Səndən

Vikimənbə saytından
(Söz səndən səhifəsindən istiqamətləndirilmişdir)
Söz səndən
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Nazlı dilbər, gəl ixtilat eyləyək,
Sazı məndən, simi məndən, söz səndən.
Ərzimizi hansı yana yetirək,
Davat məndən, qələm məndən, yaz səndən.

Dilbər, mayıl oldum sənin oynuna,
Bəslə şamamalar, doldur qoynuna,
İzn olsa qolum salım boynuna,
Öpmək məndən, qucmaq məndən, üz səndən.

Məhəmmədəm, bizim bağa gələsən,
Siyah zülfü dal gərdənə salasan,
Mən ovçuyam, sən bir ceyran balasan,
Çəmən məndən, çiçək məndən, göz səndən.