Səyavuş/Beşinci pərdə

Vikimənbə saytından
Dördüncü pərdə Səyavuş. Beşinci pərdə
Müəllif: Hüseyn Cavid


Dağ ətəyində bir ova… İki-üç çadır qurulmuş, ikindi çağı, bulutlu hava, ətraf qayalıqdır. Çadır önündə Vali, Müşavir və Tosun əskəri qiyafədə olaraq qonuşurlar. Əskərlərdən kimi nevbət bəklər, kimi ətrafı süzərək dolaşır.

V a l i
(kinli adımlarla gəzinir)
Oh, Səyavüş, Səyavüş! Bilməm nə sandın bəni!?
Bir gün didib parçalar dəmir biləklər səni.

M ü ş a v i r
Gərşivəz olmasaydı, hər ikimiz bitmişdik,
Gedər-gəlməz diyarə ziyarətə getmişdik.

V a l i
İnan ki, sağ qaldıqca böylə vatan xaini,
Sönməz Əfrasiyabın alav püskürən kini.

M ü ş a v i r
Diyorlar ki, qorqudan Çinə qaçmış…

T о s u n
Həp yalan.

V a l i
Xayır, о qorqaq deyil.

M ü ş a v i r
Fəqət, xain bir insan.

T о s u n
(ətrafa)
Bütün bu uydurmalar Gərşivəzin hiyləsi!
(Onlara.)
Xain deyil Səyavüş…

M ü ş a v i r
Sus bə, şeytan köləsi!

V a l i
(ətrafdakı əskərlərə)
Haydi, baqın yollara, о sapqın nerdə olsa,
Burdan keçər şübhəsiz, həmən alın ortaya!

M ü ş a v i r
Bulutlara uçsa da qurtuluş yoqdur ona.
(Üç-dörd nəfərlə uzaqlaşır.)

T о s u n
(ətrafa)
Məraqlıdır tilkilər saldırırsa arslana.

Bu sırada göy gurlar, şimşək çaqar.

V a l i
Kişnər də yıldırımlar, qılıc çəkər bulutlar,
Göylər səltənətində qavğamı, şənlikmi var!?

R ü b a b ə
(qıyafətini dəyişdirmiş olduğu halda, tacir qıyafətli pişxidmətlə gəlir. Acı fəryad ilə.)
Ah, aman!

T о s u n
Dur, nə olmuş?

R ü b a b ə
Dəhşət aldı cihanı,
Şaşırmış bir yolçuyuz, yoqdur səfər imkanı.

P i ş х i d m ə t
Biz nerdəyiz? Bu yollar çıqar hanki bir yana?

T о s u n
О yol Çinə, baq bu da Əfrasiyab yurduna.

Boru çalınır, G ə r ş i v ə z bir neçə cəngavərlə gəlir.

R ü b a b ə
Gələn kimdir?

T о s u n
Gərşivəz!
(Arqadaşlarına.)
Hazır olun, səla…m dur!
(Tə’zim için qılıc çəkərlər.)

P i ş х i d m ə t
(təmənna edər, Rübabəyi Gərşivəzə təqdim ilə)
Əfəndim! Qadıncığaz sizi görmək istiyor.

G ə r ş i v ə z
Nerdənsiniz, kimsiniz?

R ü b a b ə
Keykavusdan elçiyiz,
İştə məktubumuz var.

G ə r ş i v ə z
Öyləmi? Хoş gəldiniz.
(Bir tərəfə çəkilib məktubu oqur.)
"Ey könlümün sevinci, çəlik qollu Səyavüş!
Tam fürsətdir, hazır ol, hər tədarük görülmüş.
Sən bir yandan hücum et, Çin xaqanı bir yandan,
Tus ilə Zal oğlu da saldıracaq İrandan.
Alt-üst edin Turanı, orduları əzilsin,
Əfrasiyab hüzura qolları bağlı gəlsin.
İmza: baban Keykavus".
(İblis qəhqəhəsilə.)
Baq, bunu pək bəyəndim.
(Tosuna.)
İkram edin bunlara!

T о s u n
(soyuq)
Buyursunlar, əfəndim!
(Hər ikisini çadıra aparır, ətrafda boru çalınır.)

Ə f r a s i y a b
(Piranla bərabər gəlir)
Bu çadırlar burda niçin qurulmuş?

P i r a n
Yol pək uzaq, bəlli, əskər yorulmuş.

Ə f r a s i y a b
Saqın, fürsət bulub Səyavüş qaçar,
Sonra başımıza fəlakət açar.

G ə r ş i v ə z
Hər tərəfdən iştə tutulmuş yolu,
Yoqdur ona asla qurtuluş yolu.

Ə f r a s i y a b
Hər kim о sapqını əsir edərsə,
Mükafat alacaq hər nə istərsə.

P i r a n
Səyavüşə sapqın demək doğrumu?
(Çin yoluna baqar, heyrətlə.)
О kim, Səyavüşmü? Gerçəkdən omu?

