Məzmuna keç

Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları/İqtibas

Vikimənbə saytından
Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan, İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri İqtibas
Müəllif: Həsənəli xan Qaradaği


ÜMUM QARABAĞ VİLAYƏTİNİN (SABİQ QARABAĞ XANLIĞININ) MƏRKƏZİ OLAN ŞUŞA ŞƏHƏRİNİN ƏHLİ, 1848-ci MİLADİ İLİNDƏ TƏVƏLLÜD TAPMIŞ VƏ 1929-cu İLDƏ VƏFAT ETMİŞ VƏ ŞUŞADA MƏDFUN OLMUŞ, ZƏMANƏSİNİN MƏRUF VƏ MƏŞHUR ƏDİB VƏ ŞAİRİ VƏ MƏTBUAT İŞÇİSİ HƏSƏNƏLİ QARADAĞİNİN ƏSƏRİ OLAN, 1880-ci İLDƏ YAZILIB HƏMAN İLİN YEDDİ AVQUSTUNDA XƏTM EDİLMİŞ.

"Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah xan, İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri" adlı kitabından iqtibas: Mən məzkur Həsənəli Qaradağinin oğlu hal-hazırda Ağdam şəhərində (Qarabağ) yaşayan Ağdam rayon torpaq şöbəsinin müfəttiş- aqronomu Məhəmməd Qaradaği mənə tapşırıldığı üzrə gərək rus dilində yazaydım. Lakin dövlət orqanları tərəfindən mənə verilmiş vaxt yalnız bir gündən ibarət olduğundan (yəni 1936-cı il 8 may) mərhum ağamın yazdığı kitabın mühüm və lazımi yerlərindən iqtibas edərək eynilə türk dilində bu dəftərə köçürməyi lazım bildim.

Kitabın müqəddiməsində: Qarabağın keyfiyyət və hekayətlərinə dair keçmişlərdən nüsxəcati-mütəfərriqə tərqim və tərsil qılmışdılar. Amma onların müsəvvəcatı köhnə və mündəris olmuşdular. Həm də farsi zəbani ilə inşa edib yazmışdılar ki, savadı az olan türklər ondan ləzzətəndus və dimağəfruz olmazdılar. 0 cəhətə, o mütəfərriqə nüsxələrdən və qeyrilərdən tərtib və təsnif etdim. Vazeh türk lisanına tərcümə qılıb yazdım ki, Qarabağ vilayətinin əksər vəqaye və keyfiyyətləri və xəvanini-sabiqlərin icmalən əhvalat və hekayətləri və əlavə münasibi-məqam olan güzarişlərdən ondan məcmu və mündərəc ola ki, bir asar və yadigar qala. Zira bu vaxta kimi bu işə hələ başqası iqdam etməmişdir.

Ümidvaram ki, bu təzə güftarı uyubi-kəzb və duruqdan ari bilib qeyri təvarixlərin mədh və zəmm və ifrat və təfrit birlə münəffəm güman və qiyas olunmayıb ki, həqiqəti əhval sidqi məqqad mərqum və məshur olmuşdur. <poem> Bəsirət əhli hikmət sanma hər cahildən əxz eylər, Süluk əhli təriqəti mürşidi kamildən əxz eylər. Səyahət bəhru bər seyli deyil, ərbabi-ürfanə, Ki, rəsmi hikməti arif baxar, aqildən əxz eylər.

QARABAĞIN SƏRHƏD VƏ SINIRI VƏ ONDA OLAN MƏNFƏƏTLİ NƏHRİ-ƏZİM VƏ ŞƏHRİ QƏDİMLƏR.

Qədim asar və təvarixə görə Qarabağ vilayətinin sərhəd və sınırı cənub tərəfi Araz çayıdır. Xudafərin körpüsündən gedib Qazax DəmirçiHəsənəli camaatının içində vaqe olan "Sınıq körpü"yə ki, indi rusca ona "Krasnıy most" deyilir. Şimal tərəfi Kür çayıdır. Şərq tərəfi Cavad qəryəsidir ki, orada Araz ilə Kür bir-birinə müttəsil olub gedib dəryayiXəzəriyyəyə tökülür. Qərb tərəfi böyük dağlardır ki, Gəncənin Qazax, Şəmsəddin xalqının və Qarabağ ilatının yaylaqlarıdır.

