Söhbətül əsmar

Vikimənbə saytından
(Söhbətül Əsmar səhifəsindən istiqamətləndirilmişdir)
Söhbətül Əsmar
Müəllif: Məhəmməd Füzuli
Sister Projects. Həmçinin baxın: Haqqında •


Qəvvasi-bəvahiri-rivayət,
Səyyahi-bəvadiyi-hekayət
Dəryayi-rivayəti üzəndə,
Səhrayi-hekayəti gəzəndə.
Düzmüş bu nizam ilən göhərlər,
Vermiş bu əda ilən xəbərlər.
Kim var idi bir xücəstə sima,
İdrakı təmam, təbi ğərra.
Əşya təkəllümündən arif.
Hər əlsinədən olurdu vaqif.
Bir gün ki, şəhi-sipehri-rabe
Tiğini həməldə qıldı lame,
Təsxiri-həməl qılan zamanda,
Xuni-həməl axıdan zamanda,
Cari olub hər tərəf gəzəndə,
Hər səbzəgəhə güzər edəndə,
Bir tövr ilə dövr edib zəmanə,
Bir özgə fəza yetib cahanə,
Əbvabi-xəyal olundu məftuh,
Əmvati-nəbatə yetdi çün ruh.
Çün nəşvü nəma bulub çəmənlər,
Çak etdi nəbat pirəhənlər,
Mey nəşə ilə əyağ çəkdi,
Lalə cigərinə dağ çəkdi.
Nərgis ki, göz açdı bağə girdi,
Bir baxmağilən özün itirdi.
Kəcgərdən olub bənəfşeyi-zar,
Bir nəşeyi-meylə oldu xummar.
Qönçə yaxasını eylədi çak,
Bülbül baxuban olub fərəhnak;
Bağ içrə açıldı qırmızı gül,
Başladı əninü nalə bülbül.
Əlqissə, fəzalənib çəmənlər,
Xoş, tazə geyindi yasəmənlər.
Seyr etmək üçün o pakdamən,
Tutdu rəhi-bağü tərfi-gülşən.
Bir bağə güzər edən zamanda,
Hər meyvəyə bir nəzər qılanda,
Gördü ki, fəvakehü səmərlər
Öz-özünə iftixar edərlər.
Aluçə edərdi şükri-səttar
Kim:
- Mən kimi xoş cahanda kim var?
Təblərzəyə mən şəfa verirəm,
Təlxiyyi-fəmə səfa verirəm.
Əklimdən olub baş ağrısı dur,
Demiş hükəma bu sözü cümhur.
Ol sözünü axirə yetirdi,
Xişmindən Alu özün itirdi.
Aluçəyə söylədi ki:
- Ey zar!
Fəxr eyləmə, eyləməzmisən ar?
Kim turş, dəxi zəlilsən sən,
Əsmar ara əlilsən sən.
Əklində sənin qamaşı dişlər,
Xoş təblərə rütubət işlər.

İflicə vü küft cümlə azar,

Səni yeyənə olur səzavar.

Ol qadiri-bimisalü həmta,
Aluyə məni qılıb müsəmma,
Çün dürri-qələndəri bəguşəm,
Yüz min tərəfə saçıldı xuşəm.
Gəh səbzəvü, gəh ərğüvani,
Gəh sürxü səfid, zəfərani.

Onun səsini Gilas eşitdi,

Bu zərb ilə ona tənə etdi:

- Key nakəsi dun, utanmadınmı?

Azərm oduna yanmadınmı?

Kənduzini bunca vəsf etdin,

Qurtar sözünü ki, həddən ötdün.

Hər kim səni yesə etməz əhlal,

Gündə gərək ona üç kərə bal.

Ol dəm ki, məni həqq etdi zahir,

Verdi tənimə libasi-faxir,

Rəxtim kimi yoxdu hiç cövhər,
Cismim kimi yoxdu hiç gövhər

Gəh Zöhrəvü gah Müştəriyəm.
Gahi mələkü gəhi pəriyəm.