Ə f r a s i y a b
Kəndisi, iştə! Rəzil, ədəbsiz!

G ə r ş i v ə z
Sağ-solunda Bəhram ilə Firəngiz!

Ə f r a s i y a b
Haydi, bir az rahatlansın çadırda,
Xainləri bəklər ən ağır cəza.

P i r a n
Hiç bir zaman,
Zaval yoqdur doğruya.
Gedirlər.

G ə r ş i v ə z
(alaycı gülüşlə, ətrafa)
Er-gec sərab olur о tatlı rö’ya,
Sevin, sevin!.. Əvət, uzaq deyildir,
О, başbuq olacaq, sən də baş vəzir.

Ə f r a s i y a b
Bəncə suçlu deyil о şanlı əskər.

G ə r ş i v ə z
Aldatmasın səni gözəl nəğmələr,
Hələ dağlardakı isyan sönməmiş,
Altay da əzmindən hələ dönməmiş.
Ətraf kəntlər hər gün ona qoşulur,
Gün-gündən ordusu həp qüvvət bulur.
Səyavüşün əli çatsa Altaya,
Salır bizi daha qorqunc qavğaya.
İştə Keykavusun əli var hələ,
İstər Səyavüşlə versin əl-ələ.

Ə f r a s i y a b
Xayır, Səyavüşdə hiç bir hiylə yoq.

G ə r ş i v ə z
(kinayəli)
Sazın tellərində əfsanələr çoq!

Ə f r a s i y a b
Yetər, yetər, artıq usandıq, yetər!

G ə r ş i v ə z
Hər halda ot kökü üstündə bitər.

Ə f r a s i y a b
İnanmam, о xain deyildir, xayır.

G ə r ş i v ə z
(məktubu verir)
İştə oqu! Bu hər sirri anlatır.

Ə f r a s i y a b
(oquyaraq sarsılır)
"… Çəlik qollu Səyavüş
Sən bir yandan hücum et,
 .Hər tədarük görülmüş ...
Çin xaqanı bir yandan,
Tus ilə Zal oğlu da
Saldıracaq İrandan.
Alt-üst edin Turanı,
Orduları əzilsin.
Əfrasiyab hüzura
Qolları bağlı gəlsin!"
Nə dəhşət?!

G ə r ş i v ə z
Nə cəsarət!

Ə f r a s i y a b
Çəkilməz bu xəyanət!
(Tosuna)
Çağır gəlsin, о sapqın cəvab versin.

T о s u n
İtaət!
(Çadıra girər.)

Ə f r a s i y a b
(Gərşivəzə)
Bir az suçlu çıqdımı? Həbsə alınsın həmən,
Bir bəhanə bulub da üz başını cəsəddən.
(Məktubu əlində bürüşdürür.)
İlk görüşdə bən sənin haq sözünə baqmadım,
Səyavüşün bir casus olduğunu çaqmadım.

S ə y a v ü ş ü gətirirlər.

F i r ə n g i z
Ah, sevgili babaciyim!

Ə f r a s i y a b
Yaqlaşma!
(Sərt və kəskin tevr ilə ona və Səyavüşə.)
Sən də, о da düşmansınız tacıma.

F i r ə n g i z
Bizmi?

Ə f r a s i y a b
Əvət, yapdığınız haqsızlıq,
Qanunsuzluq deyildir əfvə layıq.
Gəl, yaqın gəl!

S ə y a v ü ş
Əmriniz?

Ə f r a s i y a b
İştə məktub var sana,
Baban çağırmış səni, yenə əski yurduna.

S ə y a v ü ş
Xayır, istəməm, xayır, İran bir cənnət olsa,
О yurda sanma bir də Səyavüş ayaq basa,
Hind ormanlarındakı qaplanlara qoşulsam,
Himalaya başında qartallara eş olsam,
Nildəki timsahların atılsam qucağına.
Mümkün… Amma tutulmam örümçəklər ağına.
Südabələr bəsləyən uğursuz bir ölkənin
Uğramam hüduduna, bundan əmin ol, əmin!

Ə f r a s i y a b
Öylə isən güclü ordu verəyim sana,
Alt-üst edib İranı saldır Kəyan şahına!

S ə y a v ü ş
Xayır, о alçalsa da bən alçalmaq istəməm,
Aqıtsa da qanımı, bən öc almaq istəməm.

Ə f r a s i y a b
(alaycı gülüşlə)
Aranızda, şübhəsiz, qırılmayan tellər var,
Şu məktubu al oqu, baq gör nələr sayıqlar!?
(Məktubu Səyavüşə verir, Səyavüş gözdən keçirir.)

G ə r ş i v ə z
(Əfrasiyaba yanaşır, kinayə ilə)
Bizim şanlı qəhrəman siyasətdən də anlar,
Həmən cəvab bulur da işin içindən çıqar.