Bu halda Qarabağda sərhədi-müəyyən budur: Cənub Araz çayı Xudafərin körpüsündən gedir Cavad, Zərdab və Əlvənd kəndlərinin müqabilinədək, Şərq Kür çayıdır. Səmti-şimali ki, Gəncə ilə Qarabağın sərhədi olan Goran çayıdır. Qərbən Kuhistani-Qarabağdır. İlat xalqının yaylağı ki, Küşpək, Salvartı və Ərikli dağlandır. Yazılara görə bu Qarabağ vilayəti qədim Aran məmləkəti cümləsindəndir. Nuh tufanından sonra Nuhun övladlarından Aran adlı birisi gəlib bu vilayətlərə hökmran olub, bu məkanları abad qılıb və Kür suyu ilə Araz çayının arasında olan şəhərlərə ki, ibarət ola Tiflis, İrəvan və Naxçıvan və Qarabağda olan Bərdə və Beyləqan şəhərləri ki, hənuz ikisi də xarabadır və Gəncə ki, indi Rusiya ona Yelizavetpol ad qoyubdur, tamam bu yerlərə öz ismini qoyub Aran məşhur edibdir. Qarabağ vilayətində əvvəl şəhər ki, bina olub Bərdə şəhəridir ki, Tərtər çayının üstə və Kür çayının qiblə tərəfində və üç ağaclığında vaqedir. Sabiq Bəni Abbasiyə xəlifələrinin əsrində, o zamandakı Bağdad şəhərini məmur edib və Darülxilafə qılıb əylənirlər. İslamiyyə tarixi 306 sənədə olanda həmən şəhərin əhli müsəlman oldular. Bərdədən sonra Qarabağda səmti-Arazda Beyləqan şəhəri bina olub. İran və Fars padşahlarından Qubad padşah (zahirən Ənuşirəvan Adilin atası) bina etmişdir. Təxminən min yüz il bundan qabaq.Həmən Qubad şah Araz çayından bir əzim arx götürüb səhrayı vəsiül-fəzai Beyləqan şəhərini abad edib və Köndələn çayı ilə Qarqar çayının arasında yaxşı kəndlər salıb, əkin yerləri təqsim edib. Hamı o aralıqda bağ və ziraət və abadanlıq etmişdir. Qədim vaxtı o arxın adı "Bərlası"dır. İndi Govur arxı məşhur olub. İslam tarixi 635-ci ildə Çingiz xan (monqol) davasında bu Beyləqan şəhəri mühasirədə qalandan sonra Çingiz xan İrana artıq qəzəbnak olduğu üçün o şəhəri qətliam etdirib, o şəhəri və arxı viran etmişlər. Qarabağ vilayətinin əhalisi təmamən Qarabağın dağlarına və Şirvana pərakəndə olub dağıldılar. Çox müddət bu yerlər virana qaldı.Teymurləng padşah sultani-Rum İldırım Bayazıdı davada məğlub edib qayıdarkən Muğana gəldi və güzarı Beyləqan şəhərinin xərabəsinə düşüb bu yerləri çox bəyendi. Oraları yenidən abad etməyə başladı. Əmr verdi, camaat toplandı.Sabiq qərar üzrə buraları abad etdirdi. İkinci dəfə bu şəhər Səfəviyyə dövlətinin əsrinə yaxın İran və Rum qoşunları Gürcüstan və Şirvan vilayətlərinə tərəddüd etməyindən və mükərrər gəlib getməkdən o məkanlar səhra və düz yerlər olduğu cəhətdən ləşkər tərəfindən payımal və qarət olmağa davam gətirməyib əhali şəhəri buraxıb yenə də dağıldılar. Nəhr və şəhər yenidən viranə qaldı. Bu yaxın vaxtlarda Əhməd bəy Cavanşir ibn Cəfərqulu bəy və o da Məmməd bəyin oğlu ki, Pənah xanın övladlarındandır, hicri 1283-cü ildə Qarabağın Vərəndə mahalına hakim mənsub olmuşdur. Buna baxmayaraq ki, rus hökuməti çox mühəndis və mütəxəssislər göndərmişdir, gəlib o arxın məbərinə mülahizə edib ixracatına təxmin qılmışlar. Dəhnəsi və məbəri qayətdə əsəb və üsirül-əlac olduğu üçün əmələ gəlməyib artıq milyonlar xərc tələb etdiyi üçün uzun müddət tədricən təmir etməyə qərar qoymuşdular. Nəhayət, Əhməd bəy Cavanşir öz tədbirli adamları ilə əlahiddə məhəldən arxa dəhnə bina edib öz xərci ilə bu arxı yenidən çıxartdı. Şimdi otuz dəyirman işlədən suyu vardır. Keçən il bu arxın altında düyü, maş, küncüd, bostan, ipək, çəltik, ipək üçün tut, darı və hər növ hübubat əkilmişdir. Əgər bu arx yaxşı təmir olunub nizama salınarsa, beş min ev burada gözəlcə güzəran edər. Bu arxdan başqa Beyləqan səhrasına qədim əsrlərdə ayrı-ayrı bir çox arxlar Araz çayından dəxi çəkib gətirmişlər. Və öz üzərlərində böyük kəndlər və ziraətlər bulunmuş. Bu balaca arxlardan Pənah xan və İbrahim xan əsrlərində təmir edilib istifadə edilirmiş. Bu arxların adları: Kürək arxı, Meymənə arxı, Ləvar arxı, Gəmiçi arxı, Taşqay arxı, Sarı arx, Xan arxı, Ayaz arxı olmuşdur.