Sərv ağacı təkdir hər butağım,

Xublar çəkəllər iştiyaqım.

Zərdalu eşitdi, nərə urdu

Kim:
- Gilası görgilən, qudurdu!
Dedi ki:
- Ey əhqəri-zamanə!

Vey zağü kəlağə abu danə!

Nə fəxr ilə özünü ögərsən,

Bu eyb ilə sən nə fəxr edərsən?

Bir qətrə su, bir də üstüxansan,

Hər kim ki, yesə ona ziyansan.

Gər səni qurutsa bağibanlar.

Axir günü çox çəkər ziyanlar.

Ol əsli-binayi-cümlə bünyad,

Zərdalu mənə qoyubdu həm ad.

Gəh səbz oluram zümürrüdasa,

Gahi bədənim olur mütəlla.

Gər məni qurutsa bağibanlar,

İstər məni cümlə karivanlar.

Hər qanda aparsalar əzizəm,
Hər təbxə buraxsalar təmizəm.
Ərik sözün Alma guş qıldı,

Acıqlanıban xüruş qıldı:

- Key qarnı vərəmli, sinəsi çak,

Vey caməsi tozlu, ləzzəti xak!

Xasiyyətini ki, sən bilirsən,

Kənduzinə rişxənd edirsən.

Hər kim səni yedi qarnı şişdi,

Dəryayi-bəla içinə düşdü.

Ənvai-bəlavü dərdü sövda.
Səni yeyənə olur mühəyya,
Ol qadirü həyyü fərdü fəttah,

Adımı mənim qoyubdu Tüffah.

Həm çöhrəmə verdi sürx rəngi,

Həm əynimə ətlasi-firəngi.

İki yarın arasında məhrəm

Yox mən kimi dəhrdə müqəddəm.

Həm peyki-nigari-nazəninəm,

Həm qasidi-yari-məhcəbinəm.

Təbliği-risalətimdə söz yox,

Təfhimi-bəlağətimdə söz çox.

Xəlvətgəhi-yarə əhli-sirrəm,

Məşuqinə aşiqi yetirrəm.

Bir bəzmdə gər ola müyəssər,
Təcmii-fəvagehü səmərlər,
Mən həm gər o bəzmdə bulunsam,

Əsmar içində hazır olsam,

Cümlə məni intixab edəllər,

Həm qeyrdən ictinab edəllər.

Alma edər idi yüz təfaxür,

Əmrud özüni qıldı zahir.

Səsləndi ki:

- Ey fəsadi-dövran!

Vey müfsideyi-misali-şeytan!

Gər qabili-iftixar olubsan?

Alma adını neçün qoyubsan?

Gər yaxşı olardın al deyərdin,

Alma neçün adını qoyardın?

Ol həzrəti-layəzali-məbud,

Ad qoydu mənə lətifə Əmrud.

Verdi mənə yaxşı xasiyyətlər,
Həm əklimə çox-çox afiyətlər.

Hər xəstəyə mən şəfa verirəm,

Hər cərgəyə mən səfa verirəm.

Əmrud edərdi vəsf halın,

Bilməzdi öz işinin məalın,

Nagah səsini eşitdi Əngur,

Qeyzə gəlib oldu məstü məsrur:

- Key rəngi saralmış illətindən!

Başı yekə zəfi-qüvvətindən.

Öz başına sən təbib oldun,

Bimarlara nəsib oldun,

Kənduzinə vardır ehtiyacın,

Eylərmisən özgələr ilacın?

Dəxi kəl əgər təbib olurdı,

Əvvəl başına dəva qılırdı,

Əvvəl varıb özünə dəva ver,

Ondan sonra xəstəyə şəfa ver.

Ol caili-zülmətin ilən nur,

Ad qoydu məni-hərifə Əngur.

Verdi mənə dürlü xasiyyətlər,

Lütf etdi mənə çox afiyətlər.

Mən səbzəvü kişmişü məvizəm.

