəm də, şərh edib söyləsəm də,
Eşqə çataramsa mən, aciz olaram mən də.
Baxma ki, dildə təfsir, daha tez üzə gülür,
Eşqin dili yoxsa da, aydın başa düşülür.
Qələm tələsdiyindən şütüyüb yazırdı tez,
Eşqə düşəndən sonra, yazdığın pozurdu tez.
Söz bu yerə yetişdi, vəsf etmək yada düşdü,
Kağızlar parçalandı, qələmlər oda düşdü.
Ağıl onun şərhində, ulaq tək limə batdı,
Aşiqlik öz şərhini, eşqin üstünə atdı.
Günəş tezdən boylandı, Tanrıya oldu dəlil,
Haqqdan üz döndərmədi, qəlbinə doldu dəlil.
Gər ondan kölgə qalsa, hər tərəf kölgə olsa,
Tanrı cana nur verir, can özü harda qalsa.
Kölgə əfsanə kimi, sənsə yuxular ara,
Günəş yerdən boylansa, ay olar bir aypara.
Bu dünyada Şəms təkin, qərib görmək yalandır,
Şəmsdən başqa yalandır, çünki canlar alandır.
Şəms əgər xaricdəsə, fərzlə dada bilərik,
О fərdi hər bir zaman, təsvir edə bilərik.
Lakin bu Şəmsə isə, varlıq olmuşdur əsir,
Onun bənzəri yoxdur, zehnimizdədir bu sirr.
Təsəvvürdə zatının, şərəfinin həcmi yox,
Necə tərif olunsa, tərifinin həcmi yox.
Şəmsi Təbrizim mənə, Nur, Günəş olmuş yenə,
Çünki о Naqq nurudur, bir Günəş olmuş mənə.
Elə ki söhbətlərim, gəldi Şəmsin üstünə,
Səmada dördüncü Şəms, pərdə çəkdi üzünə.
Vacib olduğu üçün, adını çəkdim yenə,
Rəmzlərini şərh etdim, adını əkdim yenə.
Bu nəfs mənim içimdən, parlayaraq görünmüş,
Sanki Yusif köynəyi, mənə ənam verilmiş.
О barədə Naqqıma, illərlə dua etdim,
Rəmzi təkrar etməklə, özümü uca etdim.
Ki, səmayla yer üzü, gülsün çiçəklə dolsun,
Ağlı, ruhu, yüzlərlə, artsın hesabsız olsun.
Dedim ey Həbibindən, uzağa düşüb qalan,
Sanki bir xəstə kimi, təbibdən uzaq olan.
Mənə zülüm etmə sən, çünki fənadayam mən,
Daha gücüm tükənib, tə‘rif deyə bilmirəm.
Kim nə deyirsə desin, özü ağıla gəlsin,
Saxtakarlıq etməyin, faydası olmaz bilsin.
Rəqib nə söyləyirsə, heç də müvafiq deyil,
Zəhmətim, əziyyətim, b ilsin nalayiq deyil.
Mən nə deyim, söyləyim, damarlar hüşyar deyil,
Yarı olmayan "Yarın", şərhin vermək zordur bil.
Özün tə‘rif eyləmək, sanki tərki sənadır,
О varlığın dəlili, varlıq özü xətadır.
Bu hicranın, əfqanın, şərhi çətindir-çətin,
Bu şərhin zamanını, dəyişdir sən ol mətin.
Dedi: Mənə təam ver, çünki acmışam yenə,
Söylədi sən tələs ki, qılınc açmışam yenə.
Sufi vaxtın "oğludur" eşit məni ey rəfiq,
Günü atmaq sabaha, deyildir şərti təriq.
Əgər öz-özlüyündə, sufi deyilsənsə sən,
Nəğdi nisyə etməklə, yoxluğu gətirirsən.
Söylədim ona belə, yarın örpəyi gözəl,
Qulaq as hekayətə, onun hər nəyi gözəl.
Daha yaxşı о olar, özəlliyi dilbərin,
Hədisdə söylənilsin gözəlliyi dilbərin.
Söylədi kəşf etmə sən, xəyanəti xisləti,
Əziyyət vermə mənə, etmə bu hərəkəti.
Aç pərdəni açıq de, bu işdə mən necəyəm,
Bu köynəyə sığışmam, о gündüz, mən gecəyəm.
Dedim: Gər bəyan olsa, hamıyçın olsa əyan,
Nə sən var olacaqsan, nə ətrafın, keçmə yan.
Sən arzu edirsənsə, onu ölçüsündə et,
Parlaq etməz bir dağı, saman çöpü sən dərk et.
Onun güc qüdrətiylə, şüasın yayar günəş,
Gər güclü şüa versə, yeri yandırar günəş.
Bu dünyanın canı ta, olmayınca qan tamam,
Dodaqları sıx tamam, gözlərin yum yan tamam.
Fitnə təlatümləri, qanları axtarma sən,
Bundan sonra bir daha, Şəmsi yada varma sən.
Bunun axırı yoxdur, əvvəldən başla yenə,
Davam et hekayəni, qayıt öz bildiyinə.