ƏVVƏLİNCİ FƏSİLDƏN.

Qarabağ qədimlərdə Gəncə xanlarına tabe olarmış. Gəncə xanlarının əsilləri Qacariyyədir ki, onlara məşhur Ziyadoğlu itlaq edərlərmiş. Onlar sabiq padşahın firdosməkan Səfəviyyənin əsrlərində dudman olub, nəhayət, çox ixlas və iradətləri olduğu səbəbə əksər ovqat İran dövlətində sahibi ixtiyar, bəylərbəyi və sərdar olurdular. Həmişə iqamət yerləri Gəncə olurdu. Gürcüstan ilə onların sərhədləri Sınıq körpü, Yuxarı Surudaş və İran Azərbaycanı ilə sərhədləri Araz çayı və Xudafərin körpüsü olub. Gəncədə daim sakin və hakim olublar. Bəzən tamam Azərbaycan məmləkətinə hökumət olublar. 1148-ci sənədə Nadir şah məmaliki-İrana padşah oldu. Nadir şah Muğan səhrasında özünü şahi-İran elan etdikdə Gəncə xanları bunun İrana şah olmasına bərəks olduqlarını Nadir şaha xəbər verdilər. O da onları oradan Xorasana sürgün etdirdi. Nadir şah tez zaman Gəncə, Tiflis, Qarabağ, İrəvan, Şəki və Şirvan vilayətlərini Rum sultanının tələssütündən çıxarıb öz tərəfinə gətirdi. Bir az müddət bu vilayətlər Gəncə hakiminə baxdılar. Amma sonra Ümumazərbaycan bəylərbəyisinə tabe oldular. Belə ki, hər mahalda xanlar və məliklər və minbaşılar olub Azərbaycan sərdarının əmri ilə idarə edilirdilər. Tainki, 1160-cı tarixdə Nadir şahı Xorasanda qətlə yetirdilər. Hər yerdə iğtişaş düşdü.

İKİNCİ FƏSİL.