Əsmar içində çox ləzizəm.

Məndəndi şərabi-ərğüvani,

Məndəndi sürurü şadimani.

Mən saqiyi-məclisi-vəfayəm,

Ziynətdehi-məhfili-səfayəm.
Turşu ilə həmnişin mənəm, mən!
Həlva ilə həmqərin mənəm, mən!
Heyva eşidib bu gövtüguyi,
Qeyzə gəlibən saraldı ruyi,
Əngurə dedi ki:

- Yum dəhanın!

Danışma ki, lal ola zəbanın!

Şüğlün qəmü möhnətü ələmdir,

Mədhin özünə tamam zəmdir.

Bir kəslə ki, ittihad qılsan,

Bir cam mey ilə şad qılsan,

Ol şadlığı tamam olur qəm,

Qəm üstünə qəm gəlir dəmadəm,

Əvvəl ki; edər xilafi-əhkam,

Dəxi həm olur cahanda bədnam,

Həm əqli-mürəccəhi olur fəsl,

Həm cəhli-mürəkkəbi olur vəsl.

Gər münim ola gedər tilası,

Vər müflis ola gedər həyası.

Ol cümleyi-müşkili edən həll,

Adımı mənim qoyub Səfərcəl.

Var ləzzətü rəngü dad məndə,

Həm namü ləqəb, xoş ad məndə.

Ətrimlə dolubdu bağü bağça,

Həm mənzilim oldu tağü tağça.

Məni aparırlar hər diyarə,

Həm töhfə verirlər hər diyarə,

Kənduzini vəsf edərdi heyva,

Narinc eşidibən oldu peyda.

Heyvayə xitab qıldı:

- Key zar!

Danışma ki, səndə yox məgər ar?

Rəngin saralıbdı büğzü kindən,

Yoxdur xəbərin məgər özündən?!

Min tənə edər sənə xəlayiq,

Onlar ki dedin, sənə nə layiq?

Qarnın dolu kirmü büğzü kinə,

Kirmə bədənin olub xəzinə.
Mədhin özünü məzəmmət eylər,
Vəsfin sənə cümlə lənət eylər.
Ol leyli nəhar edən, günü şəb,
Narınca qılıb məni müləqqəb.

Lütf etdi mənə qəbayi-faxir,

Ol don ilə eylərəm təfaxür.

Yüz şükr edərəm mən ol xudayə,

Yüz fəxr tənimdəki qəbayə.

Bir don mənə lütf eyləyibdir

Kim, qeyriyə dəxi verməyibdir.

Şəklimi dəxi edibdi püstan,

Püstanı sevəllə cümlə mərdan.

Yüz fəxr ilə söylər idi Narınc,

Nagah səsini eşitdi Turunc,

Göftarə gəlib dedi ki:

- Ey dun!

Fəxr etmə qəbayə kim, nədir don?

Gər eşşəyə məhmil etsələr cül,

Ol cüli münəqqəş ola gül-gül,

Eşşəkdə zəval həm kəm olmaz,

Minbəd o eşşək adəm olmaz.

Ol qaziyi-həşrü nəşrü miad,

Turunc mənə qoyubdular ad.

Mən əfşureyi-təami-şahəm,

Yemişlər içində padişəhəm.

Sərdəftəri-meyvəcati-bağəm,

Əsmar içində çün çirağəm,

Hər nə ki, desəm ziyadəyəm mən

Kim, daima səbzü tazəyəm mən.

Bu sözləri Nar edib təfəhhüm,

Ağzın açıb eylədi təbəssüm.

Kim, rənginə fəxr edirdi Narınc.

Həm özünü vəsf edərdi Turunc;

Dedi ki:

- Nədir bu göftgulər,

Bifaidə batil arizulər!

Gər rəng ilə olsa işvəvü naz,

Rəng içrə şükufəm oldu mümtaz.

Var kimsə edərsə sui-təhsin,

Var məndə zülali-turşü şirin.