S ə y a v ü ş
(həyəcanlı)
İştə bənim için ölüm fitvası!
Südabənin yeni bir iftirası!

Ə f r a s i y a b
Yazan Südabəmi?

S ə y a v ü ş
Xayır, Keykavus.

G ə r ş i v ə z
Gizli tədbirlərin hiç oldu, əfsus!

S ə y a v ü ş
(sinirli)
Gərşivəz! Sən dəmi dil açdın bana?
Sən dəmi, sən dəmi küsdün vicdana?

Ə f r a s i y a b
Sus, bənim qardaşım təhqir edilməz!
Gərşivəz iftira, dəsisə bilməz.

S ə y a v ü ş
Haqlısınız, əvət, anladım işi,
Sadəlik də abdallığın bir eşi.
(Gərşivəzə.)
Düşün, əgər xain olsaydım, asla,
Silahsız, ordusuz çıqmazdım yola.
Tatlı dillərinə uyub gəldim bən,
Əsirgəmə, hər nə gəlsə əlindən.

Ə f r a s i y a b
Yetər, çoq şımardı, həmən susdurun!
Bağlayın qolunu!

F i r ə n g i z
(babası önündə diz çökərək)
Mərhəmət!

S ə y a v ü ş
(kəndisini yaqalamaq istəyənlərə)
Durun!

F i r ə n g i z
Lütf edin, acıyın, о, xain deyil!

S ə y a v ü ş
Üzülmə, yalvarma!

Ə f r a s i y a b
(qızının qolundan tutub itələr)
Çəkil!

S ə y a v ü ş
Oh, səfil!
Lə’nət о günə ki, sığındım sana,
Nifrət güvəndiyim qanlı xaqana!
Bən atıb da gəldim Kəyan tacını.
(Firəngizi göstərir.)
Şərəf bildim onun izdivacını,
Düşünmədim, babam kimi sənin də,
Əqrəblər yaparmış yuva beynində.
Bu bir suçmu, söylə, yalnız qəhr olan
Ölkələri xilas etdim aclıqdan.
(Vali ilə Müşaviri göstərir)
Haq tanımaz zalımlardan öc aldım,
Bilmədim ki, buna qızarmış dayım.
Əvət bilmədim ki, dumanlı başlar
Haqqı deyil, haqsızlığı alqışlar.
Səncə хoşmu xalqın acı fəryadı?
(Həyəcanla.)
Ah, babam da, sən də məzlum cəlladı!..

Ə f r a s i y a b
Dəf’ edin, görməsin onu gözlərim.

S ə y a v ü ş
Bu siz, bu bən!.. Bitdi artıq sözlərim.
(Səyavüşü əskərlər aparırlar.)

F i r ə n g i z
(babasına)
Ah, səndə mərhəmət, vicdan yoqmudur?
Səyavüş, Səyavüş!.. Aman, getmə, dur!

Gedirlər.

B ə h r a m
İştə boynum, iştə qılıc, xaqanım!
Qurtar onu, sana halaldır qanım.

Ə f r a s i y a b
Xainin cəzası ölümdür ancaq!

P i r a n
Sağın, öylə şanlı bir gəncə qıymaq
Qəlbindən yaralar bütün dünyanı,
Anıldıqca ağlar qoyar Turanı.

D ə l i q a n l ı
(təlaş ilə gəlir)
Dəhşət!.. О kimsəyi saya salmıyor.

Ə f r a s i y a b
Səvavüşmü?

D ə l i q a n l ı
Əvət, təslim olmıyor.

G ə r ş i v ə z
İştə, о dönmüş bir dəli qaplana,
Saldırıyor sağa-sola hər yana.

Coşğun muzika… Çarpışma və gurultu səsi… S ə y a v ü ş sıyırma qılıc gəlir. Önündə qaçan V a l i y ə, M ü ş a v i r ə hücum edər, başqa cəngavərlər onun ətrafını sarar, qılıc-nizə baqırtısı ortalığı çınlatır. Bəhram da silah çəkib Səyavüşə yardım edər.

Ə f r a s i y a b
Acımayın, vurun, həmən susdurun!

S ə y a v ü ş
Al, bu sənin!
(Valiyi yaralar.)

G ə r ş i v ə z
(ətrafdakılara.)
Hücum!

P i r a n
Ah, aman, durun!

G ə r ş i v ə z
Baq böylə!
(Arqadan vurur.)

S ə y a v ü ş
(yıqılır)
Uğursuz, alçaq!

Ə f r a s i y a b
Xainlərin budur cəzası ancaq!

G ə r ş i v ə z
Nihayət qırıldı zəfər şəhpəri!

S ə y a v ü ş
Səndən şərəflidir av köpəkləri!..

Ə f r a s i y a b
Yazıq!.. Keykavusa etmədin imdad!

S ə y a v ü ş
Keykavus bir cəllad, sən də bir cəllad!..
(Susar, qolları yanına düşər.)

Pərdə

SON