Pənah xanın əsil və nəsəbi Cavanşir Dizaq elindən və Sarıcalı oymağındandır ki, Sarıcalı qədim Bəhmənli elindən bir firqədir ki, əyyami-sabiqdə Türküstan məmləkətindən gəlibdir. Mirzə Adıgözəl nam yazdığına görə, belə rəvayət edir ki, Pənah xanın əsil-nəsəbi Arqun xan Çingizə yetişib. Belə ki, dudmani-Çingiziyyənin padşahlığı dağıldıqdan sonra o nəsildən biri Gürcüstanın Lori qalasına gəlib gizli yaşayır. Gəncə xanlarının işləri tərəqqi edən zaman isə gəlib Gəncədə xidmət edirmiş. Sonradan daha o xanlara xidmət etmək istəməyib Qarabağa gəlir və Cavanşir oymağında olur. Burada yaxşı dövlət qazanır. Bir oğlu olur, çox gözəl, adını Əli qoyur. Bunu çox sevərmiş. Və Sarıca Əli deyərmiş. Burada dövləti, naxırı, sürüsü, çoban və nökər, muzdurları artırıb bir böyük oba olurlar. Bu obanın adını o vaxtdan Sarıca Əli qoyurlar. Pənah xan həmin bu nəsildən əmələ gəlmiş (Sarıcalı kəndi indi Ağdam rayonundadır). Pənah xanın atasının adı İbrahimxəlil ağa imiş. Bu İbrahimxəlil ağanın Ağdamda tağbənd damı varmış. (Damın üstü ağ olduğu üçün yer Ağdam adını bu damdan götürmüş). Araz kəndində dəxi asari və yaylaqda İbrahimxəlil ağa qalağı, məşhur imarəti və nişanəsi vardır. Bunlar hamısı onun böyük dövlət və hikmət sahibi olmasını sübut edir. Nadir şah bu yerləri tələssüt edən zaman harada qoçaq və bacarıqlı adam varsa öz başına toplamağa başlayır. O cümlədən, İbrahimxəlil ağanın böyük oğlu Fəzləli bəyi çağırıb öz yanında yaxşı xidmətə qoyub (eşikağası mənsəbinə), sonra Fəzləli bəyi qətlə yetirirlər. Nadir şah onun qardaşı ilat arasında məşhur Pənahəli bəy Cavanşir Sarıcaəlini çağırıb qardaşının yerinə qoyur və rütbəsini dəxi artırır. Nadir şah Gəncə və s. vilayətləri Osmanlı sultanının ixtiyarından çıxarandan sonra Osmanlı sultanı Abdulla paşanı yüz min atlı və piyada qoşun ilə göndərib Nadir şahdan həmən vilayətləri xilas etmək üçün dava etmişlər. Əlhasil, Nadir şah onları məğlub edib, Abdulla paşanı dəxi qətlə yetirmişdir. Bu davada Pənah xan böyük rəşadət göstərmiş. Nadir şah bundan sonra Pənah xanı çox yaxın tutarmış. Bu yaxınlıq sonralar çox müqərrəb şəxslərin həsədinə bais olduğundan Nadir şaha Pənah xandan çox iftiralar düzəldib deyirdilər. Nadir şahın yavaş-yavaş Pənah xana etibarı kəsilir, bunu hiss edən Pənah xan Nadir şahın Xorasandan getməsindən istifadə edib, yığışıb Qarabağa fərar edir.