Kənduzimi mədh etməzəm mən,

Öz halimi şərh etməzəm mən

Kim, meyveyi-rövzeyi-cinanəm,

Namü ləqəb ilə mən Rümanəm.

Dünya səməri mənə nə nisbət,

Kim, məxəzim ola baği-cənnət.

Narincü Turunc çakərimdir,

Heyva ilə Sib nokərimdir,

Hər danəm olubdu ləli-ğəltan,

Hər cövhər ona olubdu heyran.

Nar öz sifətini vəsf etdi,

Bağ içrə səsin Rütəb eşitdi,

Xişm ilə o dəm ayağə durdu,

Qəhr ilə Ənarə nərə urdu:
- Key baği-bəhiştdən uran dəm,
Səndən degiləm o vəsfdə kəm.

Mən qabili-əkli-ənbiyayəm,

İftari-cəmii-ətqiyayəm.

Məşhur əcəmdəvü ərəbdə,

Məruf həm əsldə nəsəbdə.

Məkul tamami-xasü aməm,

Səyyahi-biladi-Misrü Şaməm.

Əzbəs ki, mənəm həbibi-əhbab,

Bu vəch ilə mənə çoxdur əlqab.

Xəstəviyü zahidi, müfəttəl,

Həm əşəmiyü dəxi müfərcəl.

Xoş büqələr içrə hazirəm mən,

Məşhədlərə çün mücavirəm mən.

Sürtəllə məni məzari-yarə,
Töhfə aparırlar hər diyarə.
Vəsfini Rütəb çün etdi itmam,
Yüz xişmlə nərə urdu Badam,
Xurmaya dedi ki:

- Ey cahangərd!

Zəmmində sənin bəsindi bu fərd:

Gəh Bağdadisən, gəh İsfəhani,

Hərcayiliyin tutub cahani.

Vəsf eyləməgində həddən ötdün,

Danışma ki, sən məni əritdin.

Çox dürlücə xasiyyət mənim var,

Şərh etməyə özüm eylərəm ar.
Kim, abi-nəbatü nüqlü həlva
Olur məni-zardən mühəyya.
Püstə ki, eşitdi ağzın açdı,

Badamə bu növ ilən sataşdı:

- Key bağlı dəhani xissətindən,

Puşidə üzü ləamətindən!

Bir zərrə sənin səxavətin yox,

Bihəddü ədəd xəsasətin çox.

Min daş yetişməyincə canə,

Qənnadiyə verməsən ki, danə.

Xəllaqi-cahan zülmətü nur

Püstə mənim adımı qoyubdur.
Qönçə kimi ağzım açmışam mən.
Hər talibə danə saçmışam mən.
Bir yandan eşitdi Xoxü Fıstıq,

Həm Süncüdü Şahpalüdü Fındıq.

İnnab ilə Tut, Alubalu,

İncirü Zöğalü Cövz, Limu,

Hər biri bir afəti-zəmanə,

Hər biri sölərdi bir fəsanə;

Şaftalu deyərdi:

- Padişahəm,

Fıstıq ki:

- Əncüm içrə mahəm,

Həm Cövz deyərdi:
- Xosrovəm mən.
Fındıq deyərdi:
- Sərvərəm mən.
Limu ki:
- Mənəm bu bağə mahmud.
- Şahəm ki, deyərdi Şahpalud.

Həm Cövz deyərdi:

- Pəhlivanəm,

Əncir ki:

- Şöhreyi-cahanəm.

...Həm vəsf edib özün Gilənar,

Tut oldu ki, bağə tuti-göftar,

Qıldı nəzər ol xücəstə sima,

Gördü ki, olub bu bağda qovğa.

Gəlmişdi ki, eyləyə səyahət,

Ləzzət aparıb qıla fərağət.

Gördü ki, bağ içrə yoxdu ləzzət,

Fəsx eylədi, əzmin etdi ricət.