Başına dəstə toplayıb quldurmanənd dağlarda və meşələrdə yaşayaraq və ətraf Şəki vilayətində Qəbələ mahalında gün keçirərmiş. Nadir şah bu əhvalı bilərkən onun Cavanşirdə olan qövm elini və əqrəbasını və camaatını tamamilə Xorasana sürgün etdirib Pənah xanın özünün tutulmasına və təqib edilməsinə əmr verdi. Sonralar Pənah xanın 15 yaşında oğlu İbrahimxəlil ağa (babasının adını qoymuşdu) Xorasandan qaçıb atasının yanına gəlmişdi. Nəhayət, Nadir şah Xorasanda qətlə yetiriləndən sonra (hicri 1160-cı il) Pənah xan Qarabağda hüzura çıxır və başına cavanlardan böyük qüvvə toplayıb Gəncə və Naxçıvan tərəflərə hücum edib, çalıb-çapıb, götürürlər. Xorasana sürgün edilmiş ilat Nadir şah qətlə yetiriləndən sonra geri qayıdırlar. Bu xəbər Pənah xana çatan kimi İraq və Azərbaycan sərhədlərinədək öz dəstəsi ilə ilatı istiqbal edir. Böyük şadyanalıq ilə Qarabağa varid olurlar. Bu dəfə Pənah xan bu camaatın qüvvətlənməsi üçün çalışıb bunları bir növ düzəldir. Tez bir zamanda bu yerlərdə böyük hörmət və qüvvəyə malik olur.

Pənah xanın calal və qüdrətini bilən ətraf Şirvan və Şəki hakimləri bunun davamını özləri üçün qorxulu olduğuna qərar verdilər və rəfinə ölçü götürməyə çalışdılar. Pənah xan dəxi öz növbəsində bunlardan özünü müdafiə etmək üçün tədbirlər görməyə başladı. İlk əvvəl bir qala bina etməli idi ki, ətraf xanlar ona hücum edən zaman öz ailə və yaxınlların orada hifz edə bilsin. Hicri 1161 (1747)-ci ildə Bayat qalasını ki, indi Kəbirli mahalındadır, bina edib hasar çəkdirdilər. Əhli- əyallarını buraya topladılar. Şəki və Şirvan xanları dəfələrlə hücum etdilərsə, Pənah xan onları məğlub etdi. Ondan sonra günü-gündən Pənah xan qüvvətlənib böyüdü.

Nadir şahdan sonra İranda Adil şah hakim oldu. Bunun tərəfindən Azərbaycana göndərilən hakim əmirlər Pənah xanın şöhrətini bilib ona ənam göndərirlər. Pənah xan da qəbul edib, onun adamlarına böyük hörmət və ziyafət edir. Əlhasil sərdar Əmiraslanın yazmasına görə Adil şah Pənahəliyə xanlıq fərmanı göndərir. Bu dəfə olur Pənahxan (1747-ci ildə). Qarabağın erməni camaatı yaşayan tərəf o vaxt Xəmseyi-Əramənə adlanaraq, beş məlikə təqsim edilirdi. Bu məliklər erməni məlikləri tərəfindən idarə olunaraq İran şahlarına tabe idilər.

  1. Dizaqmahalı. Məlik Yeqan tərəfindən idarə olurdu. Bu məlik Nadir şaha çox yaxın idi. Əsli Loridən fərar etmişdi.
  2. Vərəndə mahalı. Məlik Şahnəzər. Əsli Göyçə mahalındandır.
  3. Xaçın mahalı. Məlik Həsən Calalyan övladı.
  4. Çiləbörd mahalı. Məlik Allahqulu nəsli tərəfindən idarə olunurdu.
  5. Talış mahalı. Məlik Usub nəsli.

Bu məliklər ilə xüsusən Çiləbörd və Talış mahalı ilə Pənah xanın vuruşmaları olub. Sonralar özünə tabe edir. Pənah xan Qarabağda ikinci bir qala tikdirdi. Bu da Tərnəgüt qalası adlandı. Hansı ki, indi Şah bulağı deyilir. 1165-ci hicridə. Bunun səbəbi o idi ki, Bayat qalası Aran yerdə olduğu üçün yay zamanı yaşamaq çətin idi. Odur ki, dağ səmtinə getməyi məsləhət bildilər. Təzə qalanın yaxşı suyu və badi-səfa yeri var idi. Tez bir zaman Pənah xan bütün Gürcüstan, İran, Naxçıvan, Azərbaycan və hər yerdə şöhrət tapıb hamı qorxudan ona yaxınlıq və dostluq etməyə başladılar. Hara gedirdi, təsərrüf tapırdı.