Düşdü yola həm gözətdi xanə,

Nagəh yolu düşdü bustanə.
Bir növ ilə gördü bustani,
Az qaldı ki, tərk edə cahani.
Eylərdi Xiyar şükri-xaliq
Kim:
- Qıldı məni cahanda haziq,

Əklimdə olur məriz dilsərd,

Vəsfimdə mənim bəsimdi bu fərd:

Mən dafei-dərdi-möhriqatəm.

Mərhəmnəhi-sədri-mütbiqatəm.

Gərmək ki, eşitdi bu məqali,

San kim, mütəğəyyir oldu hali,

Üz tutdu Xiyarə:
- Key cəfakar!
Bu vəsf sənə degil səzavar.
Yoxdu ləzətin həmin bir adın,
Camuş ətinə dönübdü dadın,
Ol mədhlərin sənə nə layiq?
Ol vəsflərə mənəm müvafiq.
Mən xəstələrə şəfa verirəm,
Həm qəlblərə səfa verirəm,
Var əmzicə ilə etidalim,
Hər təb ilə mötədildi halim.
Gərmək sölər idi yüz fəsanə,
Bu yandan eşitdi Hindivanə.
Bir nərə çəkib, xüruş qıldı.
Dərya kimi daşdı, cuş qıldı.
Dedi ki:
- Məgər bu xasiyyətlər
Mən möhtərəmə degil müyəssər?
Mən sinələrə şəfa verirəm,
Mən didələrə cila verirəm;
Səfravü hərarətə dəvayəm,
Baş ağrısına əcəb şəfayəm.
Xoş təm ləziz, rəngim əhmər,
Suyum dəxi çün zülali-Kövsər.
Bimarlərə dəva mənəm, mən,
Həm xəstələrə şəfa mənəm, mən.
Övsafın edərdi Hindivanə,
Qavun eşidib çəkib zəbanə,
Vermişdi çü Qarpıza vəzarət,
Həm Gərməyə mənsəbi-vəkalət,
Etmişdi Xiyari çün mülazim,
Şəmmaməni həm özünə xadim.
Bostançıya əmr qıldı Qavun,
Verdirdi cəzasını bularun.
Soydurdu dərisini Xiyarın,
Aldırdı əlindən ixtiyarın.
Həm Gərməyə urdu neçə yarə,
Cismini elətdi parə-parə.
Qarpızı o dəmdə şaqqalatdı,
Şəmmaməni bir kənarə atdı.
Dedi ki:
- Mənəm sizin pənahız,
Bu busitan içrə padişahız!
Şəh məclisinə müsəddərəm mən,
Əsmar içində sərvərəm mən.
Hər kim yesə məni, qılsa rehlət,
Yetər ona rütbeyi-şəhadət.
Ətrim dəxi ətri-mişkə bənzər.
Nə mişk ki, bəlkə ətri-ənbər.
Vermişsə mənə zülali-Kövsər
Saqisi o Kövsərindir Heydər.
Əlqissə ki, bustanda Qavun
Vəsf etdi özünü həddən əfzun.
Qeyz ilə o dəm ayağə durdı,
Öz başını xişm ilə ayırdı.
Bunu görüb ol xücəstə sima.
Bustanə həm etməyib tamaşa,
Bildi ki, bu dövrdə vəfa yox.
Dünyanı sevən çəkər cəfa çox.
Pəs etdi yəqin ol cəfakeş,
Olmaz bu cahanda kimsə dilxoş.
Bildi ki, olub bu deyr fani,
Tərk eylədi ləzzəti-cahani.
Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə etibarı yoxdur.
Eylər birisini sahibi-tac,
Ol birisin eylər ona möhtac.
Leylaya verib izari-gülgün,
Qeys onu görəndə ola məcnun.
Həm Yusifə verdi hüsni-ziba.
Oldu ona mübtəla Züleyxa.
Əzrayə veribdi hüsni-bihəd,
Qılmış ona Vamiqi müqəyyəd.
Bu köhnə evin vəfası yoxdur,
Ənduhü qəmü cəfası çoxdur.