Azərbaycana Məhəmmədhəsən xan Qacar hakim olmuşdu. Hərçənd son illər ki, hakimlər ilə, xüsusən Əmiraslan xan ilə Pənah xan çox dost idi, lakin bu yeni gəlmiş Məhəmmədhəsən xandan ehtiyat edirdi. Ona görə də mövcud qalaları əgər dava düşərsə, İran qızılbaşlarına cavabverici tərzdə deyildi. Pənah xan və onun yaxınları yeni bir möhkəm qalanın binasına qərar verdilər. Bu qalanın elə bir mərkəzdə olmasını məsləhət gördülər ki, bura həm Aran, həm də dağ camaatına yaxın olsun. Belə bir məkan, indiki Şuşa şəhərinin yerini tapdılar. Təbii bir qaladır ki, hər yandan hündür qayalar, əlçatmaz daşlar idi. Yalnız belə bir yerdə İran qızılbaşlarından müdafiə olunmaq mümkün idi. Şuşa qalası hicri 1168 (1754)-ci ildə bina olunmuşdu. İlk əvvəl bura Pənahabad adlandırılır. Burda pul sikkəsi dəxi vurulur. Eyni zamanda şəhərin yaxınlığında olan Şuşa kəndinin adı ilə Şuşa da adlanır. Pənah xanın üzərinə Azərbaycan hakimi Məhəmmədhəsən xan hücum etməyə başladı. Şuşa qalasını mühasirə etdi. Çox davam etdikdən sonra İranda İraq vilayətində Kərim xan Zəndin cülus etməsini eşidib çoxlu qoşun toplayıb İrana getdi və Qarabağı buraxdı. Bu dava ona müyəssər olmadı. Özü də orada qətlə yetirildi. Pənah xan sonralar Kərim xan Zəndin yanına gedib böyük rütbəyə mənsub oldu. Qarabağda oğlu İbrahimxəlil xan qalmışdı. Bir müddətdən sonra xəstəliyindən öz əcəli ilə Şiraz vilayətində vəfat etdi. Ancaq onun nəşini götürüb Qarabağda, indiki Ağdamda dəfn etdilər.

Nadir şahın qətlindən sonra Pənah xan 12 il Qarabağda xanlıq etmişdi. Pənah xandan sonra İbrahimxəlil xan hökumət edib, o da 1174-cü hicri ilindən 1221-ci hicri ilinə kimi Qarabağda hökumət olubdur. Bunun ən müqərrib adamlarından Qarabağın məşhur şairi Molla Pənah Vaqif olmuşdu.

İbrahim xan çox tədbirlər, xüsusən şəhərə hasar çəkdirmək və Şuşanın 28 kilometrliyində daş yolda olan Əsgəran adlanan möhkəm banları da Şuşanı kənar düşmənlərinin hücumundan xilas etmək üçün çəkdirmişdir.

Onun hökmranlığında Ağa Məhəmməd şah Qacar iki dəfə Şuşa qalasına hücum etmişdir. Birinci dəfə qaçmış, ikinci dəfə Şuşanı təsəllüt etmiş, özü də Şuşada qətlə yetirilmişdir. Ağa Məhəmməd şah hadisələrinin və ondan sonra rus dövlətinin təsəllütünü müfəssəl yazmağa lüzum yoxdur. Zira bu tarix aydındır və hər bir kəsə məlumdur. İbrahim xan dəxi öz atasının yanında Ağdamda indi (imarət) adlanan hasarlı bağda mədfun olmuşdur. Onun və ondan sonra olan nəsillərinin qəbirləri dəxi oradadır (günbəzlərdir). Molla Pənah Vaqifin qəbri isə Şuşa şəhərində Cıdır düzü adlanan yerin aşağısında qoşa günbəzlər ilə hazırda vardır.

Ağdam şəhəri, Qaradağlı

8.V. 1936.